Məhkəmə qərarları › İş №2(044)-1025/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(044)-1025/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1025/2022 14.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən 0.027 ha torpaq sahəsinə dair bağladıqları alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və əks halda cavabdehdən 15000 (on beş min) manat məbləğində pulun və ödənilmiş 135 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2013-cü ildə fərdi ev tikintisi üçün Göygöl rayonu Üçtəpə kəndi ərazisində torpaq sahəsi almaq niyyəti ilə Göygöl rayon Üçtəpə kənd Bələdiyyəsinin sədri Nadir müəllimə müraciət etmiş və Nadir müəllim ona Cavabdeh adlı şəxsin torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin 0.027 hektarını 3000 manata satılmasını bildirmişdir. Bundan sonra Nadir müəllim mülkiyyətçi Cavabdeh ilə birlikdə torpaq sahəsinin yerinə ona göstərmişlər. Torpaq sahəsinin satışına görə tələb olunan 3000 manat pulu o, Nadir müəllimin yanında torpağın mülkiyyətçisi Cavabdeh vermiş və onlar bərabər Göygöl rayon Notariat Kontoruna getmişlər. Notariat Kontorunda Cavabdeh 30 il müddətinə torpağa dair xx.xx.2013-cü il tarixli AR-İP 250828 saylı etibarnamə ilə ona, “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin İdarələrindən və digər aidiyyəti orqanlardan, Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışa əsasən ona məxsus olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0.6233 ha torpaq sahəsindən 0.027 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa olunan tikililərə dair sənədlərin alınmasını, həmin orqanlarda, notariat, məhkəmə və digər orqanlarda onun nümayəndəsi olmağa, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı və buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamənin mətnindən göründüyü kimi, cavabdeh torpaq sahəsinə dair sərəncam verməyi də ona etibar etmiş və torpağın mülkiyyətə verilməsinə dair çıxarışın surətini də etibarnamə ilə birlikdə ona etibar etmişdir. 2013-cü ildən indiyə kimi cavabdehin ona satdığı torpaq sahəsi onun istifadəsindədir və bu müddət ərzində 0.027 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Lakin evin tam tikintisi başa çatdırılmamışdır. Bu günə kimi tikintiyə 12000 manat məbləğində xərc çəkmişdir və eyni zamanda indiyə kimi torpağın vergisini, qaz, çıq və su pullarının ödənişlərini ödəmişdir. Qeyri-şərtsiz torpaq sahəsindən və tikdiyi evdən sərbəst istifadə edir. Torpaq sahəsini həyat yoldaşının adına keçirmək məqsədi ilə notariusa müraciət etdikdə notarius həmin əməliyyatı keçirmək üçün cavabdehin adına olan çıxarışın əslini tələb etmiş və o, həmin çıxarışın əslini təqdim edə bilmədiyi üçün torpaq sahəsini həyat yoldaşına bağışlaya bilməmişdir. Ona görə də bu barədə cavabdehə müraciət edərək torpağa dair reyestr çıxarışını ona verməsini xahiş etdikdə cavabdeh həmin çıxarışı ona verməkdən oğlunun vasitəsi ilə boyun qaçırmışdır. Cavabdehin oğlundan bunun səbəbini soruşduqda, atası xəstə olduğu üçün çıxarışın əslini verə bilməyəcəklərini bildirmişdir. Odur ki, onların bu davranışı onda şübhə yaratmış. Ona görə də məhkəmə qaydasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia qaldırmışdır. Cavabdehin yaşlı adam olduğu üçün kiminsə təsiri altına düşməsi və bu səbəbdən də torpaq sahəsinin sənədləşdirilməsindən bəhanələr gətirərək boyun qaçırmışdır, lakin etibarnamə hal-hazırda da qüvvədədir. Cavabdeh torpaq sahəsini qaytarmaq fikrinə düşübsə, belə olan halda torpağa görə Nadir müəllimlə birlikdə ödədikləri 3000 (üç min) manat pulu və tikintiyə çəkdiyi 12000 (on iki min) manat məbləğində xərcini ona qaytarmalıdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı 2013-cü ildən hal-hazıradək cavabdehin ona satdığı, hazırda iddiaçının istifadəsində olan torpaq sahəsində, iddiaçı tərəfindən yaşayış evi inşa etdirilmiş, lakin evin tam tikintisi başa çatdırılmamışdır. İddiaçı tərəfindən mübahisəli torpaq sahəsində inşa edilmiş tikiliyə 12000 (yüz iyirmi min) manat məbləğində vəsait xərclənmişdir. Eyni zamanda indiyə kimi mübahisəli torpaq sahəsində iddiaçı tərəfindən torpaq vergisi, qaz, işıq və su sərfiyyatına görə ödənişlər də iddiaçı tərəfindən ödənilmişdir. Odur ki, cavabdehdən 15000 (on beş min) manat məbləğində pulun və ödənilmiş 135 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi X3 cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiq ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2013-cü il tarixli AR-İ 250828 saylı etibarnamədən görünür ki, Cavabdeh tərəfindən Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0.6233 ha torpaq sahəsindən 0.027 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa olunan tikililərə dair X2 30 (otuz) il müddətinə (xx.xx.2043-cü ilədək) etibarnamə verilmişdir. xx.xx.2012-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0.6233 ha torpaq sahəsi Cavabdeh adına qeyd edilmişdir. xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü görünür ki, Cavabdeh Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0.6233 ha torpaq sahəsi verilmişdir. xx.xx.2022-ci il tarixli 33 saylı arayışdan görünür ki, Nəcəfova (Həsənova) İlahə Nazim qızının adına X6 İstismarı İdarəsinin Gəncə Xidmət sahəsi üzrə abonent (abonent kodu **********03070) bazasında Üçtəpə kəndi ünvanında xx.xx.2015-ci il tarixdən bugünədək abonent kimi qeydiyyatdadır və qeyd olunan ünvanda öncədən ödənişli sayğacdan istifadə edilməkdədir, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək öncədən ödənişli sayğaçın kartına ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixdə Siyəzən MDM-nin baş həkimi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən İnsulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla (E 10.7) diaqnozu ilə “Dispanser” qeydiyyatındadır. xx.xx.2022-ci il tarioxli 22 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən Göygöl rayon Üçtəpə kəndi ərazisində sahəsi 20 kv.m olan fərdi yaşayış evi var, 2014-cü ildən evinə su xətti çəkilmişdir və suya heç bir borcu yoxdur. xx.xx.2020-ci il tarixdə Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Nəcəfova (Həsənova) İlahə Nazim qızının nikahları 27 yanvar 2020-ci il tarixdə 11 saylı akt qeydi ilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının mülkiyyətini təşkil edən 15000 (on beş min) manat məbləğində pulu qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuş. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və Cavabdeh 15000 (on beş min) manat və ödənilmiş 135 manat dövlət rüsumu alınaraq, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 241.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat və ödənilmiş 135 manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilsin. Qiyabi qətnamədən cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar