Məhkəmə qərarları › İş №2(043)-947/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-947/2022

11.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-947/2022 11.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət birgə ailə münasibətlərindən anadan olmuş 05 oktyabr 2010-cu il təvəllüdlü X3, 24 noyabr 2012-ci il təvəllüdlü X2, 02 iyun 2017-ci il təvəllüdlü X7 və 15 sentyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi, 772 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə 2009-cu ildə faktiki nikaha daxil olmaqla ailə qurmuşlar. Evliliklərindən 05 oktyabr 2010-cu il tarixdə X8, 24 noyabr 2012-ci il tarixdə X5, 02 iyun 2017-ci il tarixdə X10, 15 sentyabr 2019-cu il tarixdə X9 anadan olmuşdur. Belə ki, cavabdeh övladlarının saxlanılması üçün maddi yardım etmir.Özü isə heç bir yerdə işləmir, maddi vəziyyəti ağırdır. Uşaqların saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq, MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ 163207, AZ-İ 215649, AZ-İ 246900, AZ-İ 387108 seriyalı atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş 05.10.2010-cu il təvəllüdlü Aytənin, 24.11.2012-ci il təvəllüdlü Gülüzarın, 02.06.2017-ci il təvəllüdlü Ayazın və 15.09.2019-cu il təvəllüdlü Kərimin ataları hesab edilmişdir. AZ-İİ -569680,AZ-İİİ 028861, AZ-İİİ 889558, AZ-İV 414413 seriyalı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 05.10.2010-cu il tarixdə Aytən, 24.11.2012-ci il tarixdə Gülüzar, 02.06.2017-ci il tarixdə Ayaz və 15.09.2019-cu il tarixdə Kərim adlı uşaqları anadan olmuşdur. 11.02.2022-ci il tarixli, 00052 nömrəli ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 11.02.2022-ci il tarixə saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsinin Bronda İtaliyaya qarşı işi üzrə qərarında göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyaya dair 7 saylı protokolunun 5-ci maddəsinə əsasən ər-arvad uşaqlari ilə münasıbətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətə mane olmur. Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı mötəbər sübut təqdim edə bilməməsini nəzərə alaraq hesab edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edildiyindən və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşaqlara qayğı göstərmək borcu olduğundan, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, habelə uşaqlara qulluq, onların sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq cavabdehdən hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiqdir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 92 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alıb və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 05.10.2010-cu il tarixdə doğulmuş X3, 24.11.2012-ci il tarixdə doğulmuş X1, 02.06.2017-ci il tarixdə doğulmuş X7 və 15.09.2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 02.03.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməmiş 92 (doxsan iki) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar