Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-165/2021 19.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı–İddiaçı, Cavabdeh–Cavabdeh vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pəncərələrin bağlanması, dəymiş maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pəncərələrin bağlanması, dəymiş maddi və mənəvi ziyan” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun məhləsinə açılmış pəncərələrin bağlanmasını və ona dəyən maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı Qüdrət oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Bakıxanov küçəsi, 3-cü döngə 13 nömrəli evdə yaşayan qonşusu Cavabdeh onun evinin həyətinə doğru 5 pəncərə açmışdır. O və ailəsi evin həyətində sərbəst gəzə bilmirlər.Dəfələrlə pəncərənin bağlanmasını tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır.Cavabdeh həmin pəncərədən atdığı siçan dərmanı vasitəsilə onun toyuq və hind quşlarını məhv eləmişdi.Bu barədə pəncərənin bağlanmasını tələb etsə də o buna məhəl qoymamışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarında olan 16.03.2021-ci il tarixli, 10/3594 saylı ekspert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə Gəncə şəhəri, Bakıxanov küçəsi, 3-cü döngə 13 saylı mənzilə dair mülki iş materiallarında (texniki pasport, layihə, plan sxem və.s) sənədləri olmadığından pəncərə tikinti norma və qaydalarına uyğun inşa olunubolunmamasını dəqiqliklə müəyyən etmək mümkün deyildir. Tədqiq olunan 13 və 15 saylı ünvanlarda yerləşən tikililərə dair təsdiqlənmiş (texniki pasport, layihə, plan sxem və.s) əlavə sənədər təqdim olunduqdan sonra həmin məsələyə baxıla bilər. Qərardadın birinci sualı üzrə Gəncə şəhəri, Bakıxanov küçəsi, 3-cü dölmə, 15 saylı evin binasında qonşunun mülkiyyətində olan evə doğru açılmış pəncərə İddiaçı mülkiyyət hüququnun həyata keçirilməsinə mane olub-olmaması məsələsi tikinti-texniki ekspertin səlahiyyətlərindən kənar olduğundan qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin iclasında iştirak edən Cavabdeh vəkili X2 iddia tələbinə etiraz edərək iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmasına əsaslanmaqla qiymətləndirərək və mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyət toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsidir. (Mülki Məcəllənin 6-cı maddəsi). İşin hallarından göründüyü kimi iddiaçının tələbi ondan ibarətdir ki, cavabdeh onun həyətinə açılmış pəncərə vasitəsilə onun toyuq və hind quşlarını zəhərləyir. Bu səbəbdən də pəncərələr bağlanmalıdır. Məhkəmə bununla bağlı onu qeyd edir ki, cavabdehin qeyd edilən hərəkətləri sübut edilərsə iddiaçının iddia etdiyi dərmanların pəncərədən, qapıdan və yaxud da digər yerlərdən atılmasının işin həlli üçün əhəmiyyəti yoxdur. Bu kimi hərəkətlər sübut edildiyi halda cavabdehin iddiaçı qarşısında mülki hüquqi məsuliyyəti vardır. Ona görə də ziyan vurulub-vurulmamasından asılı olmayaraq iddiaçı qeyd edilən əsasla pəncərələrin bağlanmasını tələb etməkdə haqlı deyildir. Onun həyətində saxladığı quşların cavabdehin hərəkətləri nəticəsində tələf edilməsinə münasibətdə məhkəmə onu qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər İddiaçı digər əsasla da cavabdehə məxsus pəncərələrin bağlanmasını tələb etmişdir.Məhkəmə hesab edir ki, həmin əsasla da iddia tələbi əsaslı deyildir. Belə ki, ekspert tərəfindən mübahisəli evə baxış keçirilmiş və müəyyən edilmişdir ki, yaşayış evləri biri-birinə bitişik vəziyyətdə olmaqla bir və iki mərtəbəli tikililərdi.İddiaçıya məxsus həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman cavabdehin yaşayış evinə aid ikinci mərtəbə səviyyəsində yerləşən dəhliz tikilisinin yer səviyyəsindən 2,2-2,30 metr hündürlükdə alyumin profeldən çərçivə şəklində pəncərələr quraşdırılmışdır. İş materiallarında olan cavabdehə məxsus evin texniki pasportundan görünür ki, cavabvdehə məxsus yaşayış sahəsi iki mərtəbəli olmaqla ikinci mərtəbədə iddiaçı ilə sərhəd hissədə uzunluğu 6,10 metr açıq eyvan, 6,90 metr isə aynabənd inşa edilmişdir. Texniki pasportda açıq eyvanın daşla hörülmüş arxa divarının açıq olması görünsədə də cavabdeh həmin texniki pasportda göstərilməməsinə baxmayaraq arxa divarın üzərində plastik materialdan pəncərə quraşdırmışdır. Məhkəmə hesab edir ki, həmin hissə qonşu ilə sərhəd hissə olduğundan və texniki pasportda həmin hissədə pəncərələrin olması nəzərdə tutulmadığından qeyd edilən hissədə quraşdırılmış plastik materialdan olan pəncərələr hörülərək bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məhkəmə iddia tələbinin maddi və mənəvi ziyan tələbinə dair hissəsini əsaslı hesab etmir. Belə ki, iddiaçı bununla bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. İddiaçının özünün izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neqanti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından gələ bilər. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun beş manatı onun özünə aid edilməli, beş manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İddia tələbi ekspertiza aparılmış hissə ilə bağlı təmin edildiyindən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pəncərələrin bağlanması, maddi və mənəvi ziyan” tələbinə dair iddia tələbi qismən təmin edilsin. Cavabdeh məxsus Gəncə şəhəri, Bakıxanov küçəsi 3 –cü döngə, 13 nömrəli evin açıq eyvanın arxa divarının üzərində plastik materiallardan quraşdırılmış pəncərələr hörülərək bağlanılsın. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 5 manatı iddiaçının özünə aid edilsin, 5 manatı isə Cavabdeh alınaraq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-165/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-165/2021
19.04.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver