Məhkəmə qərarları › İş №2(044)-2652/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2652/2021

27.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2652/2021 27.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin tutulması qaydasının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin tutulması qaydasının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.02.2008-ci il təvəllüdlü X3 və 09.04.2014cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində alimentin tutulması qaydasının dəyişdirilərək Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 04 may 2007-ci ildə Gəncə şəhəri, Kəpəz rayonu, VVADQ şöbəsində nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 09.02.2008-ci il təvəllüdlü X6 və 09.04.2014-cü il təvəllüdlü X7 adlı iki övladları dünyaya gəlmişdir. Cavabdehlə münasibətləri pozulduğu üçün Cavabdeh qarşı “nikahın pozulması, uşaqların onun yanında qalması və aliment tutulması” tələbinə dair Gəncə şəhəri Nizami rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 09.06.2021-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, uşaqlar onun yanında saxlanılmış və 09.02.2008-ci il təvəllüdlü X3 və 09.04.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 24.11.2020-ci il tarixdən başlayaraq, onun xeyrinə Cavabdeh hər ay hər uşaq üçün 140 (yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin vaxt işə baxılarkən Cavabdeh aylıq pul təminatı barədə onlar məlumat ala bilməmişlər və cavabdeh məhkəmə prosesi zamanı aylıq maaşının az olmasını bildirmişdir. Lakin sonradan Cavabdeh aylıq maaşı barədə edilmiş sorğuya cavab gəlmiş və məlum olmuşdur ki, cavabdeh hal-hazırda hərbi hissədə xidmət edir və onun aylıq pul təminatı vergi və digət tutulmalar tutulduqdan sonra 1171 (min yüz yetmiş bir) manat, 10 qəpik təşkil edir. İddiaçı hazırda məktəbdə dərnək rəhbəri vəzifəsində işləyir və ayda 170 manat maaş alır, lakin həmin pul uşaqların saxlanması üçün yetərli deyil, onun maddi vəziyyəti pisdir. Kirayədə yaşayır, iki uşağı tək saxlamaqda çətinlik və əziyyət çəkir. Belə ki, cavabdeh uşaqlar xəstələndikdə onlarla maraqlanmır, uşaqlar məktəbə və hazırlıqlara gedirlər, onların tələbatları çoxdur və hər ay iddiaçının valideynləri tərəfindən ona kömək olunur. Ona görə də hesab edir ki, sabit pul məbləğində aliment uşaqların saxlanması üçün yetərli deyil, Cavabdeh aylıq qazancı yüksək olduğundan, onun qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulmalısı uşaqların saxlanma şəraitini daha da yaxşılaşdıracaq. İddiaçı nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, o, hərbi hissədə xidmət edir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09.06.2021-ci il tarixli qətnaməsinə ilə müəyyən olunmuş alimenti indiyədək vaxtında ödəmişdir. Alimentin tutulması qaydasının dəyişdirilməsinə etiraz edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2(044)- 594/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 04 may 2007-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsində 425 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 09 fevral 2008-ci il tarixdə anadan olmuş X3 və 09 aprel 2014-cü il tarixdə anadan olmuş X4 nikahın pozulmasından sonra İddiaçı himayəsində saxlanılması, 09 fevral 2008-ci il tarixdə anadan olmuş X3 və 09 aprel 2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 24.11.2020-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. 15 aprel 2014-cü il tarixdə Gəncə “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 09 aprel 2014-cü il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. 21 fevral 2008-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 09 fevral 2008-ci il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissənin 07.06.2021-ci il tarixli, 1212 saylı məktubundan görünür ki, Cavabdeh hal-hazırda N saylı hərbi hissədə xidmət edir və onun aylıq təminatı vergi və digər tutulmalar tutulduqdan sonra 1171 (min yüz yetmiş bir) manat, 10 qəpik təşkil edir. Hərbi qulluqçu xidmətdə olmadığı günlərə görə ikinci qat pul təminatı az ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən iki uşağa görə qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin normalara istinadən məhkəmə irəli sürülən iddia tələbinin iki uşaq üçün alimentin miqdarının cavabdehin aylıq qazancının 1/3 hissədə müəyyən edilməsinə əsas verən halların, məsələn, cavabdehin işləməsinin, aylıq qazancının və digər gəlirlərinin iddia tələbini ödəyəcək məbləğdə olmasını, həmçinin uşaqların minimum yaşayış tələbatının təmin olunmasının, eləcə də uşaqların saxlanması üçün vəsaitin ödənilmə qaydasına dair tərəflər arasında şifahi razılığın əldə edilmədiyinin zəruriliyini nəzərə alır və uşaqlar iddiaçının öhdəsində olduğundan məhkəmə uşaqların saxlanması üçün alimentin cavabdehin aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, 09 aprel 2014-cü il tarixdə anadan olmuş X4 və 09 fevral 2008-ci il tarixdə anadan olmuş X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifələr qoyulmuş, uşaqların saxlanmasına kömək və uşaqlara qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin müəyyən edilməsini qanuni və əsaslı hesab edir, həmçinin tərəflərin maddi və ailə vəziyyətləri, diqqətəlayiq olan digər hallar baxımından, yetkinlik yaşına çatmayan X4 və X3 əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması baxımından mümkün hesab edir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından 09 aprel 2014-cü il tarixdə anadan olmuş X4 və 09 fevral 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh qazancının (və ya başqa gəlirinin) 1/3 hissəsi məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 09 aprel 2014-cü il tarixdə anadan olmuş X4 və 09 fevral 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(044)-594/2021 saylı qətnaməsi əsasında tutulan alimentin tutulma qaydası dəyişdirilərək, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar