Məhkəmə qərarları › İş №2(043)-998/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-998/2022

18.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-998/2022 18.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən birgə nikahlarından 19.12.2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin aylıq əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin, Aylinin üç yaşına çatanadək saxlanması üçün hər ay 100 manat alimentin və mediasiyaya ödədiyi 50 manat xidmət haqqının onun xeyrinə tutumasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 2017-ci ildə evlənərək nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 19.12.2021-ci il tarixdə Aylin adlı uşaqları anadan olmuşdur. Evləndikləri ilk vaxtlar ailə münasibətləri normal olmuşdur. Daha sonra münasibətləri pisləşmişdir. Hal-hazırda atası evində yaşayır. Keçən müddət ərzində cavabdeh uşağın saxlanılmasında hər hansı bir köməklik etməmişdir. Uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa uşaq körpə olduğu üçün və onun ana südünə ehdiyacı olduğundan özü işləyə bilmir. Hesab edir ki, uşağa 3 yaşınadək qulluğa gjörə cavabdehdən hər ay 100 manat aliment tutularaq ona ödənilməlidir. Çeylfy çfiuf İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İİ 242969 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah 17.12.2017-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2581 nömrə ilə qeydə alınmışdır. AZ-İV 685440 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgə nikahlarından 19.12.2021-ci ildə Aylin adlı uşaqları anadan olmuşdur. 24.02.2022-ci il tarixli, MŞG/1-00292 saylı ilkin mediyasiya sessiyasında prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediyasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulur. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia tələbinin 3 yaşınadək uşağa qulluq edilməsinə görə hər ay 100 manat alimentin iddiaçının xeyrinə tutulması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad maddi cəhətdən birbirinə kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Göründüyü kimi tərəflərin birgə ailə münasibətləri olduqları müddətdə 19.12.2021-ci ildə anadan olmuş azyaşlı uşaqları Aylin körpə olmaqla 3 yaşına çatmamışdır və azyaşlı Aylinə iddiaçı tərəfindən qulluq etməsi onun işləməsini mümkünsüz etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin olunaraq 19.12.2021-ci ildə anadan olmuş azyaşlı Aylinə 3 yaşınadək qulluq edilməsinə görə hər ay 50 manat aliment alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, 19.12.2021-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 09.03.2022-ci ildən başlayaraq Cavabdeh hər ay əmək haqqının və başqa gəlirlərinin 1/4 (dördə bir) hissəsi miqdarında aliment və azyaşlı Aylinin üç yaşına çatanadək qulluğa görə 50 (əlli) manat aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30,0 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mediyasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh mediyasiya xərci olan 50 (əlli) manatın 25 manatı tutularaq İddiaçı ödənilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından 19.12.2021-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 09.03.2022-ci ildən başlayaraq Cavabdeh hər ay əmək haqqının və başqa gəlirlərinin 1/4 (dördə bir) hissəsi miqdarında aliment və azyaşlı Aylinin üç yaşına çatanadək qulluğa görə 50 (əlli) manat aliment tutularaq İddiaçı xeyrinə verilsin. Cavabdeh 50 (əlli) manat mediyasiya xərcinin yarısı 25 manat tutularaq İddiaçı ödənilsin. İş üzrə 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimnetin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar