Məhkəmə qərarları › İş №2(044)-3761/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3761/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3761/2021 19.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlu İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Bank olmayan Kredit Təşkilatına qarşı icra hərəkətlərinin qanunsuz hesab edilməklə, icra vərəqəsi üzrə borcun ödənilməsi ilə ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 hərəkət və hərəkətsizliyini qanunsuz hesab edilməsinə, icra hərəkətlərinin dayandırılmasına və icra vərəqəsi üzrə kredit borcunun ödənilməsi üzrə Gəncə şəhəri, X1 küçəsi ev 141 və Gəncə şəhəri, X2 küçəsi 20 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış 2015-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, aşağıda qeyd edilənlərə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İcra haqqında Azərbaycan Respublikası Qanununun 21.6-cı maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materiallarında olan iddia ərizəsinin forma və məzmunundan göründüyü kimi iddiaçı icra məmurunun mübahisləndirdiyi qərarından qanunla nəzərdə tutulmuş qaydada şikayət deyil, məhkəməyə iddia ərizəsi vermiş və qərarın qəbul edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, iddiaçının ərizəsinə iddia icraatı qaydasında baxılması mümkün hesab edilməməlidir. Eyni zamanda iddiaçı icra üzrə icraatın dayandırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir ki, bununla bağlı da məhkəmə iddiaçının diqqətinə onu çatdırır ki, MPM-nin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati məhkəmə tərəfindən dayandırılır. İcra üzrə icraatın dayandırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında sərgilədiyi hüquqi mövqe ondan ibarət olmuşdur ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə məhkəmə bir daha vurğulayaraq iddiaçının diqqqətinə onu çatdırır ki, ərizədə göstərilən əsaslarla icra məmurunun qərarını iddia icraatı qaydasında mübahisələndirməyərək, həmin qərardan “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq və MPM-nin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada şikayət vermək mexanizmdən istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizənin yolverilməzliyinə görə, yəni ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin geri qaytarılması həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olsa da icra məmurunun qərarlarından yuxarıda göstərilmiş qaydada şikayət əsasında işə baxılmasına mane olmur. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Bank olmayan Kredit Təşkilatına qarşı icra hərəkətlərinin qanunsuz hesab edilməklə, icra vərəqəsi üzrə borcun ödənilməsi ilə ipotekaya xitam verilməsi tələbi iddianın yolverilməzliyinə, yəni ərizəyə məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya iddia icraatı qaydasında deyil, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq və MPM-nin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada şikayət vermək mexanizmdən istifadə etməklə icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rasim Kazımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar