Məhkəmə qərarları › İş №2(043)-879/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-879/2021

05.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-879/2021 05.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Raqif oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh Raqif oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən uşaqları Fatimə Qasımovanın, Sara Qasımovanın və Məhəmməd Qasımovun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün bütün qazancından və gəlirlərindən hər ay hər uşağa görə sabit pul məbləğində 175 manat alimentin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə teleqram verərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Raqif oğlu ilə xx xxxxxx 2008-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxxx 2009-cu ildə Fatimə, xx xxxxxx 2012-ci ildə Sara və xx xxxxxx 2014-cü ildə Məhəmməd adlı uşaqları andan olmuşdurlar. Cavabdehlə ailə qurandan sonra normal ailə münasibətlərində olmuşdurlar. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən pisləşmişdir, hazırda tamamilə kəsilmişdir. Onlar ayrı-ayrılıqda yaşayırlar. Uşaqlar hazırda onun yanındadırlar. Cavabdeh uşaqların maddi vəziyyəti ilə maraqlanmır və heç bir köməklik göstərmir. Cavabdeh taksi fəaliyyəti ilə məşğul olmaqla yanqaşı aylıq təqaüd alır. Cavabdehin orta aylıq gəliri 1500-2000 manat təşkil edir. Özü isə işsiz olmaqla uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Raqif oğluna məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh Raqif oğlu iddia tələbinə qarşı etiraz edərək Qarabağ müharibəsi veteranı olmaqla 2-ci qrup əlil olduğunu və 630 manat təqaüddən başqa heç bir gəliri olmadığını göstərmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZE 12208039 nömrəli, AZE 12208040 nömrəli və AZE 18265380 nömrəli şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiqlənmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu ildə Fatimə, xx.xx.2012-ci ildə Sara və xx.xx.2014-cü ildə Məhəmməd adlı uşaqları anadan olmuşdur. xx.xx.2021-ci il tarixli, 115 nömrəli arayışdan görünür ki, xx xxxxxxx 2009-cu il təvəllüdlü X5, xx xxxxxx 2012-ci il təvəllüdlü X7 və xx xxxxxx 2014-cü il təvəllüdlü X3 anaları İddiaçı yanında yaşayırlar. 049296 nömrəli vəsiqənin surətindən görünür ki, cavabdeh hərbi xidməti ilə bağlı 2-ci qrup əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Xidməti 25 saylı TSEK-in rəyindən görünür ki, cavabdehin əlillik dərəcəsi 2-ci qrup olmaqla fiziki gərginlik olmadan işləməsi mümkün hesab edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. xx xxxxxx 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsinin Bronda İtaliyaya qarşı işi üzrə qərarında göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyaya dair 7 saylı protokolunun 5-ci maddəsinə əsasən ər-arvad uşaqlari ilə münasıbətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətə mane olmur. Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı mötəbər sübut təqdim edə bilməməsini nəzərə alaraq hesab edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edildiyindən və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşaqlara qayğı göstərmək borcu olduğundan, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, habelə uşaqlara qulluq, onların sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq cavabdehdən hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiqdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, xx xxxxxxx 2009-cu il təvəllüdlü X2, xx xxxxxx 2012-ci il təvəllüdlü X4 və xx xxxxxx 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh Raqif oğlundan xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, hər iki tərəf dövlət rüsumu ödəməkdən azad olunduğundan ödənilməmiş dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Raqif oğlundan xx xxxxxxx 2009-cu ildə anadan olmuş X2, xx xxxxxx 2012-ci ildə anadan olmuş X4 və xx xxxxxx 2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməmiş dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar