Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2453/2021 03.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Camal qızına qarşı şərəf və ləyaqəti ləkələyən məlumatın təkzib edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair ilkin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Camal qızının İddiaçı qarşı şərəf və ləyaqəti ləkələyən məlumatın təkzib edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Camal qızı tərəfindən onun barəsində yayılmış şərəfini, ləyaqətini ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunmasını və ona dəyən mənəvi ziyanın əvəzi olaraq 10000 manat pulun cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Camal qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı onların barəsində dediyi şərəf və ləyaqətlərini alçadan məlumatlara görə, onlardan məhkəmədə üzr istəməsi və onlara vurmuş mənəvi ziyana görə hərəsinə 10000 manat olmaqla cəmi 20000 manat pulun İddiaçı alınaraq onlara ödənilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı ilkin iddianı müdafiə, qarşılıqlı iddianı rədd etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh1 onun baldızı, digər Cavabdeh2 isə Xəyalənin qayınanasıdır. Cavabdehlər onu bütün qohum əqraba içində əxlaqsız adlandırıb, onu biyabır etmişlər. İntizar bütün qohumların içində iddia edir ki, guya o, İntizarın nəvəsi ilə əxlaqsızlıq etmişdir. Cavabdeh1 Gəncə şəhərində yerləşən “Xəmsə Park”da sonuncunun atasının, anasının və xalası qızının yanında onu əxlaqsız adlandırmışdır. Sonda iddiaçı ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddiaçının izahatındakı xüsusatları təsdiq edib, ilkin iddianın təmin qarşılıqlı iddiann rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh1 ilkin iddianı rədd, qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı onun mərhum qardaşı X1 arvadı olmuşdur. Onun qardaşı Rəşad İİ Qarabağ müharibəsində şəhid olmuş, onun vəfatının yeddinci günündən sonra, Gülnarənin davranışları dəyişmiş, o, uşaqları ilə azad yaşamaq istədiyini bildirmişdir. Onun anası Gülnarəni nizamlı-intizamlı olmağa, şəhid xanımına yaraşan kimi özünü aparmağa dəvət edəndə sonuncu şəhid anasını nalayiq ifadələrlə təhqir etmiş, Rəşadla birgə nikahdan doğulmuş iki azyaşlı uşaqlarını da götürüb evdən getmişdir. Daha sonra o, Gülnarəni və uşaqları təsadüfən “Xəmsə Park” ticarət mərkəzində görmüş, o, qardaşının yadigarı uşaqlarla görüşmək istədikdə Gülnarə onu nalayiq ifadələrlə təhqir etmişdir. Eyni zamanda Gülnarə iddia etmişdir ki, guya onu İntizarın nəvəsi ilə əxlaqsızlıq etməkdə gunahlandırmış, əslində isə Gülnarə həmin oğlanı onun kartında pul oğurlamaqda şərləmiş, qaynansı İntizar da onun tərbiyəli uşaq olduğunu bildirmişdir. Gülnarə isə qohum, qonşu içində onları biyabır edərək nalayiq söyüşlərlə söymüşdür. Onlar şəhidlərinin ruhuna xətir bu biyabırçılığa dözsələr də, Gülnarənin iddiasından sonra, səbrləri tükənmiş və məhkəməyə qarşılıqlı iddia ilə müraciət etmişlər. Sonda cavabdeh ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında cavabdehin izahatındakı xüsusatlarə təsdiq edib, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 Camal qızı iddianı qəbul etməyərək bildirmişdir ki, Gülnarə onun nəvəsini kartında pul oğurlamaqda şərləmiş, o, da nəvəsinin tərbiyəli uşaq olduğunu bildirmişdir. O, Gülnarənin barəsində hər hansı nalayiq ifadələr işlətməmişdir. Gülnarə onu qonşuların içində nalayiq söyüşlərlə söymüşdür. O, şəhidə görə bu barədə heç yerə şikayət etməmiş, lakin Gülnarə ona şər ataraq məhkəməyə verdiyi üçün o, da sonuncunun hərəkətləri ilə bağlı iddia qaldırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, iddiaçı və Cavabdeh1 onun xalası qızlarıdır. O, Gülnarə ilə birlikə Xəmsə Park ticarət mərkəzində olarkən Xəyalə onlara yaxınlaşıb Gülnarəni nalayiq sözlərlə təhqir etmiş və onlara özlərinə kişi axtarmaq üçün ora getdiklərini demişdir. Bu zaman Gülnarə də Xəyaləyə cavab qaytarmışdır. Sonra onlar həmin yerdən uzaqlaşmışlar. Mülki iş materiallarında olan HK-1/1124 saylı materialın surətindən görünür ki, 06.06.2021-ci il tarixdə İddiaçı DİN 102 xidmətinə zəng edərək Cavabdeh1 onu təhqir etməsi, xalası nəvəsi Aysun Əliyevanı döyməsi barədə məlumat vermişdir. Bundan başqa həmin tarixdə İddiaçı Nizami RPİ-yə ərizə ilə müraciət edərək 06.06.2021-ci il tarixdə saat 20 radələrində Xəmsə Park ticarət mərkəzinin qarşısında baldızı Xəyalənin ona qarşı nalayiq sözlər deyib təhqir etdiyini, lakin xalası nəvəsi Aysunu vurmadığını bildirmişdir. İddiaçı şikayət ərizəsi əsasında toplanmış materiallar araşdırılmış, tərəflərin izahatları alınmış, 12 iyun 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərarda tərəflər arasında sözlə mübahisə olunduğu qeyd edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia rədd edilməlidir. Çünki iddiaçı cavabdehlərin onu, cavabdehlər isə iddiaçının onları təhqir etdiyini, şərəf və ləyaqətini alçaltdığını bildirsələr də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişlər. Belə ki, işin faktiki hallarından tərəflər arasında münaqişə olduğu və sözlə mübahisə olduğu görünsə də, tərəflərdən kimin digər tərəf barəsində konkret olaraq hansı nalayiq, şərəf və ləyaqəti alçaldan ifadələr işlətməsi sübut olunmur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid hadisə zamanı orda olduğunu və Xəyalənin Gülnarəni təhqir etdiyini bildirsə də, onun işin gedişatında marağı olduğu istisna deyil, çünki xalası qızı Gülnarə ilə onun daha yaxın münasibəti vardır. Bundan başqa cavabdeh etiraz etməsə də, Şahid tərəflər arasında mübahisə zamanı orada olması şübhəlidir. Çünki İddiaçı polisə müraciət edərkən yanında xalası nəvəsi Aysu Əliyevanın olduğunu qeyd etmiş, lakin Şahid olduğunu bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar, cavabdeh tərəfindən iddiaçının və ya iddiaçı tərəfindən cavabdehin hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, tərəflərin bir-birlərinə qarşı şərəf və ləyaqəti alçaldan sözlər deyərək təhqir etməsi kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, tərəflər iddia tələblərini sübut edə bilmədiklərindən hər iki iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hər iki iddia rədd edildiyin hər bir tərəfin ödədiyi 30 manat dövlət rüsumu onların özləriə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Camal qızına qarşı şərəf və ləyaqəti ləkələyən məlumatın təkzib edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair ilkin iddiası təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Camal qızının İddiaçı qarşı şərəf və ləyaqəti ləkələyən məlumatın təkzib edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Camal qızının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2453/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2453/2021
03.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver