Məhkəmə qərarları › İş №2(044)-2604/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2604/2021

27.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2604/2021 27.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqların saxlanması üçün hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2008-ci ildə rəsmi nikaha girib ailə qurmuşlar. Birgə nikahlarından 03.06.2007-ci il təvəllüdlü X3 və 05.01.2010-cu il təvəllüdlü X4 adlı iki övladları dünyaya gəlmişdir. İddiaçının ərizə verməyinin səbəbi cavabdehin artıq neçə ildir ki, iki övladına baxmaması, dolanışıqları barədə maraqlanmamağıdır. Belə ki, birgə nikah dövründə aralarındakı münasibətlər olduqca kəskinləşmişdir. Xasiyyətlərinin tutmaması səbəbindən ailə münasibətləri dağılmışdır. Artıq bir neçə ildir ki, nikahları formal xarakter daşıyır, ayrı yaşayırlar və barışıb bir ailə kimi yaşamaqları mümkün deyildir. Buna görə də uşaqların saxlanmasına görə alimentin Cavabdeh tutularaq ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, heç bir yerdə işləmir və hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment ödəməyə imkanı çatmır. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10.11.2008-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları 10.11.2008-ci il tarixdə 637 saylı akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan 17.03.2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 05 yanvar 2010-cu il tarixdə X4 anadan olmuşdur. İş materiallarında olan 03.10.2008-ci il tarixdə Gəncə şəhəri Nizami rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 03 iyun 2007-ci il tarixdə X3 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İddiaçı iddia ərizəsində yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat məbləğində aliment tutulmasını xahiş etsə də, sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Buna görə də, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal, yəni qida rassionuna uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, təhsili ilə bağlı xərcləri nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün sabit pul məbləğində tutulmalı olan alimentin məbləği hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2 maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, alimentin tutulması iddiaçı müraciət etdiyi tarixdən, yəni 05.07.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentə aid hissədə dərhal icraya yönəldilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı alimentə görə dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna görə məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 05 yanvar 2010-cu il tarixdə anadan olmuş X1 və 03 iyun 2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimen tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar