Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-560/2021 14.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X3, Cavabdeh Firudin oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Firudin oğluna qarşı “uşağın əlavə xərclərində iştirakın təmin olunması” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Firudin oğluna qarşı “uşağın əlavə xərclərində iştirakın təmin olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firudin oğlundan uşaqlarının evlə təmin olunması üçün 30000 manat pulun, 330 manat vəkil xidmət haqqının və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, Cavabdeh Firudin oğlu ilə 2016-cı ilin aprel ayında el adəti ilə evlənərək faktiki ailə qurmuşlar. Nikahları 2016-cı ilin iyun ayında Gəncə Asan Xidmət X1 rəsmi qeydə alınmışdır. Onların birgə nikahlarından 03.07.2017-ci il təvəllüdlü X2 və 30.11.2018-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Sonradan onların birlikdə yaşamaları mümkün olmadığından onlar ayrılmışlar. O, hazırda iki uşaqları ilə birlikdə atasının evində yaşayır. Uşaqları nadinc olduğundan və anası isə yaşlı olduğundan onların ata evində rahat yaşaması mümkün deyil. Həmçinin onun qardaşının ailəsi də həmin evdə yaşayır. Qardaşının uşaqları ilə onun uşaqları yola getmirlər və hazırda onun həmin evdən çıxarılmasını tələb edirlər. Onun başqa yerdə yaşamağa evi yoxdur. Hesab edir ki, cavabdeh uşaqlarını ata olaraq evlə təmin etməlidir. Buna onun maddi imkanları çatır. Cavabdeh Firudin oğlu uşaqlarını evlə təmin etməkdən qəsdən imtina edir. Qeyd edilənləri nəzərə alaraq Cavabdeh Firudin oğlundan uşaqlarının evlə təmin olunması üçün 30000 manat pulun, 330 manat vəkil xidmət haqqının və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 iddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Firudin oğlu iddia tələbini qəbul etmədiyini bildirmişdir. Belə ki, o, uşaqlarının saxlanılması üçün qanunla müəyyən edilmiş qaydada aliment ödəyir. Onun ev almaq üçün iddiaçıya 30000 manat pul verməyə maddi imkanı yoxdur. Ona görə də iddia tələbinin rədd edilməsin xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia tələbinin hüququ əsası kimi Ailə Məcəlləsinin 81, 56.1-ci maddələrinə istinad edilmişdir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİ hissə, Konstitusiyanın 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Dövlət öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək iqtidarında olmayanlara – yetkinlik yaşına çatmamış uşaqlara, təqaüdçülərə və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. 27-ci maddənin 2-ci bəndinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19.05.1998-ci il tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin 75.3-cü maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Bu Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İşin faktiki halları ilə Cavabdeh Firudin oğlunun valideyn kimi yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün üzərinə düşən öhdəliklərin icrasından yayınması iş materialları ilə təsdiq edilməmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, aliment ödəməli olan valideynin üzərinə əlavə öhdəliyin qoyulması və bununla da uşaqların lazımı səviyyədə saxlanılmasında bərabər vəzifə daşıyan digər valideynin qanundan kənar zənginləşməsinə zəmin yaradılması yolverilməzdir. Məhkəmə sadalanan maddi hüquq və prosessual hüquq normalarının tələblərini əsas götürməklə, habelə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, İddiaçı iddia tələbi əsasız olduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 14, 77, 216-220, 227 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh Firudin oğluna qarşı “uşağın əlavə xərclərində iştirakın təmin olunması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-560/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-560/2021
14.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver