Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-572/2022 18.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.08.2018-ci il təvəllüdlü X8 və 17.04.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək hər birinin saxlanmaları üçün hər ay hər uşaq üçün 250 manat olmaqla ümumilikdə 500 manat sabit pul məbləğində alimentin tututlaraq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması haqqında ərizə verərək 01.10.2021-ci il tarixdən uşaqları 20.08.2018-ci il təvəllüdlü X5 və 17.04.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə 17.10.2017-ci il tarixdə Gəncə “Asan” Xidmət Mərkəzinin qeydiyyat şöbəsində rəsmi nikahlarını qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların 20.08.2018-ci il təvəllüdlü X8 və 17.04.2020-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Son zamanlar onların arasında olan münasibət pozulmuş, cavabdeh onu 30.09.2021-ci il tarixdə döydüyü üçün o, cavabdeh barəsində polisə şikayət vermiş, polis əməkdaşları araşdırma apardıqları müddət ərzində onun cavabdehdən ayrı yaşaması tövsiyyə etmişlər. Onun və Cavabdeh ikinci evlilikləridir. O, ailəsinin dağılmasını istəmir, ona görə də boşanmaq üçün məhkəməyə müraciət etməmişdir. 30.09.2021-ci il tarixdən o, azyaşlı uşaqları ilə birgə atası evində qalır, heç yerdə işləmir, azyaşlı uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh ayın 15 günün qızıl mədənində 15 günün taksi kimi fəaliyyət göstərir, kifayət qədər qazancı olsa da, o, uşaqların saxlanmasında maddi köməklik göstərmir və uşaqları ilə maraqlanmır, o, dəfələrlə cavabdehdən uşaqların saxlanması üçün maddi köməklik göstərməsini istəmiş, lakin sonuncu heç bir köməklik göstərməmişdir. Sonda iddiaçı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, 30.09.2021-ci il tarixdə onunla iddiaçı arasında mübahisə olduqdan sonra iddiaçı uşaqları ilə birlikdə atası evinə getmişdir. O, hər ay hər uşağına 100 manat olmaqla cəmi 200 manat aliment ödəməyə imkanı çatır. Onlar ayrıldıqları müddətdə, yəni 30.09.2021-ci il tarixdən bu günə kimi iddiaçı onun uşaqlarla görüşməsinə şərait yaratmadığı üçün o, iddiaçıya heç bir köməklik etməmişdir. Sonda o, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 20.08.2018-ci il təvəllüdlü X8 və 17.04.2020-ci il təvəllüdlü X6 adlı 2 uşaqları doğulmuşdur. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 15.10.2017-ci il tarixdə Gəncə “Asan” Xidmət Mərkəzinin qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. - X2 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki,iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün, prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. - 25.10.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 30.09.2021-ci il tarixdə saat 17:49-da Göygöl rayonu Qızılca kəndində X1 Respublikası DİN-in 102 xidmətinə müraciət edərək qızı Günayın öz əri və onun ailə üzvləri tərəfindən döyülməsi və ölümlə hədələnməsi barədə məlumat verilmişdir. Həmin məlumatla əlaqədar iş üzrə İddiaçı izahatı alınmış o, 30.09.2021-ci il tarixdə əri tərəfindən döyüldüyünü təsdiq etmişdir. Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun haqqında cinayət işinin başlanması rədd edilmiş və haqqında İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı iddia ərizəsində yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla cəmi 500 manat məbləğində aliment tutulmasını xahiş etsə də, sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Buna görə də məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafelərini onların normal, yəni qida rassionuna uyğun şəkildə qidalanmaqlarını, fiziki, əqli, sosial cəhətdən sağlam böyüməklərini və inkişaflarını, təhsilləri ilə bağlı xərcləri nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün sabit pul məbləğində tutulmalı olan alimentin məbləği hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Qeyd olunan maddənin tələblərini rəhbər tutaraq, iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl cavabdehdən aliment tələb etdiyini, lakin cavabdehin heç bir ödəniş etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, aliment iddiaçının cavabdehdən ayrıldığı vaxtdan, yəni 01.10.2021-ci il tarixdən tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləninin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, tələb etdiyi alimentin 1 illik məcmusu 4800 manat olduğundan və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 56 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 20.08.2018-ci il təvəllüdlü X8 və 17.04.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması 01.10.2021-ci il tarixdən hesablansın və qətnamə dərhal icra edilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə 56 (əlli altı) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-572/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-572/2022
18.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver