Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3931/2021 21.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.08.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında 22.09.2021-ci il tarixdən tutulmasına, həmçinin mediasiyaya xidmətinə ödədiyi 50 manat xidmət haqqının Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 15.10.2018-ci ildə ailə qurmuş, birgə nikahlarından 02.08.2019-cu il təvəllüdlü X2 dünyay gəlmişdir. 2 ilə yaxındır ki cavabdeh ilə ayrı yaşayırlar. Cavabdeh uşağın saxlanılması üçün heç bir köməklik göstərmir. Cavabdeh hərbi qulluqçudur, 1000 manatdan artıq əmək haqqı alır. Alimentin hesablanması müddətini mediasiya müraciət etdiyi vaxtdan, yəni 22.09.2021-ci il tarixdən hesablanmasını istəyir. O, uşağın saxlanılmasında çətinlik çəkir. Ona görə də, aliment tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Mingəçevir regional “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15.10.2018-ci il tarixli AZ-İİ 291715 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 15.10.2018-ci il tarixdə nikah bağlanmış və 414 saylı aktla qeyd edilmişdir; İş materiallarında olan Mingəçevir regional “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05.09.2019-cu il tarixli AZ-İV 308700 saylı doğum haqqında şahadətnamənin surətindən görünür ki, X2 02.08.2019-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Bu barədə akt qeydləri kitabında 1033 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir; 03 noyabr 2021-ci il tarixli, 2021-006027 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, tərəf Cavabdeh mübahisə üzrə 03.11.2021-ci il saat 12:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, oğlu hərbiçidir. O indiyə qədər uşağını saxlamaq üçün arvadına köməklik etmişdir. Ona görə də iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iddia tələbində göstərilənləri, iş materiallarında olan iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34.4-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə uşağın anasının himayəsində olmasını, onun təlim və tərbiyəsi ilə ananın məşğul olmasını, uşağın saxlanması vəzifəsinin hər iki valideynin vəzifəsi olmasını, həmçinin uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, onların mənafeyini, böyüdükcə artan tələbatlarını, aylıq təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının şərtlərini, iddiaçının uşağın saxlanılması üçün tələbatını təkbaşına ödəyə bilməsinin çətin olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilərək, hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı alimentlə bağlı məhkəməyə 05 noyabr 2021-ci ildə müraciət etmişdir. Məhkəmə hesab edir ki, alimentinin tutulmasına 05 noyabr 2021-ci il tarixdən başlanılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirib, iddia tələbi üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarından göründüyü kimi iddiaçı mediasiyaya müraciət etdiyi üçün 50 manat xidmət haqqı ödəmişdir. Cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 50 (əlli) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişdirsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 05.11.2021-ci il tarixdən başlayaraq 02.08.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı ödəməkdən azad edildiyi 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-3931/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3931/2021
21.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver