Məhkəmə qərarları › İş №2(044)-1991/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1991/2021

30.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1991/2021 30.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 may 2017-ci il təvəllüdlü X1 və 19 iyul 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat aliment və 19 iyul 2020-ci il təvəllüdlü X2 3 yaşına çatana qədər saxlanılması üçün 100 (yüz) manat pulun Cavabdeh tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 16 sentyabr 2016-cı ildə rəsmi nikahlarını qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından 05 may 2017-ci il təvəllüdlü X3 adlı övladları olmuşdur. Aralarında münasibətləri pozulduğuna görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(044)-289/2019 saylı qətnaməsi ilə aralarında olan Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində bağlanmış 553 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş və 05 may 2017-ci il təvəllüdlü X1 26 oktyabr 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 154 (yüz əlli dörd) manat, uşağın 3 yaşa qədər saxlanması üçün isə 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq Vəliyeva (Atakişiyeva) Aytən Malik qızının xeyrinə ödənilməsi qət edilmişdir. Lakin cavabdehlə 2019-cu ilin sentyabr ayının 22-də barışmışlar və nikahlarını yenidən qeyd etdirmədən bir yerdə qeyri-rəsmi yaşamışlar. Ona görə də İcra İdarəsinə rəsmi ərizə verərək alimentin ödənişini dayandırmışlar. Birgə yaşayışlarından 19 iyul 2020-ci il təvəllüdlü X4 adlı övladları da anadan olmuşdur. Son vaxtlar cavabdehlə aralarında yenidən münasibətləri pozulmuş, birgə yaşamaqları qeyri-mümkün olmuşdur. Ona görə də 26 aprel 2021-ci il tarixdən uşaqlarını da götürüb evdən çıxmışdır. Hal-hazırda kirayədə yaşayır, uşaqlara da baxa bilmir. Ona görə də yenidən aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Dövlət Aqrar Universitetində müəllim işləyir, kifayət qədər də qazanır, yəni alimenti ödəməyə imkanı çatır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. O, Azərbaycan Dövlət Aqrar Universitetində müəllim işləyir və 444 (dörd yüz qırx dörd) manat əmək haqqı alır. Övladları yanında və yaxud anası ilə olanda belə uşaqlarının saxlanılmaları üçün əlindən gələni edir. Uşaqlarının tərbiyəsi ilə məşğul olur, onların inkişafı üçün maddi cəhətdən köməklik göstərir, psixoloji sağlam böyümələri üçün mənəvi dəstək göstərir. Lakin iddia ərizəsində göstərilən 350 manat aliment və uşağın 3 yaşına çatana qədər saxlanılması üçün 100 (bir yüz) manat pulu ödəməyə imkanı çatmır. Hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment ödəməyə imkanı çatır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05.06.2017-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 05 may 2017-ci il tarixdə X3 anadan olmuşdur. İş materiallarında olan 15.08.2020-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 19 iyul 2020-ci il tarixdə X4 anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən verilmiş 21.06.2021-ci il tarixli, 51 saylı arayışdan görünür ki, Cavabdeh 15.09.2016-cı il tarixdən həqiqətən də ADAU-da assistent vəzifəsində işləyir və 444,05 (dörd yüz qırx dörd manat, beş qəpik) manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı iddia ərizəsində yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat məbləğində aliment tutulmasını xahiş etsə də, sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və ya cavabdehin hər hansı əlavə gəlirlərinin və ya əlavə qazancının olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal qida rassionuna uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, təhsili ilə bağlı xərcləri, həmçinin tərəflərin maddi və sosial vəziyyətini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün sabit pul məbləğində tutulmalı olan alimentin məbləği hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən uşağı 19 iyul 2020-ci il təvəllüdlü X2 3 yaşı tamam olana kimi hər ay 100 manat məbləğində əlavə xərcin tutulmasına dair tələbi üzrə hüquqi əsaslar müəyyən edilməmişdir. Belə ki, iddiaçı bununla bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2 maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, alimentin tutulması iddiaçı müraciət etdiyi tarixdən, yəni 02.06.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentə aid hissədə dərhal icraya yönəldilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı alimentə görə dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna görə məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 05 may 2017-ci il tarixdə anadan olmuş X1 və 19 iyul 2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin və alimentin tutulmasının əvvəli 02.06.2021-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar