Məhkəmə qərarları › İş №2(044)-2646/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2646/2021

16.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2646/2021 16.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.09.2007-ci il təvəllüdlü Cavabdeh və 22.06.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 20.08.2008-ci il tarixdə ailə qurmuş, birgə nikaharından 05.09.2007-ci il təvəllüdlü Cavabdeh və 22.06.2013-cü il təvəllüdlü X3 doğulmuşdur. Münasibətləri pisləşdiyi üçün ayrılmışlar. Ayrılan vaxtdan uşaqlar onun himayəsində yaşayır. Cavabdeh uşaqların saxlanılması üçün maddi köməklik göstərmir. O, uşaqların saxlanılması üşün maddi çətinlik çəkir. Ona görə də, aliment tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarında olan X6 tərəfindən verilmiş 20.08.2008-ci il tarixli, AZE-İ 311658 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 20.08.2008-ci il tarixdə bağlanmışdır. Bu barədə akt qeydləri kitabında 258 nömrə ilə qeyd edilmişdir; Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23.07.2013-cü il tarixli, AZE-İİİ 063699 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 22 iyun 2013-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir; X6 tərəfindən verilmiş 20.08.2008-ci il tarixli, AZE-İİ 060329 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 05.09.2007-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında göstərdi ki, o iddiaçıya və uşaqlarına maddi yardım göstərir və hazırda da həmin yardımın göstərilməsindən imtina etmir. O Azərişıq ASC-də dispetçer vəzifəsində işləməklə 520 manat məbləğində əmək haqqı alır. İddiaçıya və uşaqlara yardım göstərdiyini nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsiuni xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iddia tələbində göstərilənləri, iş materiallarında olan iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34.4-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından 05.09.2007-ci il təvəllüdlü Cavabdeh və 22.06.2013-cü il təvəllüdlü X3 doğulmuşdur. Uşaqlar hazırda anasının himayəsində yaşayırlar və cavabdeh uşaqlara hər hansı maddi yardım göstərmir.Cavabdehin rəsmi gəlirləri olmaqla aylır 520 manat məbləğində qazanca malikdir. Məhkəmə uşaqların anasının himayəsində olmasını, onların təlim və tərbiyəsi ilə təkcə ananın məşğul olmasını, uşaqların saxlanması vəzifəsinin hər iki valideynin vəzifəsi olmasını, həmçinin uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, onların mənafeyini, böyüdükcə artan tələbatlarını, aylıq təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının şərtlərini, iddiaçının uşağın saxlanılması üçün tələbatını təkbaşına ödəyə bilməsinin çətin olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, hər ay bir uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment 05.09.2007-ci il təvəllüdlü Cavabdeh və 22.06.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddiaçı cavabdehin qazancları barədə sübutlar məhkəməyə təqdim etmədiyindən iddia tələbi qalan hissədə təmin edilməməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı alimentlə bağlı məhkəməyə 12.07.2021-ci ildə müraciət etdiyindən alimentin tutulmasına həmin tarixdən başlanılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirib, iddia tələbi üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2.-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişdirsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 12.07.2021-ci ildən tutulmağa başlayaraq 05.09.2007-ci il təvəllüdlü Cavabdeh və 22.06.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar