Məhkəmə qərarları › İş №2(043)-997/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-997/2021

08.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-997/2021 08.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 və Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin tutulması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqının dörddə bir hissəsi qədər hər ay sabit pul məbləğində onun xeyrinə alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə Bakı şəhər 3-saylı Asan Xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsində 4104 nömrə ilə nikahlarını qeyd etdirməklə ailə qurmuşlar. Cavabdehlə birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdeh onunla rəsmi nikahda olmasına baxmayaraq ona hamilə dövründə heç bir maddi köməklik göstərməmişdir. O anasının maddi dəstəyi ilə müalicə olunmuş və sistem altında cərrahi əməliyyat olaraq uşağı dünyaya gətirmişdir. Cavabdeh Bakı şəhər Qaradağ rayonun Lökbatanda yerləşən (052 nömrəli korpus deyilən) 082 saylı h/hissədə- “hərbiçidir və maxe vəzifəsində xidmət edir. ***-**** AZN manat məbləğində əmək haqqı alır. Çünki, uşaq doğulan andan 5 aydır ki, o anasının yanındadır. Anasının maddi dəstəyi ilə baxır. Birgə nikahdan olan uşaqları 5 (beş) aylıq körpədir onun himayəsində yaşayır. Uşaqın əlavə xərcləri var, o işləmir və çatdıra bilmir. Uşağın bahalı yeməkləri var və sair. Göstərilənləri nəzərə alınmasını xahiş etmişdir Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin hər ay İddiaçı Mahiq qızının xeyrinə tutulması və tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3 3 yaşı olana kimi ona qulluq etməsinə görə ananın, yəni İddiaçı saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 150 (bir yüz əlli) manat alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, tərəflər arasında bağlanılmış nikah pozulmamışdır. Cavabdeh “N” saylı hərbi hissədə xidmət göstərir və yüksək əmək haqqı alır. İddiaçı işləmir. Uşaq körpə olduğu üçün əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin hər ay İddiaçı Mahiq qızının xeyrinə tutulması və tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3 3 yaşı olana kimi ona qulluq etməsinə görə ananın, yəni İddiaçı saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 150 (bir yüz əlli) manat alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 izahatında bildirdi ki, iddiaçı ilə İddiaçı arasında olan nikahları pozulmamışdır. Aliment tələbini qismən qəbul edir. Cavabdeh banka borcu var və banka aylıq kredit ödənişləri edir. Odur ki, məhkəmədən alimentin aşağı səviyyədə təyin olunmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş AZ-İl seriyalı, 372231 nömrəli nikah haqqında şəhadətnaməni surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixində 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4104 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş AZ-İV seriyalı 506342 nömrəli doğum haqqında şahadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, birgə nikahdan tərəflərin xx.xx.2020-ci ildə X4 doğulmuşdur. Şəhadətnamədə uşağın atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RİH Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi 6 nömrəli xidmət sahəsinin xx.xx.2021-ci il tarixli, 55 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş X2 Sistemi Məşğulluq haqqında xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Məşğulluq AS-də qeydiyyatda olması barədə məlumat mövcud deyildir. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyi 082 saylı Hərbi Hissə tərəfindən verilmiş 0936 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu Cavabdeh pul təminatı 976 manat 68 qəpik məbləğindədir. Əlavə olaraq il ərzində bir dəfə maddi yardım, məzuniyyətə çıxarkən əlavə pul təminatı və birdəfəlik pul mükafatından ibarətdir. Məhkəmə tərəflərin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin məhkəmə iclasında müəyyən olunmuş faktiki halı bundan ibarətdir ki, İddiaçı ilə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla evlənmişlər və onların ailə münasibətlərindən xx.xx.2020-ci ildə X4 adlı uşaqları anadan olmuşdur. Aralarında olan narazılığa görə tərəflər faktiki olaraq bir yerdə yaşamırlar, lakin aralarında olan nikah pozulmamış, bu müddət ərzində birgə nikahdan olan uşaq anasının yanındadır və uşaq 3 yaşına çatmamışdır. Cavabdeh uşağın saxlanılması üçün maddi köməklik göstərmədiyindən İddiaçı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh uşağın saxlanılmasında iddiaçıya köməklik göstərmədiyindən və iddiaçı özü heç bir yerdə işləmədiyindən iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh hərbi qulluqçudur və sabit aylıq əmək haqqı olmaqla il ərzində əlavə ödənişlər alır. İddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə iddia tələbini qismən qəbul edərək, aliment məbləğinin aşağı səviyyədə təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76.1.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsində aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşaqların sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşağın atasında ayrı olaraq anası ilə birlikdə yaşamasını və uşağın saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini, cavabdeh olan atanın sabit aylıq qazancının və əlavə gəlirlərinin olmasını, iddiaçı ananın heç bir yerdə işləməməsini və uşağın yeddi aylıq olmasını nəzərə alınaraq iddia tələbi qismən təmin olunmalı, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının və gəlirlərinin ¼ (dörddə bir) hissəsi həcmində aliment, həmçinin iddiaçı 3 yaşınadək uşağa tək baxdığı üçün işləmək imkanları məhdud olduğundan birgə nikahdan doğulmuş uşağın 3 yaşına çatanadək İddiaçı üçün 50 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Aliment qismində tutulan illik məbləğ 500 manatdan çox olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh aylıq qazancının və gəlirlərinin 1/4 (dördə bir) hissəsində aliment tutularaq, İddiaçı ödənilsin. Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X3 3 yaşı tamam olanadək İddiaçı üçün 50 (əlli) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. Aliment tutulması xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar