Məhkəmə qərarları › İş №2(044)-2598/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2598/2021

29.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2598/2021 29.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23.05.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 manat sabit pul məbləğində alimentin və 23.05.2019-cu il təvəllüdlü X2 3 yaşına çatanadək iddiaçının xeyrinə sabit pul məbləğində 150 manat əlavə xərcin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından 23.05.2019-cu il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdehlə uzun müddətdir ki, ayrılmışlar və cavabdeh uşağının saxlanmasına heç bir maddi köməklik etməmişdir. Tək ana kimi uşağa baxmaq maddi cəhətdən ağır olduğundan, həmçinin azyaşlı uşağa görə işləyə bilmədiyindən o, cavabdehdən uşağı Xatirənin saxlanılması üçün aliment almaq məqsədilə hazırki iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, məhkəmədən Cavabdeh 23.05.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 manat sabit pul məbləğində alimentin və 23.05.2019-cu il təvəllüdlü X2 3 yaşına çatanadək iddiaçının xeyrinə sabit pul məbləğində 150 manat əlavə xərcin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, eyni zamanda cavabdehin maddi imkanının olmamasını nəzərə alaraq cavabdehdən ümumilikdə 250 manat məbləğində alimentin alınaraq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İddiaçı tərəfindən ona qarşı qaldırılmış iddia tələbində göstərilmiş məbləğdə alimenti ödəməyə imkanının olmadığını, heç bir yerdə işləmədiyini, könüllü müqavilə əsasında Gəncə şəhəri üzrə İcra İdarəsində fəaliyyət göstərdiyini, ancaq 100 manat aliment ödəyə biləcəyini bildirdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 23.05.2019-cu il tarixdə Gəncə şəhərində tərəflərin birgə nikahlarından X3 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin(bundan sonra- Ailə Məcəlləsinin) 75.1ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, azyaşlı uşağın saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağının saxlanılmasına kömək və uşağına qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə uşağın anasının himayəsində olmasını, uşağın saxlanması vəzifəsinin hər iki valideynin vəzifəsi olmasını, həmçinin uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, 2021-ci il üçün yaşayış minumumunun uşaqlar üçün 175.0 manat olmasını, onların mənafeyini, böyüdükcə artan tələbatlarını, aylıq təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının şərtlərini, iddiaçının uşağın saxlanılması üçün tələbatını təkbaşına ödəyə bilməsinin çətin olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 23.05.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı cavabdehdən ümumilikdə 250 manat məbləğində alimentin tutulmasını xahiş etsə də, sabit pul məbləğində tutulmalı olan alimentin(yardımın) hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 25.06.2021-ci il tarixdən tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icraya yönəldilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 05.07.2021-ci il tarixdən başlayaraq 23.05.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar