Məhkəmə qərarları › İş №2(044)-1545/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1545/2020

05.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1545/2020 05.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla ayda cəmi 400 manat alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia həcminin artırılması barədə ərizəsini məhkəməyə təqdim edərək xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla ayda cəmi 400 manat alimentin, xx.xx.2010-cu il təvəllüdlü X2 müayinə və müalicəsi üçün alimentdən əlavə hər ay 200 manat məbləğində pul tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, o, cavabdehlə 2010-cu ilin yanvar ayında rəsmi nikaha daxil olmuş, birgə nikahdan onların xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Cavabdehlə 2020-ci ilin fevral ayından faktiki ayrı yaşayırlar, o və uşaqları onun anasının yanında qalırlar. Onun anası təqaüdçüdür. Oğlu Vaqifin səhhətində yaranmış problemlə əlaqədar daima müayinə və müalicəyə ehtiyacı var, o, oğlunu mütəmadi olaraq inkişaf və reablitasiya mərkəzlərinə aparır. Cavabdeh uşaqların saxlanması üçün heç bir maddi yardım etməmişdir. Onun anasının təqaüdü ilə uşaqlara baxmaq mümkün deyildir. Ona görə də o, məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi iddianı qismən qəbul edərək bildirmişdir ki, cavabdehin hər ay hər uşağa 110-120 manat aliment ödəməyə imkanı çatır. X2 müalicəsi dövlət hesabına olmalıdır, buna görə də cavabdeh əlavə xərcin ödənilməsini qəbul etmir. Sonda cavabdehin nümayəndəsi iddianın qismən təmin olunmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2018-ci il tarixdə Bərdə rayon Qeydiyyat şöbəsində 36 № ilə rəsmi nikaha daxil olmuşlar. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X4 adı uşağı Gəncə şəhərində doğulmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X5 adı uşağı Rusiya Federasiyası, Omsk vilayəti, Omsk şəhərində doğulmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur. - Gəncə şəhər Səhiyyə İdarəsi 3 nömrəli uşaq poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X4 hər 2 tərəf üçüncü ağır eşitmə, nitqi və psixi inkişafdan geri qalma diaqnozu ilə qeydiyyata alınmışdır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı iddia ərizəsində yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat məbləğində aliment tutulmasını xahiş etsə də, sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Buna görə də məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafelərini, onların normal, yəni qida rassionuna uyğun şəkildə qidalanmaqlarını, fiziki cəhətdən inkişaflarını, təhsilləri ilə bağlı xərcləri nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün sabit pul məbləğində tutulmalı olan alimentin məbləği hər ay hər uşaq üçün 150 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentə aid hissədə dərhal icraya yönəldilməlidir. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İddiaçı uşağın müalicə xərclərinin qarşılanması üçün 200 manat məbləğində pulun ödənilməsini xahiş etsə də, xərclərin 200 manat təşkil etməsini tam təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Lakin məhkəmə uşağın xəstəliyi ilə bağlı iddiaçı tərəfindən təqdim olunmuş sənədləri, həqiqətən də bu xəstəliyin müalicəsi ilə bağlı vəsaitin tələb olunduğunu və müalicənin davam etdiyini nəzərə alaraq hesab edir ki, Vaqif Şərəfxanlı sağalanadək onun müalicəsi ilə bağlı xərclərin məbləği 50 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləninin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşa çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment və X2 müalicəsi üçün sağalanadək hər ay 50 manat əlavə xərc Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 22 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulmasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. xx.xx.2010-cu il təvəllüdlü X2 müalicəsi üçün sağalanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 50 (əlli) manat məbləğində əlavə xərc tutulsun. İddia qalan hissədə rədd edilsin. 22 (iyirmi iki) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X9 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar