Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1162/2021 02.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC-nə və Gəncə şəhəri 2 saylı Notariat Kontoruna qarşı «razılıq ərizəsinin, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın ipotekadan azad olunması» tələbinə dair mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC-nə və Gəncə şəhəri 2 saylı Notariat Kontoruna qarşı «razılıq ərizəsinin, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın ipotekadan azad olunması» tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək Gəncə şəhəri Nizami rayonu, Qaçaq Nəbi küçəsi, 24 saylı fərdi yaşayış evinin ipotekaya qoyulması barədə 01.05.2014-cü il tarixdə bağlanmış, 7E-07-4499 saylı nömrəli ilə reyestrdə qeyd edilmiş ərizənin etibarsız hesab edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək Gəncə şəhəri Nizami rayonu, Qaçaq Nəbi küçəsi, 24 saylı fərdi yaşayış evinin ipotekaya qoyulması barədə 30.04.2014-cü il tarixli, 800850-011/800850-011/14 nömrəli sonrakı ipoteka müqaviləsinin qismən, yəni ½ hissədə etibarsız hesab edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək Gəncə şəhəri Nizami rayonu, Qaçaq Nəbi küçəsi, 24 saylı fərdi yaşayış evinin ½ hissəsinə payının müəyyən edilməsi və həmin evin ipotekadan azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə nikahlarını 02.07.2008-ci il tarixdə rəsmiləşdirməklə ailə qurmuş, birgə nikah münasibətləri dövründə Gəncə şəhəri Nizami rayonu, Qaçaq Nəbi küçəsi, 24 saylı fərdi yaşayış evini əldə etmiş və sonuncunun adına rəsmiləşdirmişlər. Bundan sonra Cavabdeh1 digər Cavabdeh2 ASC-dən 30.04.2014-cü il tarixdə illik 20 faiz olmaqla 26 ay müddətinə qaytarmaq şərti ilə 55000 manat məbləğdə kredit götürərək birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri Nizami rayonu, Qaçaq Nəbi küçəsi, 24 saylı fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Mənzilin ipotekaya qoyulmasına razılıq vermişdir. Lakin Cavabdeh1 ona cəmi 20000 manat məbləğdə bankdan kredit götürməsini bildirmişdir. Əgər Cavabdeh1 ona 55000 manat məbləğdə kredit götürməsini bildirsə idi, evin ipoteka ilə yüklü edilməsinə razılıq verməzdi. Razılıq ərizəsi əvvəlcədən doldurulmuş və kreditin məbləği barədə orada qeyd olmamışdır. Ərizədə yalnız kreditin tarixi və nömrəsi qeyd olunmuşdur. Üstəlik ərizədə kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməyəcəyi halda onun bir ay ərzində evi boşaltması öhdəlik kimi qeyd olunmuşdur. Bununla bağlı qeyd edir ki, kredit müqaviləsində göstərilən öhdəliklərdən onun xəbəri olmamışdır. Sonradan da Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozduğu üçün Cavabdeh2 ASC məhkəməyə müraciət etmişdir. Bu məsələlərdən xəbəri olmamış, yalnız Hərrac Mərkəzinin bildirişindən sonra bu məsələlərdən xəbəri olmuşdur. Beləliklə, Cavabdeh1 ona yalan məlumatlar verməklə bankdan 20000 manat əvəzinə 55000 manat götürmüşdür. Həmçinin bankdan pulu götürdükdən sonra da ondan gizlətmişdir. Bu səbəblərdən hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı ipoteka müqaviləsi bağlanılan zaman könüllü olaraq yazılı razılıq ərizəsi vermiş və bu zaman kredit müqaviləsinin mövcudluğundan xəbəri olmuşdur. Habelə bank ilə iddiaçı arasında bağlanmış ipoteka müqaviləsinin 2-ci bəndində də kredit müqaviləsində kredit məbləğinin nə qədər olması əksin tapmışdır. Bundan başqa kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün bank tərəfindən məhkəməyə müraciət edilmiş və iddiaçının da həmin məhkəmə proseslərindən xəbəri olmuşdur. Hazırda iddia qaldırılmasında məqsəd ipoteka predmetinə tutmanın müəyyən ləngidilməsi xarakteri daşıyır. Məhkəmədən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı, cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 2 saylı Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməmələrin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Kreditor Cavabdeh2 ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 30.04.2014cü il tarixli, 800850-011/14 saylı kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalana illik 20 faiz olmaqla 36 ay müddətinə 55000 manat məbləğdə kredit verilmişdir. İpotekasaxlayan Cavabdeh2 ASC ilə ipotekaqoyan Cavabdeh1 arasında bağlanmış 30.04.2014-cü il tarixli 800850-011/14 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, 30.04.2014-cü il tarixli, 800850-011/14 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmini məqsədi ilə Gəncə şəhəri Nizami rayonu, Qaçaq Nəbi küçəsi, 24 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, İddiaçı əri ipotekaqoyan Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu, Qaçaq Nəbi küçəsi, 24 saylı fərdi yaşayış evinin ipoteka ilə yüklü etməsinə razılıq vermişdir. AZ İ 891497 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə İddiaçı nikahlarını 02.07.2008-ci il tarixdə rəsmiləşdirmişlər. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor Cavabdeh2 ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 30.04.2014-cü il tarixli, 800850-011/14 saylı kredit müqaviləsi üzrə kreditor tərəfindən borcalana illik 20 faiz olmaqla 36 ay müddətinə 55000 manat məbləğdə kredit verilmiş, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmini məqsədi ilə bank ilə borcalan arasında 30.04.2014cü il tarixli 800850-011/14 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və Gəncə şəhəri Nizami rayonu, Qaçaq Nəbi küçəsi, 24 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Mənzil ipoteka ilə yüklü edilən zaman İddiaçı əri ipotekaqoyan Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu, Qaçaq Nəbi küçəsi, 24 saylı fərdi yaşayış evinin ipoteka ilə yüklü etməsinə notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi vermişdir. Borcalan öhdəliklərini icra etməmiş, kreditor məhkəmə qaydasında pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsini təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə ipoteka müqaviləsinin etibarsız sayılması tələbi üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri əqdin etibarsızlığı ilə bağlı yaranan mübahisədir və bu iddia üzrə mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdlır. İlk növbədə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur İş materiallarından aydın olur ki, Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında bağlanmış 30.04.2014-cü il tarixli, 800850-011/14 saylı kredit müqaviləsi, habelə həmin müqavilə üzrə yaranmış öhdəliklərin icrasının təmini məqsədi ilə bağlanılmış 30.04.2014cü il tarixli 800850-011/14 saylı sonrakı ipoteka müqaviləsi onların könüllü iradə ifadəsində uyğun olaraq qanunvericiliyin tələbləri daxilində qanunauyğun şəkildə tərtib edilmişdir. Hazırda iddiaçı ipoteka müqaviləsinin etibarsızlığını xahiş edir və əsas kimi onun kredit müqaviləsində kredit məbləğinin miqdarından məlumatının olmamasını göstərir. Məhkəmə göstərir ki, müqavilənin etibarsız sayılması tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsidir. Həmin maddədə deyilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə görə də deyilir ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqdin etibarsızlığı barədə irəli sürülmüş dəlillər, həmin əqdin hüquqi təbiəti nəzərə alınmaqla təhlil oluna bilər. Bu baxımdan məhkəmə göstərir ki, əqd kimi ipoteka Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. İpotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verilməklə müəyyənləşdirilir. İpoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. (Həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin 307.1, 307.2, 307.3 və 307.7-ci maddələri). İddiaçının dəlilləri təhlil edilən zaman iddiaçı özünün aldadıldığını bildirdiyi üçün Mülki Məcəllənin 339.2-ci maddəsinə istinad edilməsi düzgün olar. Həmin normada göstərilmişdir ki, Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Məhkəmə göstərir ki, iddiaçı kredit müqaviləsinin 20000 manat məbləğdə olması, buna görə mübahisəli mənzilin ipoetkaya qoyulmasına razı olması barədə dəlillərinə tənqidi yanaşır. Çünki ipoteka predmeti iddiaçı ilə cavabdeh olan əri Cavabdeh1 birgə nikah münasibətləri dövründə əldə edilmiş, onlar həmin evdə birgə yaşamış, aralarında hər hansı narazılıq olmamışdır. Belə olan halda onların etibarlı ailə münasibətlərində olmasına baxmayaraq iddiaçının ərinin götürdüyü kredit məbləğindən məlumatının olmaması ağlabatan deyildir. İddiaçı aldadılması barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun 18.03.2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Qeyd olunanları nəzərə alaraq iş üzrə tədqiq edilmiş sübutlara mülki qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC-nə və Gəncə şəhəri 2 saylı Notariat Kontoruna qarşı «razılıq ərizəsinin, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın ipotekadan azad olunması» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1162/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1162/2021
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver