Məhkəmə qərarları › İş №2(043)-986/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-986/2022

18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-986/2022 18.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və “X2” Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" KB ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Unibank KB ASC ilə onun arasında Gəncə şəhəri 4 saylı Notariat Kontorunda bağlanmış 22 noyabr 2012-ci il tarixli, 013-2mki/12 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 19 avqust 2015-ci il tarixli, 2(043)-3165/2015 saylı qətnaməsinə əsasən iş üzrə cavabdeh "xxxx" X4 Səhmdar Cəmiyyəti ona qarşı kredit borcunun qaytarılması və tələbin ipotekaya yönəldilməsi tələbinə dair iddiası təmin edilməklə Cavabdeh2 22.11.2012-ci il və 26.11.2012-ci il tarixli kredit müqavilələri üzrə cəmi 113969.26 ABŞ dolları pulun tutulması və tutmanın İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi və digər tələbə dair iddiası təmin edilmişdir. Həmin müqavilə onun aldadılması ilə bağlanmış və hazırda cavabdehlərdən olan Cavabdeh2 onu və ailə üzvlərini təhqir edir. Həmin müqavilənin onun aldadılması yolu ilə bağlandığına görə aralarında mübahisə yaranmış və mübahisə olan zaman da artıq aralarında dava-dalaş belə yaranmışdır. Bugünkü gündə oğlu X1 2-ci Qarabağ müharibəsinin döyüşçüsü olmuş, 2-ci qurup əlildir və hazırda evsiz qalmaq təhlükəsindədir. Bu baxımdan onun evi qanusuz və aldatma ilə bağlanmış müqavilə olduğu üçün müqavilə etibarsız hesab edilməlidir. Bağlanmış əqd aldatma ilə bağlandığından həmin əqd etibarsız olduğundan dövlət qeydiyyatı da hesab edir ki, ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, bildirdi ki, Cavabdeh2 onun qardaşıdır. 2012-ci ildə qardaşı ona bankdan kredit götürəcəyini bildirərək kreditin təminatı kimi evini ipotekaya qoymasını xahiş etmiş, ipotekanın 2015-ci ildə başa çatacağını bildirmiş və borcu vaxtında ödəyəcəyinə söz vermişdir. Bundan sonra o, bir dəfə notariusa gedərək müqaviləni və digər sənədləri imzalamışdır. Sonradan ona məlum olmuşdur ki, qardaşı ona dediyindən artıq məbləğdə borc götürmüşdür. 2015-ci ildə ipotekanın vaxtı başa çatsa da qardaşı Arzu borcunu vaxtında qaytarmayıb onu aldatmışdır. Bundan sonra bankın tələbi ilə tutma onun evinə yönəldilmişdir. Qardaşı onun adından məhkəmə işləri aparmış, onun adından şikayətlər etmişdir. Onun bu məhkəmə mübahisələrindən xəbəri olmamışdır. Hazırda qardaşı tərəfindən aldadıldığı üçün ipoteka müqaviləsinin etibarsız hesab edilməsini və ipotekanın ləğv edilməsinixahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, cavabdehlər Cavabdeh2 və "xxxx" KB ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş İddiaçı ilə "xxxx" KB ASC-nin Gəncə filialı arasında bağlanmış 22.11.2012-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə ilə İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, X5 küçəsi, ev 12 ünvanda yerləşən 13 nömrəli mənzil "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 01.02.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı 18 iyun 2005-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. İddiaçı ipoteka müqaviləsinin etibarsızlığını əsas öhdəlik üzrə borclu, qardaşı Cavabdeh2 tərəfindən aldadılması ilə əsaslandırmışdır. İddiaçı qardaşının ona kredit müqaviləsi üzrə borcunu vaxtında ödəyəcəyinə söz verib sonradan isə bu vədinə əməl etməməsini aldatma hesab edir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə əqd bağlanması məqsədilə aldatma dedikdə şəxsin iradəsinə təsir edən və onun iradə ifadəsini zədələməyə yönələn hərəkətlər başa düşülür. İddiaçının aldatma kimi hesab etdiyi hala münasibətdə məhkəmə qeyd edir ki, ipoteka müqaviləsinin bağlanması zamanı mülkiyyətçi könüllü olaraq müəyyən öhdəliyin təminatı üçün əmlakını ipoteka ilə yüklü edir. Bu zaman təbii olaraq mülkiyyətçi gələcəkdə əsas öhdəlik icra edilməzsə tutmanın onun əmlakına yönələcəyi riskini anlayır və qəbul edir. Eyni zamanda öhdəliyin icra edilməsi borclunun vəzifəsi olduğundan öhdəliyin icra ediləcəyi barədə əlavə vəd verilməsi də hər hansı əhəmiyyət kəsb etmir. Həm də belə vədin verilməsi öhdəliyin icra edilməmə riskini də aradan qaldırmır və istisna etmir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının qardaşı tərəfindən ona əsas öhdəliyi vaxtında icra edəcəyi barədə vəd verməsi ipoteka predmetinə tutma yönəldilməsi riskini aradan qaldırmadığından obyektiv olaraq iddiaçı bu riskin mövcudluğunu başa düşmüş və qəbul etmiş hesab edilməlidir. Bu halda isə onun iradə ifadəsinin zədələnməsindən, yəni ipoteka müqaviləsi bağlamaq məqsədilə aldadılmasından söhbət gedə bilməz. Bundan başqa qeyd edilməlidir ki, ipoteka müqaviləsindən fayda götürən tərəf ipoteka saxlayandır. Belə ki, ipoteka saxlayan, yəni hazırkı işdə Unibank KB ASC ipoteka müqaviləsi nəticəsində iddiaçının əmlakına məhdud əşya hüququ əldə etməklə kredit müqaviləsi üzrə Cavabdeh2 qarşı tələb hüququnu təminat altına almışdır. İddiaçının iddia etdiyi, qardaşı tərəfindən aldadılma halından isə bankın heç bir məlumatı olmamışdır. Qanun belə olan halda ümumiyyətlə müqavilənin mübahisələndirilməsini istisna edir (Mülki Məcəllə m.339.3). Məhkəmə qeyd edir ki, qanunvericilikdə mübahisələndirilən əqdlər üzrə müddətlər də müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsini şərh edərək qeyd etmişdir ki, “normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. ...Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur”. Əhəmiyyətsiz əqdlərdən fərqli olaraq mübahisələndirilən əqdlər maraqlı şəxs tərəfindən mübahisələndirilmədikcə etibarlı hesab olunur. Müqavilənin mübahisələndirilməsi isə digər tərəfə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. İradə ifadəsi təkcə məhkəmədə iddia qaldırmaqla deyil, hər hansı digər formada da həyata keçirilə bilər. Bununla yanaşı, iddiaçı izahatında bildirir ki, artıq 2015-ci ildə ona qardaşı Cavabdeh2 öz öhdəliyini icra etmədiyi məlum olmuşdur. Buna baxmayaraq iddiaçı ipoteka müqaviləsinin digər tərəfinə, yəni Unibank KB ASC-yə ipoteka müqaviləsini mübahisələndirməsini bildirməmişdir. Buna görə də məhkəmə həm də Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsinə görə də iddianı əsassız hesab edir. İddiaçı ipotekanın dövlət qeydiyyatının ləğv edilməsini ipoteka müqaviləsinin etibarsız hesab edilməsinin hüquqi nəticəsi kimi tələb etdiyindən və müqavilənin etibarsız olması öz təsdiqini tapmadığından həmin hissədə də tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və “X2” Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar