Məhkəmə qərarları › İş №2(044)-2450/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2450/2021

28.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2450/2021 28.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər (Məmmədova) Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər (Məmmədova) Cavabdeh1 və Cavabdeh2 hər birindən hər ay 100 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun oğlu və qızıdır. Onun 62 yaşı var, o, ağır “Hepatit C” xəstəsidir, qaraciyəri serrozdur. Onun daim müalicəyə ehtiyacı var, özü ayda cəmi 260 manat pensiya alır, xəstəliyi ilə əlaqədar işləyə bilmir, həmin məbləğlə o, həm qidasını, həmdə dərmanlarını çatırıb ala bilmir, bəzən çörək almağa imkanı olmadığı üçün ac qalır. O, yataqxanada yaşayır, qocalar evinə yazılmaq üçün müraciət etmiş, lakin övladları ərizə ilə müraiət etmədikləri üçün onu götürməmişlər. Cavabdehlər evlidirlər və özəl işlərdə işləyirlər, lakin ona heç bir maddi köməklik göstərmirlər. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1982-ci il təvəllüdlü (Quliyeva) Məmmədova Hicran Tarzan qızının anası İddiaçıdır. - Sağlam Həyat tibbi laborotoriyasının 25.05.2021-ci il tarixli müayinəsinin nəticəsindən görünür ki, İddiaçı HCV (test-kart) müayinəsinin nəticəsi pozitivdir. - ƏƏSMN-in tabeliyində DSMF publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialının 14.07.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı həmin filialdan X1 məlumata əsasən müddətsiz, yaşa görə ayda 259.78 manat əmək pensiyası təyin olunmuş və ödəniş aparılır. Məhkəmə iddiaçını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 82.1 – 82.4-cü maddələrinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək, iddiaçının xəstəliyini, müalicəyə və maddi yardıma ehtiyacı olduğunu, onun və övladlarının maddi və ailə vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xeyrinə cavabdehlər (Məmmədova) Cavabdeh1 və Cavabdeh2 hər birindən hər ay 50 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 29.06.2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icraya yönəldilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Adı çəkilən Qanunun 8.1.2-ci maddəsində isə, məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də məhkəmə aliment alınması haqqında iddianın qiymətinin 500 manatdan çox olmasını və iddianın qismən təmin olunmasını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada 15 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı xeyrinə cavabdehlər (Məmmədova) Cavabdeh1 və Cavabdeh2 hər birindən hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutulsun. Aliment 29.06.2021-ci il tarixdən hesablansın və qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər (Məmmədova) Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar