Məhkəmə qərarları › İş №2(044)-1509/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1509/2021

30.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1509/2021 30.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Rauf oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Rauf oğluna qarşı “alimentin artırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, 19.01.2006-cı il tarixdə anadan olmuş X5 və 30.01.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 16.01.2012-ci il tarixli, 2(044)-149/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Rauf oğlu ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 19.01.2006-cı il tarixdə X6 və 30.01.2010-cu il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16.01.2012-ci il tarixli, 2(044)-149/2012 saylı qətnaməsinə əsasən cavabdehdən hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin müəyyən edilmiş aliment övladlarının təlabatlarını ödəmir. Cavabdeh avtomobil yuma yerində işləməklə ayda 800 manat alır. Odur ki, 19.01.2006-cı il tarixdə anadan olmuş X5 və 30.01.2010-cu il tarixdə anadan olmuş X1 üçün Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 16.01.2012-ci il tarixli, 2(044)-149/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşaq üçün 50 manat olmaqla cəmi 100 manat alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Rauf oğlu iddia tələbini qəbul etmədiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16.01.2012-ci il tarixli, 2(044)-149/2012 saylı qətnaməsinin surətindən görünür ki, 19.01.2006-cı il tarixdə anadan olmuş X5 və 30.01.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Rauf oğlundan hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından 19.01.2006-cı il tarixdə X6 və 30.01.2010-cu il tarixdə X3 adlı uşaqları anadan olmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34.4-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. Bundan başqa, 2012-ci ildən alimentlə bağlı məhkəmə qətnaməsi qəbul edildikdən sonra minimum istehlak səbəti də artmış, uşaqlar 9 yaş da böyüyərək onların təlabatlarının da artması qaçılmaz olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16.01.2012-cu il tarixli, 2(044)-149/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində müəyyən edilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci hissəsində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə araşdırması zamanı alimentin məbləğinin hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat məbləğində artırılmasına dair hüquqi əsaslar müəyyən edilməmişdir. Belə ki, iddiaçı bununla bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16.01.2012-ci il tarixli, 2(044)-149/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməmildir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı alimentə görə dövlət rüsumunu ödəməkdən azad edildiyinə, alimentin artırılmış məbləğinin 1 illik məcmusu 500 manatdan çox olduğuna və iddia tələbi qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Alimentin artırılmış məbləğinin hansı tarixdən tutulması məsələsi ilə bağlı məhkəmə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il qərarının 5-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə hesab edir ki, alimentin dəyişdirilmiş miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. 19.01.2006-cı il tarixdə anadan olmuş X5 və 30.01.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Rauf oğlundan tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində müəyyən edilsin. 19.01.2006-cı il tarixdə anadan olmuş X5 və 30.01.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment Cavabdeh Rauf oğlundan tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Rauf oğlundan 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Alimentin dəyişdirilmiş miqdarı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar