Məhkəmə qərarları › İş №2(044)-3075/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3075/2021

04.11.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3075/2021 04.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhdar Cəmiyyətinin (QSC) cavabdeh Borclu qarşı borcun tutulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "X1 Azərbaycan" QSC ərizə verərək cavabdeh Borclu qarşı 2539.38 manat əsas bor, 489.69 manat faiz borcu, 1110.13 manat cərimə borcunun, 5.50 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poşt xərcləri, həmçinin ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 20 manat dövlət rüsumu və 1 manat dövlət rüsumunun ödənilməsi üçün bank xərcinin 4165.70 manat məbləğində borcun onun xeyrinə tutulması barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli 2(044)- 1313/2018 saylı məhkəmə əmri ilə borclu xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, Məhrəsə Bağı, ev 21, mənzil 22-də qeydidiyyatda olan və yaşayan Borclu X1 Azərbaycan QSC-nin xeyrinə 2539,38 manat əsas borc, 489,69 manat faiz borcu, 1110,13 manat cərimə borcu, bildirişlərin göndərilməsi üzrə 5.50 manat, 20 manat ödənilmiş dövlət rüsumu, 1 manat bank xərci olmaqla, cəmi 4165.70 manat tutulması əmr edilmişdir. Borclu etirazla məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 6 mart 2018-ci il tarixli 2(044)-1313/2018 saylı məhkəmə əmrini ləğv edib, iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli 2(044)-1313/2018 saylı qərarı ilə etiraz təmin edilmiş, iş üzrə icraat iddia icraatına keçirilmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşməsinə dair ərizə verərək bildirmişdir ki, cavabdeh Borclu 2539,38 manat əsas kredit borcunun, 489,69 manat faiz borcunun, 1496,80 manat cərimə borcunun, həmçinin 30 manat iddia ərizəsi üzrə dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun, ümumilikdə 4555,87 manat məbləğində borcun X1 Azərbaycan Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, “X1 Azərbaycan” QSC ilə Borclu arasında bağlanmış 25.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya istehlak yönümlü 4000 manat məbləğində pul ayrılmış və o, 36 ay müddətinə kreditin əsas məbləği və ona illik 22% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməlidir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. Hal – hazırda cavabdehin iddiaçıya 2539,38 manat məbləğində əsas, 489,69 manat məbləğində faiz, 1496,80 manat məbləğində cərimə, ümumilikdə 4555,57 manat borcu vardır. Cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borc məbləği iddiaçıya ödənilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - 25.08.2014-cü il tarixli 112608/01 saylı kredit müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən “X1 Azərbaycan” QSC 36 ay müddətinə illik 22% olmaqla 4000 manat məbləğində Borclu kredit vermişdir. - 15 may 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Borclu “X1 Azərbaycan” QSC-yə 2539.38 manat məbləğində əsas, 489.69 manat məbləğində faiz, 1496,80 manat məbləğində cərimə ümumilikdə 4525,87 manat məbləğində borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etmədiyinə görə borcu yaranmışdır. Buna görə də iddiaçının cavabdehdən borcun ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 10 manat müəyyən olunmalıdır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 2539,38 manat məbləğində əsas, 489,69 manat məbləğində faiz, 10 manat məbləğində cərimə cəmi 3039,07 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən məhkəmə əmri haqqında ərizələrdən 20 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının MPM-nin 113-cü maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə dövlət rüsumunun miqdarı əvvəlcədən hakim tərəfindən müəyyən edilir, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. İddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə əmri ləğv edilərək iddia icraatına keçdiyinə, iddia tələbi 500 manatdan çox olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, kəsir qalan 10 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Borclu 2539,38 manat məbləğində əsas, 489,69 manat məbləğində faiz, 10 manat məbləğində cərimə olmaqla ümumilikdə 3039 (üç min otuz doqquz) manat 07 (yeddi) qəpik məbləğində borc və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı “X1 Azərbaycan” Qapalı Səhdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə kəsir qalan 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçı X1 Azərbaycan Qapalı Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar