Məhkəmə qərarları › İş №2(043)-877/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-877/2021

09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-877/2021 09.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay sabit pul məbləğində 175 (yüz yetmiş beş) manat alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2012-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxx 2013-cii il tarixində qızı X5 dünyaya gəlmişdir. Lakin, sonradan onların şəxsi münasibətləri pozulmuş və nəticədə məhkəmə qaydasında boşanmışlar. Nikahları pozulan zaman qızı onun himayəsinə verilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, boşanan zaman uşağın kimin yanında qalması ilə bağlı aralarında mübahisə olduğu üçün aliment tələb etməmişdir. Lakin, hazırda qızı cavabdehdən alınaraq ona verilmiş və o qızı ilə bir yerdə yaşayır. Buna baxmayaraq, cavabdeh uşağı ilə ümumiyyətlə maraqlanmır, onun saxlanılması üçün ona hər hansı bir köməklik göstərmir. Halbu ki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Cavabdehin uşağın saxlanılmasında ona maddi köməklik göstərmədiyinə görə çox böyük çətinlik çəkir. Ona görə də məcbur olub cavabdehdən alimentin tutulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir İşin məhkəmə baxışı zamanı İddiaçı iddia həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh təklif etdiyi 100 manat aliment məbləği ilə razı olduğunu və iddia həcminin azaldılaraq xx xxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay sabit pul məbləğində 100 (bir yüz) manat aliment tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, Cavabdeh təklif etdiyi məbləği ilə razılaşaraq, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay sabit pul məbləğində 100 (bir yüz) manat alimentin Cavabdeh onun xeyrinə tutulmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı iddia ərizəsi verən zaman uşaqları onun yanında qalmışdır. Hətta 2021-ci ilin fevral ayının 22-nədək övladı onun yanında olmuşdur. Ondan sonra uşağı anasının yanına aparmış, lakin iddiaçı onu övladı ilə əlaqə saxlamasına maneçilik törətməyə başlamışdır. İddiaçı ondan alimentin alınması ilə hədə qorxu gəlmişdir. Bildirmişdir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. O uşaqlarına daimi qayğı ilə yanaşır, onların layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsində, zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının təmin edilməsində bir ata kimi mümkün qədər əlindən gələn hər şeyi edir. İddiaçı tərəfindən verilmiş iddia ərizəsini qismən qəbul etmir. O, iş olduqca fəhləliklə məşğul olmaqla pul qazanır, hal-hazırda bundan başqa heç bir gəliri yoxdur. Maddi imkanı çox aşağıdır. Buna baxmayaraq övladı yanında olanda və anası ilə olanda belə uşağının saxlanılması üçün əlindən gələni edir. Övladı ilə vaxt keçirəndə o müsbət enerji alır. İmkan olduqca övladı Bətül İsmayılovanı gəzdirir, onun tərbiyəsi ilə məşğul olur, uşağının inkişafı üçün maddi cəhətdən köməklik göstərir, onun psixoloji sağlam böyüməsi üçün mənəvi dəstəklik edir. O bir ata olaraq valideyn vəzifə və borcunu səmimi qəlbdən yerinə yetirib, uşağı üçün əlindən gələni edir. Lakin, hal-hazırda maddi imkanı çox aşağıdır. Ona görə iddia ərizəsində göstərilən aliment məbləğini qismən qəbul etməklə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment verməyə imkanı çatır. Göstərilənləri nəzərə alıb, xx.xx.2013-cü il təvəllüdlü X5 adlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin ondan tutulub iddiaçı Şəhla İsmayılovaya verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-129/2020 saylı qətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında xx xxxxxxx 2014-cü il tarixdə 2323 saylı akt qeydi ilə Gəncə “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, tərəflərin birgə evliliyindən doğulmuş xx xxxx 2013-cü il təvəllüdlü X5 atası Cavabdeh alınaraq anası X4 verilməsi, boşanmadan sonra tərəflərin birgə nikahlarında doğulmuş xx xxxx 2013-cü il təvəllüdlü X5 anası X2 yanında saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı, 980137 nömrəli doğum haqqına şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən xx xxxx 2013-cü ildə X5 anadan olmuşdur. Doğum haqqında Şəhadətnamədə uşağın atası Cavabdeh, anası isə X7 qeyd edilmişdir. İşin məhkəmə iclasında müəyyən olunmuş faktiki halı bundan ibarətdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, onların ailə münasibətlərindən xx xxxx 2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-129/2020 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, xx xxxx 2013-cü il təvəllüdlü X5 atası Cavabdeh alınaraq anası X4 verilmiş və boşanmadan sonra tərəflərin birgə nikahlarında doğulmuş xx xxxx 2013-cü il təvəllüdlü X5 anası X2 yanında saxlanılması qət edilmişdir. Uşaq iddiaçı Şəhla Bayramovanın yanında saxlanıldığı üçün aliment tələb etməmişdir. Hazırda tərəflərin faktiki nikah münasibətlərindən doğulmuş bir uşaq atasından ayrı olmaqla anası ilə birlikdə yaşayır. Bundan sonra tərəflər arasında münasibət cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, hal-hazırda maddi imkanı aşağı olmasını bildirərək, iddia ərizəsində göstərilən aliment məbləğini qismən qəbul etməklə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment verməyə imkanı çatdığını bildirmişdir. İddiaçı daha sonra cavabdehin təklif etdiyi 100 manat məbləğində alimentlə razı olduğunu bildirərək məhkəməyə iddia həcminin azaldılması barədə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşağın atasından ayarı olaraq anası ilə birlikdə yaşamasını və uşağın saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini, iddiaçının cavabdehin ödəyə biləcəyi aliment məbləği ilə razılaşması nəzərə alınaraq iddia tələbi təmin olunmalı, xx xxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, aliment qismində tutulan illik məbləğ 500 manatdan yuxarı olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx xxxx 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulması xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar