Məhkəmə qərarları › İş №2(044)-251/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-251/2022

12.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-251/2022 12.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar Rəhman qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.09.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin, onun Mediasiya Şurasına müraciət etdiyi və eyni zamanda cavabdehə Mediasiya Prosesinin tətbiqi barədə təklifi göndərdiyi 06.09.2021-ci il tarixdən başlayaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh iə 05.07.2016-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onların birgə nikahlarından 24.09.2020-ci il tarixdə X3 adlı bir uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün birgə yaşamaları mümkün olmamış, faktiki olaraq ayrılmışlar, uşaq onun himayəsindədir və cavabdeh uşağın saxlanmasında könüllü olaraq maddi yardım göstərməmişdir. Cavabdeh "xxxx" ASC-də işləyir, maddi imkanı yaxşıdır və odur ki, alimenti cavabdehin əmək haqqından tutulmasını istəyir. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh "xxxx" ASC-də işləyir aylıq əmək haqqı 1000 manatdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 05.07.2016-cı il tarixdə Gəncə “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Cəfərova (Məhərrəmova) Sevil Aydın qızının nikahları 05.07.2016-cı il tarixdə 1435 saylı akt qeydi ilə bağlanmışdır. 31.08.2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 24 sentyabr 2020-ci il tarixdə X3 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanamsı üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və başqa gəlirlərin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin normalara istinadən məhkəmə irəli sürülən iddia tələbinin bir uşaq üçün alimentin miqdarının cavabdehin aylıq qazancının 1/4 hissədə müəyyən edilməsinə əsas verən halların, məsələn, cavabdehin işləməsinin, aylıq qazancının və digər gəlirlərinin iddia tələbini ödəyəcək məbləğdə olmasını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmasını təsdiq edən sübutların iddiaçı tərəfindən təqdim edilməsini, həmçinin uşağın minimum yaşayış tələbatının təmin olunmasının, eləcə də uşağın saxlanması üçün vəsaitin ödənilmə qaydasına dair tərəflər arasında şifahi razılığın əldə edilmədiyinin zəruriliyini nəzərə alır və uşaq iddiaçının öhdəsində olduğundan məhkəmə uşağın saxlanması üçün alimentin cavabdehin aylıq qazancının və digər gəlirlərinin 1/4 hissəsində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, yuxarıda qeyd olunan normalara istinadən məhkəmə irəli sürülən iddia tələbinin dəstəklənməsinə əsas verən halların, məsələn, cavabdehin aylıq qazancının və digər gəlirlərinin iddia tələbini ödəyəcək məbləğdə olmasını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmasını təsdiq edən sübutların iddiaçı tərəfindən təqdim edilməsini, həmçinin uşağın minimum yaşayış tələbatının təmin olunmasının zəruriliyini nəzərə alır. Məhkəmə hesab edir ki, 24 sentyabr 2020-ci il tarixdə anadan olmuş X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək və uşağa qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə iddia tələbinin, onun Mediasiya Şurasına müraciət etdiyi və eyni zamanda cavabdehə Mediasiya Prosesinin tətbiqi barədə təklifi göndərdiyi 06.09.2021-ci il tarixdən başlayaraq onun xeyrinə tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin həmin hissədə təmin olunması istisnadır. Məhkəmə hesab edir ki, 24 sentyabr 2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 25.10.2021-ci il tarixdən başlayaraq, hər ay Cavabdeh qazancının (və ya başqa gəlirinin) 1/4 hissəsi miqdarında aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq aliment 25.10.2021-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 24 sentyabr 2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 25.10.2021-ci il tarixdən başlayaraq, hər ay Cavabdeh qazancının (və ya başqa gəlirinin) 1/4 hissəsi miqdarında aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 40 (qırx) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar