Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3033/2020 02.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlu, Kreditor MMC-nin Borclu barəsində məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor MMC-ti ərizə ilə məhkəməyə müraciət edərək, Borclu xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 1335 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1355 manat pulun alınaraq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditorun ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. Kreditor MMC-ti ilə Borclu arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli FSK1976 nömrəli malın nisyə satılması haqqında alğı-satqı müqaviləsindən görünür ki, kreditor ilə borcalan arasında WM Samsung WW70K62E69SDLP markalı paltaryuyanın 15 ay müddətinə hər ay 89 manat olmaqla borcluya satılması barədə müqavilə bağlanmışdır. xx xxxxxx 2019-cu il tarixli FSK1976 nömrəli malın nisyə satılması haqqında alğısatqı müqaviləsinin birinci hissəsindən görünür ki, satıcı bu müqavilənin 2.3-cü bəndində göstərilən əşyanı (avadanlığı) alıcıya verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində bu müqavilənin 2.2-ci bəndində müəyyən edilmiş qaydada və müddətdə satıcıya müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Borclu həmin müqavilə üzrə əsas borca görə 1335 (min üç yüz otuz beş) manat məbləğində borcu vardır. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslansa da, hazırkı ərizə üzrə məhkəmə əmrinin verilməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsi ilə müəyyən edilmiş əsaslarının (tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması) mövcudluğunu istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279-cu maddəsinə görə, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda, habelə, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa və ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa imtina edir. Həmin Məcəllənin 276-cı maddəsi isə barəsində məhkəmə əmri verilə bilən tələblərin siyahısını və həmin tələblər üzrə məhkəmə əmrinin verilməsinin əsaslarını müəyyən edir. Qeyd olunan maddəyə görə, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Göründüyü kimi, qanunvericilik məhkəmə əmrinin verilməsinin iki əsasını nəzərdə tutur ki, bunlar kreditorun tələbinin aşkar olması və kreditorun tələbinin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmasıdır. Kreditorun tələbinin aşkar olması dedikdə, məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmuş sübutların məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən də kreditor tərəfindən irəli sürülmüş pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığının məhkəmə üçün aşkar olması başa düşülməlidir. Ona görə də, kreditor tərəfindən məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmaqla təqdim edilmiş sübutlar borcluya qarşı olan tələbin tam əsaslı olduğunu tam təsdiq etmirsə və ya qismən təsdiq edirsə, bu halda kreditorun tələbi aşkar olmadığı üçün məhkəmə əmri verilə bilməz. Kreditor MMC-nin məhkəməyə müraciət etdiyi ərizəsində, kreditorla Borclu arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli FSK1976 nömrəli malın nisyə satılması haqqında alğı-satqı müqaviləsi üzrə borcun ödənilməsini istədiyindən və bu tələbin də borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığını müəyyən etmək mümkün deyildir. Belə olan halda məhkəmə əmrinin verilməsi qanunvericiliyin tələbinə ziddir və məhkəmə əmrinin verilməsi barədə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə görə isə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor MMC-nin Borclu barəsində məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul edilməsindən imtina olunsun. Ərizəçiyə izah olunsun ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması onun, həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3033/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3033/2020
02.10.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver