Məhkəmə qərarları › İş №2(044)-668/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-668/2021

05.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-668/2021 05.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Gəncə şəhəri 5 saylı Notariat kontoru və Cavabdeh2 qarşı “müqavilənin və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Gəncə şəhəri 5 saylı Notariat kontoru və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 xx xxxx 2018-ci il tarixli borc müqaviləsinin və onun əsasında verilmiş xx xxxx 2020-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017-ci il tarixdə Cavabdeh2 ilə razılaşaraq Həmid öz adına bankdan 10.000 manat kredit götürüb ona verməli, o isə bunun müqabilində öz əmək kartını verməli idi ki, Həmid hər ay bankomatdan əmək haqqını çıxartsın. Razılaşmaya əsasən təxminən 2017-ci il tarixdə Həsənov X3 Bankdan öz adına 10.000 kredit pul götürərək ona vermiş, o isə öz əmək haqqı kartını vermişdir. Təxminən 1 ildən sonra əmək haqqı gec verildiyindən, yəni kreditn ödənilməsi gecikdiyinə görə Həmid narazılıq etdiyi üçün notariat kontorunda Cavabdeh2 ilə aralarında formal olaraq borc müqaviləsi bağlamışlar. Həmin vaxt ona məxsus olan əmək haqqı kartı Cavabdeh2 qalmışdır. Həmid təxminən 2 il müddətdə ona məxsus əmək haqqı kartından istifadə edib. 2017-ci ildən 2019-cu ilin oktyabr ayına kimi əmək haqqında artımlar olduğu üçün şifahi razılığa əsasən onun Cavabdeh2 heç bir borcunun qalmadığını bildirmişdir. 2019-cu ilin oktyabr ayında cavabdeh əmək haqqı kartını verərkən bildirmişdir ki, ona heç bir borcu yoxdur. Lakin bütün bunlara baxmayaraq xx xxxxxxx 2020-ci il tarixdə məlumatı olmuşdur ki, borc müqaviləsi əsasında Cavabdeh1ndə icra qeydi verilmiş və həmin icra qeydinə əsasən icra məmuru tərəfindən onun ünvanına bildiriş göndərilmişdir. Cavabdeh1ndə Cavabdeh2la aralarında borc müqaviləsi bağlanarkən Cavabdeh2 tərəfindən ona 10.500 manat məbləğində pulun verilməsi notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməmiş, formal olaraq borc müqaviləsi bağlanmışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: xx xxxx 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında müqavilə bağlanmış, Cavabdeh2 10.500 manat məbləğində pulu xx.xx.2020-ci il tarixədək İddiaçı vermişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icra qeydindən görünür ki, İddiaçı 3M-47 reyestr nömrəli müqaviləyə əsasən nəzərdə tutulmuş müddət üçün vaxtında ödənilməmiş 8500 manat tutulması qeyd olunmuşdur. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyi üçün iclasın başqa vaxta təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X2 işə mahiyyəti üzrə baxılaraq məhkəmədən iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Digər cavabdeh Gəncə şəhəri 5 saylı Notariat kontoru xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının məhkəmə iclasında iştirak etməməsini üzürlü hesab etmir.Belə ki, dəfələrlə məhkəmə iclası təxirə salınmasına baxmayaraq o məhkəmə iclaslarında iştirak etməmişdir. Odur ki, məhkəmə işin baxılmasının təxirə salınmasına əsaslar müəyyən etmədiyindən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz öhdəlik hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında həqiqətən də xx xxxx 2018-ci ildə borc müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh2 İddiaçı 10.500 manat məbləğində borc vermiş, borcun qaytarılması faizsiz olaraq xx xxxxxx 2020-ci ilədək qaytarılmaqla şərtləşdirilmişdir. Həmin borcdan ödənilməmiş 8500 manat qaldığından həmin hissədə icra qeydi verilmişdir. Mülki Məcəllənin 529.2-ci maddəsinə sasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Göründüyü kimi iddiaçı tərəfindən yerdə qalan borcun ödənilməsi ilə bağlı öhdəliyin icrası kimi təklif olunmuş hər hansı hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə hesab edir ki, həqiqtən də cavabdehlə iddiaçı arasında borc müqaviləsindən və borc tələbindən ibarət öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı götürdüyü öhdəliyi yerinə yetirərək, üzərinə düşən hərəkətləri həyata keçirsə də, cavabdeh müqavilə tərəfi kimi üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi 10.000 manat kreditin cavabdeh tərəfindən götürülərək ona verilməsini iddiaçı etiraf edir. Buna baxmayaraq iddiaçı məhkəmə iclaslarında iştirak etməyərək ona pulun qaytarılmasını təsdqi edən sənədlər də məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçı işin həlli baxımından ərizəsində harada işləməsini, nə qədər əmək haqqı alması barədə məlumatları da ərizəsində göstərməmişdir. Məhkəmə iddia tələbinin borc predmeti olan pulun notarisun depozit hesabına qoyulmamasına dair dəlilləri ilə bağlı məhkəmə onu qeyd edir ki, kredit müqaviləsi bağlanan zaman kredit müqaviləsinin predmeti olan pulun notariusun depozit hesabına qoyulması qanula və ya təlimatla nəzərdə tutulmamış, həmin vaxt tərəflər arasında hesablaşma həmin vaxt qüvvədə olmuş təlimata uyğun olaraq özlərinin həqiqi niyyətlərinə uyğun şəkildə aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinin tələbinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. İddiaçının müqavilənin ləğvinə dair tələbi ilə bağlı məhkəmə onu qeyd edir ki,Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İddiaçının ərizəsində göstərdikləri hallar müqavilənin ləğvi üçün əsas deyildir. Məhkəmə iddia tələbinin icra qeydinin ləğvinə dair dəlilləri, o cümlədən Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olmasına dair dəlilləri ilə bağlı onu qeyd edir ki, həmin dəlillər əsassızdir. Belə ki, həmin bildirişin göndərilməməsi bir mənalı olaraq icra qeydinin ləğv edilməsinə səbəb ola bilməz. Buna baxmayaraq bu halda icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.Odur ki, iddia tələbi həmin hissədə də əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2. maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilələrin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sənədi təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçı tərəfin öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçı tərəfin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Gəncə şəhəri 5 saylı Notariat kontoru və Cavabdeh2 qarşı “müqavilənin və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Gənçə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar