Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-873/2021 09.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2014-cü il təvəllüdlü X2 və xx xxxxxxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxxxx 2013cü il tarixdə ailə qurmuşlar. Nikahları xx xxxxxxxx 2013-cü il tarixdə Gədəbəy rayon, Zəhmətkənd kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 17 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan iki uşağı xx xxxx 2014-cü il təvəllüdlü X4 və xx xxxxxxxx 2015ci il təvəllüdlü X3 anadan olmuşdur. Uşaqları azyaşlı olduğundan, ancaq uşaqların qayğısı ilə məşğul olur. Uşaqlar böyüdükcə onların qayğıları da artır. Hazırda azyaşlı uşaqlar onun himayəsində olmaqla anasının evində, Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində yaşayır. Cavabdeh fərdi əməklə məşğul olur. Normal qazanc əldə edir. Lakin nədənsə uşaqlarına baxmaq istəmir. Müxtəlif bəhanələr gətirməklə evdən küsüb gedir. Ailəsində yerli-yersiz söz-söhbətlər yaradır. Qazandığı pulu evə uşaqlarına gətirmir. O bilmir nə etsin, uşaqları necə saxlasın, onların tələbatını necə ödəsin. Azyaşlı uşaqların tələbatını ödəmək onun üçün çox çətindir. Bu səbəbdən də uşaqların maddi tələbatı ödəmək üçün cavabdehə qarşı aliment iddiasını qaldırmaq məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, nikahın pozulmadığını və uzun müddət cavabdehlə ayrı yaşamalarını, bu müddət ərzindən cavabdeh uşaqların saxlanılması üçün heç maddi köməklik göstərməməsini, atasının himayəsində yaşamasını və uşaqlar balaca olduğundan heç bir yerdə işləmədiyini bildirib, iddianın təmin olunmasını, Cavabdeh xx xxxx 2014-cü il təvəllüdlü X2 və xx xxxxxxxx 2015ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 170 manat cəmi 340 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə telegram ünvanlayaraq, iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. xx xxxx 2014-cü il təvəllüdlü X2 və xx xxxxxxxx 2015-ci il təvəllüdlü X3 onun övladlarıdır, onların saxlanması üçün hər ay hər uşaq üçün işləmədiyi və evsiz olduğu üçün hər uşağa 50 manat ödəməyə hazırdır. Əlavə olaraq bildirmişdir ki, hər iki valideynlərin uşağı saxlamağa borcu olduğundan və İddiaçı müəllimə işlədiyindən hər ay hər uşaq üçün 50 manatdan artıq olmamaqla aliment qət edilməsini və yol şəraitini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Məhsəti qəsəbəsi inzibati ərazi dairəsinin xx.xx.2020-ci il tarixli, 139 nömrəli arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində qeydiyyatsız yaşayır. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 836804 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında xx.xx.2013-cü il tarixində Gədəbəy rayon Zəhmətkənd kəndi İƏD nümayəndəliyində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd aparılmış, arvad Yusifova soyadını götürmüşdür. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı, 645453 nömrəli və AZ-İİİ seriyalı, 383838 nömrəli doğum haqqına şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx xxxx 2014-cü ildə X4 və xx xxxxxxxx 2015-ci ildə X3 anadan olmuşlar. Doğum haqqında Şəhadətnamədə uşaqların atası Cavabdeh, anaları isə İddiaçı qeyd edilmişdir. İşin məhkəmə iclasında müəyyən olunmuş faktiki halı bundan ibarətdir ki, iddiaçı Cavabdeh qızı ilə Cavabdeh rəsmi nikaha daxil olmaqla evlənmişlər və onların ailə münasibətlərindən xx xxxx 2014-cü il təvəllüdlü X2 və xx xxxxxxxx 2015-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Tərəflər arasında nikah pozulmamış, lakin uzun müddətdir ayrı yaşayırlar və bu müddət ərzindən birgə nikahdan olan uşaqlar anasının yanındadır. Cavabdeh uşağın saxlanılması üçün maddi köməklik göstərmədiyindən İddiaçı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə məhkəməyə telegram ünvanlayaraq, iddia tələbinin qismən qəbul edərək hər ay hər uşaq üçün 50 manat ödəyə biləcəyini və yol şəraitini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşaqların mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşaqların sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşaqların atalarından ayrı olaraq anaları ilə birlikdə yaşamalarını və uşaqların saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini, tərəflərin gəlirləri barədə sübutun məhkəməyə təqdim edilməməsi nəzərə alınaraq iddia tələbi qismən təmin olunmalı, xx xxxx 2014-cü il təvəllüdlü X2 və xx xxxxxxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, aliment qismində tutulan illik məbləğ 500 manatdan yuxarı olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx xxxxxxxx 2015-ci il təvəllüdlü X1 və xx xxxx 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ataları Cavabdeh hər ay bir uşaq üçün 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulması xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-873/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-873/2021
09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver