Məhkəmə qərarları › İş №2(044)-1929/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1929/2022

24.06.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1929/2022 24.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə, Bakı Hərrac Mərkəzi MMC-yə, Accesbank QSC-yə, Cavabdeh1nə qarşı “yekun protokolun etibarsız hesab edilməsi və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Hərrac Mərkəzi MMC-nin 12 may 2022-ci il tarixli, № 132/22 saylı yekun protokolunun etibarsız hesab edilməsinə və 12 may 2022-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən ərizədə ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilmələdir. İddiaçı cavabdeh Bakı Hərrac Mərkəzi MMC ilə birlikdə Cavabdeh1 də cavabdeh qismində göstərərək, 12 may 2022-ci il tarixli, № 132/22 saylı yekun protokolunun etibarsız hesab edilməsinə və 12 may 2022-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilənin ləğv edilməsini tələb etsə də, Cavabdeh1 cavabdeh hesab edilə bilməz. Çünki iddia ərizəsinə əlavə edilmiş 12 may 2022-ci il tarixli, № 132/22 saylı yekun protokolun surətindən görünür ki, iddiaçıya məxsus Gəncə şəhəri, Təbriz küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1(2) mərtəbəli, 6 otaqlı, 142.3 kv.m yaşayış, 120.3 kv.m köməkçi sahədən ibarət 82 nömrəli fərdi yaşayış evi Bakı Hərrac Mərkəzi MMC tərəfindən hərraca çıxarılmışdır. Cavabdeh Bakı Hərrac Mərkəzi MMC-nin ünvanı isə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi № 27 ünvanıdır. Digər tərəfdən Cavabdeh1 cavabdeh qismində göstərilsə də, ona qarşı hər hansı bir tələb irəli sürülməmişdir. Digər cavabdeh DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi Gəncə şəhəri, Fərhad Əliyev küçəsində yerləşir və hüquqi şəxsin olduğu yer Gəncə şəhəri Kəpəz rayonu ərazisidir. Cavabdeh qismində göstərilmiş digər cavabdeh Accesbank QSC isə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1, 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə, Bakı Hərrac Mərkəzi MMC-yə, Accesbank QSC-yə, Cavabdeh1nə qarşı “yekun protokolun etibarsız hesab edilməsi və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilənin ləğv edilməsi” tələbi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar