Məhkəmə qərarları › İş №2(044)-225/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-225/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-225/2022 15.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əmlakın yenidən qiymətləndirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «əmlakın yenidən qiymətləndirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yeni ilkin satış qiymətinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı oğlu məhkəmə iclasında bildirdi ki, Gəncə Apelyasiya Məhkəməsinin 19.06.2020-ci il tarixli 2(104)-18/202 saylı qətnaməsinə əsasən ondan cəmi 73032.84 manat pulun "xxxx" QSC-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan, 120000 manat məbləğində qiymətləndirilmiş, tam mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 120000 manat məbləğində müəyyən edilməsi, həmin mənzilin açıq hərracda satılması, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğin borcun ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin ondan iddiaçının xeyrinə tutulması, yaşayış sahəsinin 1 ay müddətində boşaldılması qət edilmişdir. Sözügedən əmlakın ilkin satış qiyməti iddiaçı ilə onun arasında 05.12.2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinin 3.1-ci maddəsinə əsasən 120000 manat dəyərində müəyyən edilmişdir. Məhkəmə qətnaməsində də mənzilin ilkin satış qiymətinin məhz ipoteka müqaviləsində göstərilən 120000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qətnaməsi 12.08.2021-ci il tarixdə icra olunması üçün Cavabdehnə göndərilmişdir. O, icra idarəsinə əmlakın yenidən qiymətləndirilməsi üçün qiymətləndiricinin dəvət edilməsi barədə vəsatət vermiş, vəsatəti belə əsaslandırmışdır ki, fərdi yaşayış evinin hazırda 2014-cü illə müqayisədə qiyməti qatqat yuxarıdır, bankdan götürdüyü kreditin bir hissəsini evin təmirinə xərcləmişdir. Bu da evin dəyərinin artmasına olan səbəblərdən biridir. Lakin icra idarəsinin ona ünvanladığı 24.09.2021-ci il tarixli məktubunda, ipoteka predmeti olan yaşayış evinin qiymətləndirilməsi onların səlahiyyətləri daxilində olmadığı bildirilmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında iddiaçı ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Gəncə Apelyasiya Məhkəməsinin 10.07.2020-ci il tarixli 2(104)-18/2020 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23.01.2017-ci il tarixli, 2(044)-256/2017 saylı qətnaməsi cavabdeh İddiaçı 7946.03 manat faiz borcunun tutulması hissəsində dəyişdirilsin və həmin məbləğ 6019.83 manat olmaqla, cavabdeh İddiaçı 67013.01 manat əsas borc və 6019.83 manat faiz borcu, cəmi 73032.84 manat pulun tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 16.11.2021-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına qeyd edilmişdir. "xxxx" MMC-nin 23.12.2021-ci il tarixli 127 saylı hesabatından görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin hazırkı dövrə olan qiyməti 220000 (iki yüz iyirmi min) manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə görə, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin öz əmlakının qiymətləndirmək hüququ vardır. Həmin Qanunun 6-cı maddəsinə görə, mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o, cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Həmin Qanunun 7-ci maddəsinə görə, qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə görə, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə Qərarlarının İcrası Haqqında Azərbaycan Respublikası Qanunun 51.1. maddəsinə görə, borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, ”Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici məhkəmə icraçısı tərəfindən dəvət olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, "xxxx" MMC-nin 23.12.2021-ci il tarixli 127 saylı hesabatı əsas götürülməklə iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 220000 (iki yüz iyirmi min) manat məbləğində qiymətləndirməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qiyməti 220000 (iki yüz iyirmi min) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İpoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qiyməti 220000 (iki yüz iyirmi min) manat məbləğində müəyyən edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar