Məhkəmə qərarları › İş №2(044)-379/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-379/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-379/2021 10.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul (maddi ziyanın) ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul (maddi ziyanın) ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1320 (min üç yüz iyirmi) manat məbləğində pul vəsaitinin (dəymiş ziyan məbləğinin) və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 03.09.2020-ci il tarixdə saat 14:33 radələrində mülkiyyətində olan VAZ 21214 markalı AZ ** SU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri, N.Nərimanov küçəsi istiqamətindən M.Ş.Vazeh küçəsi ilə düzünə Göygöl rayonu istiqamətində hərəkətdə olarkən İstiqlal parkının qarşısında olan YDM-nin qarşısından düzünə küçərkən həmin YDM-dən çıxan Hyundai Voloster markalı ** NR *** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən əks istiqamətdə qarşısına çıxmışdır. O, avtomobillərin toqquşmasının qarşısını almağa cəhd göstərsə də, avtomobillər toqquşmuşdur. Hadisə yerinə dövlət yol polisi gələrək hadisənin kimin ucbatından baş verdiyini aydınlaşdırmışdır. Cavabdeh təqsiri ucbatından iddiaçının idarə etdiyi VAZ 21214 markalı AZ ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq və sol tərəfi ciddi şəkildə zərər görmüşdür. Bununla bağlı Cavabdeh barəsində DYP əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və iddiaçı ilə təqsirkar sürücü Cavabdeh izahatı alınmışdır. Avto qəza zamanı iddiaçının avtomobilinə dəymiş zərər 1320 (min üç yüz iyirmi) manat təşkil edir və bu barədə 11.09.2020-ci il tarixdə Gəncə şəhər Avtoserviz müəssisəsinin mühəndis-məsləhətçisi tərəfindən ziyana dair rəy tərtib edilmişdir. Təqsirkar tərəfindən iddiaçıya dəymiş zərər könüllü olaraq ödənilmədiyi üçün, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03.09.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Göygöl rayonu, Kabel sahəsində saat 15:05-də İddiaçı məxsus olan VAZ 21214 markalı AZ ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İş materiallarında olan 11.09.2020-ci il tarixli, 1016 saylı Gəncə şəhər Avtoservis müəssisəsi tərəfindən verilmiş rəyin surətindən görünür ki, VAZ 21214 markalı AZ ** SU *** dövlət qeydiyyat nişanlı avtomaşına 1320 (min üç yüz iyirmi) manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan AD N 610508 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21214 minik” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı adına qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.06.2021-ci il tarixli, 9/3187 saylı rəyindən görünür ki, 2013-cü il buraxılışlı VAZ 21214 markalı AZ ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1155.0 (min yüz əlli beş) manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehin iddiaçının əmlakına vurulmuş zərərə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Beləliklə, iddia tələbindən göründüyü kimi İddiaçı ona məxsus olan VAZ 21214 markalı AZ ** SU *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş zərərin ödənilməsini tələb edir və iddiaçı tərəfindən həmin zərərin həcmi 1320 (min üç yüz iyirmi) manat qiymətləndirmişdir. Məhkəmə iddia ərizəsində göstərilən tələbi araşdırarkən belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin həcmi kimi ekspert rəyi mötəbər sübut kimi qəbul edilməli və iddia tələbi həmin məbləğdə 1155 (min yüz əlli beş) manat təmin olunmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh iddiaçıya məxsus VAZ 21214 markalı AZ ** SU *** dövlət qeydiyyat nişanlı avtomaşına 1155 (min yüz əlli beş) manat məbləğində dəymiş maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 100 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1155 (min yüz əlli beş) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar