Məhkəmə qərarları › İş №2(044)-2428/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2428/2021

16.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2428/2021 16.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentdən əlavə pulun artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində olan 24.09.2013-cü il təvəllüdlü qızı X1 üçün tutulan 170 manat alimentdən əlavə onun müalicəsi ilə bağlı hər ay 100 manat sabit pul məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı izahat verərək bildirmişdir ki, o, Cavabdeh ilə 2012-ci ildə faktiki olaraq ailə qurmuş, lakin nikahları rəsmləşdirilməmişdir. Onların birgə nikahdan 24.09.2013-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Onun atası şəhiddir, anası İİ qrup əlildir, o, anasının himayəsində yaşayır. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli 2(044)-1065/2021 saylı qətnaməsi ilə Cavabdeh uşağın saxlanması üçün 170 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Uşağın səhhətində ciddi problemlər var, mütamadi müalicə etdirmək lazımdır. Onun aldığı aliment isə uşağın dərmanlarını və müalicə haqqını görmür. Cavabdeh uşağın səhhətinə biganə yanaşır, onun taleyi ilə maraqlanmır, ona alimentdən başqa heç bir əlavə köməklik etmir. 24.09.2013-cü il təvəllüdlü qızı X2 revmatik, qızdırma, revmatik kardit, poliartrit xroniki tonzillit xəstəliklərindən əziyyət çəkir. Onun tam müalicə olunması üçün cavabdehdən alimentdən əlavə hər ay 100 manat sabit pul məbləğində pul tutularaq ona ödənməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - Gəncə şəhəri Nizmai Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli 2(044)- 1065/2021 saylı qətnamənin surətindən görünür ki, İddiaçı iddiası təmin edilmiş, 24.09.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsi və hər ay Cavabdeh 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 24.09.2013-cü təvəllüdlü X3 atası müəyyən edilmişdir. - Gəncə şəhər X6 Sağlamlıq Mərkəzinin 17.06.2021-ci il tarixli arayışından görünür ki, 24.09.2013-cü təvəllüdlü X4 həqiqətən kəskin revmatik qızdırma, rematik kardit poliartrit xroniki tronzillit xəstəliyindən müalicə alır və dispanser qeydiyyatındadır. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin faktiki nikahdan 24.09.2013-cü təvəllüdlü X4 adlı uşaqları vardır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İddiaçı 24.09.2013-cü il təvəllüdlü X3 müalicə xərclərinin qarşılanması üçün 100 manat məbləğində pulun ödənilməsini xahiş etsə də, müalicə xərclərinin 100 manat təşkil etməsini tam təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Lakin məhkəmə uşağın xəstəliyi ilə bağlı iddiaçı tərəfindən təqdim olunmuş sənədləri, həqiqətən də bu xəstəliyin müalicəsi ilə bağlı vəsaitin tələb olunduğunu və müalicənin davam etdiyini nəzərə alaraq hesab edir ki, Səma Qurbanova sağalanadək onun müalicəsi ilə bağlı xərclərin məbləği 50 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləninin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 24.09.2013-cü il təvəllüdlü X3 müalicəsi üçün sağalanadək hər ay 50 manat əlavə xərc Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin (əvvəl təyin edilmiş alimentin məbləği ilə hazırda təyin olunan alimentin məbləği arasında olan fərq nəzərə alınmaqla) məcmusu 500 manatdan çox olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 13 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 24.09.2013-cü il təvəllüdlü X3 müalicəsi üçün, sağalanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 50 (əlli) manat məbləğində əlavə xərc tutulsun. İddia qalan hissədə rədd edilsin. İş üzrə 13 (on üç) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar