Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-880/2021 26.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, ləğv prosesində olan Cavabdeh4 ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fonduna və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı «ipoteka müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, ləğv prosesində olan Cavabdeh4 ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fonduna və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 ASC ilə onun arasında bağlanmış mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanında yerləşən binada 46kv.m əsas, 26.9 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi haqqında 24 iyun 2015-ci il tarixli 109.CL.010413.00001/j saylı ipoteka müqaviləsinin və 24 iyun 2015-ci il tarixli 109.CL.010413.00001/j saylı ipoteka müqaviləsinə 23.09.2015-ci il tarixli əlavənin bağlandıqları andan etibarsız hesab olunmasına və 01.07.2015-ci il tarixli ******* saylı ipoteka ilə yüklülük haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat və bu haqda çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01.04.2013-cü il tarixli 109.L.N.2105.0104.13.00001 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh4 ASC onun oğlu Cavabdeh2 240000 ABŞ dolları məbləğində kredit vermişdir. Bu kreditin qaytarılmasının təminatı kimi bankla Cavabdeh1 MMC arasında 01.04.2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kreditin məbləğini o, bu yaxın vaxtlaradək bilməmişdir. 2015-ci ilin iyun ayında onun oğlu Cavabdeh2 ona müraciət etmişdir ki, bankdan az məbləğdə kredit götürüb və çox hissəsini artıq ödəyib və hal-hazırda bank əlavə təminat kimi hər hansı əmlakın girov qoyulmasını tələb edir. Ona oğlunun özünə məxsus olan iki qeyri-yaşayış sahələrinə formal olaraq girov qoyulacağı, Cavabdeh1 MMC-nin də bu borca görə cavabdehlik daşıdığı və ona görə də qısa müddət ərzində borcun ödəniləcəyi, onun obyektinin də girovdan azad olunacağı bildirilmişdir. Oğluna inanaraq onunla birlikdə Gəncə şəhəri 2-ci notariat kontoruna getmiş və orada ona verilmiş sənədləri imzalamışdır. Bununla da, mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Ş.İ. Xətai prospekti, 90 ünvanda yerləşən binada 46 kv.m əsas, 26.9 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi bank qarşısında oğlunun borcuna görə 24 iyun 2015-ci il tarixli 109.CL.010413.00001/j nömrəli müqavilə ilə ipotekaya qoyulmuşdur. Ona cavabdehlər tərəfindən borc üzrə vəziyyət və əmlakını itirə biləcəyi ilə bağlı risk barədə hər hansı bir məlumat verilməmişdir. Bundan sonra, oğlu Cavabdeh2 2015-ci ilin sentyabr ayında bir daha ona imzaladığı ipoteka müqaviləsinə görə yenə də hansısa müqaviləni həmin notariusa gedib yenidən imzalamalı olduğunu bildirmişdir. O da onunla birlikdə yenidən Gəncə şəhəri 2-ci notariat kontoruna getmiş və sənədləri imzalamışdır. Bu dəfə də ona cavabdehlərdən heç biri imzaladığı müqavilənin konkret nə haqda olması ilə bağlı məlumat vermədilər. Əslində isə ona indi məlum olur ki, oğlunun banka olan borcundan başqa, onun obyekti həm də Cavabdeh1 MMC-nin 180000 ABŞ dolları məbləğində aldığı 23.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə də yüklü edilmişdir. Notariusun bu dəfə ona imzalatdırdığı isə 24 iyun 2015-ci il tarixli 109.CL.010413.00001/j nömrəli ipoteka müqaviləsinə əlavədir. Əsl vəziyyətin necə olduğunu o, yaşadığı ünvana gəlmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 senyabr 2020-ci il tarixli qətnaməsini aldıqdan sonra bilmişdir. O, hesab edir ki, cavabdehlər tərəfindən aldadılmışdır və onun obyekti həddən artıq böyük məbləğdə olan borca görə bank qarşısında girov qoyulmuşdur. Borcun qaytarılmasında yaranmış çətinliklər nəticəsində isə onun mülkiyyətində olan daşınmaz əmlakın əlindən alınması realdır. Hal-hazırda vəziyyət belədir ki, əmlakı əsl dəyərindən çox aşağı qiymətə satışa çıxarılır. Hesab edir ki, cavabdehlər vaxtında ona düzgün məlumat versəydilər o, heç vaxt ipoteka müqavilələrini imzalamazdı. Ona görə ki, onun obyekti qiymətlidir, sərfəli yerdə yerləşir və həmin obyektin icarəsindən aldığı pul onun üçün həmişə çox əhəmiyyətli olub. Ona görə də, borc alanların öz hesablarına bankdan aldıqları kreditlər ödənilməlidir. Göstərilənləri əsas gətirib, məhkəmədən Cavabdeh4 ASC ilə onun arasında bağlanmış mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanında yerləşən binada 46kv.m əsas, 26.9 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi haqqında 24 iyun 2015-ci il tarixli 109.CL.010413.00001/j saylı ipoteka müqaviləsinin və 24 iyun 2015-ci il tarixli 109.CL.010413.00001/j saylı ipoteka müqaviləsinə 23.09.2015-ci il tarixli əlavənin bağlandıqları andan etibarsız hesab olunmasına və 01.07.2015-ci il tarixli ******* saylı ipoteka ilə yüklülük haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat və bu haqda çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili X2 məhkəmə iclasında iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 MMC-nin nümayəndəsi, Cavabdeh2, ləğv prosesində olan Cavabdeh4 ASCnin ləğvedici Əmanətlərin Sığortalanması Fondununun nümayəndəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, Cavabdeh4 ASC ilə Cavabdeh2 arasında bağlanmış 24 iyun 2015-ci il tarixli 109.CL.010413.00001/j saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 ASC ilə İddiaçı və Cavabdeh1 MMC arasında ipoteka müqaviləsi bağlanmış və İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospektində istifadəsində olan 0.1495 ha torpaq sahəsində yerləşən 90 nömrəli ünvanda yerləşən 46 kv.m ümumi, 19.1 kv. əsas, 26.9 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi ipoteka qoyulmuşdur. 23.09.2015-ci il tarixli ipoteka müqaviləsinə əlavənin surətindən görünür ki, Cavabdeh4 ASC ilə Cavabdeh2 və İddiaçı arasında ipoteka müqaviləsinə əlavə imzalanmış İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospektində istifadəsində olan 0.1495 ha torpaq sahəsində yerləşən 90 nömrəli ünvanda yerləşən 46 kv.m ümumi, 19.1 kv. əsas, 26.9 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi ipoteka qoyulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin (bundan sonra- MM) 14.1-ci maddəsinə əsasən Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır. MM-in “Müqavilə hüququ” adlı 20-ci Fəslində yer alan və bütün müqavilələrə şamil olunan 399 və 399.3-cü maddələri baxımından müqavilə azadlığı prinsipinə formal bərabərlik kimi baxıla bilər. Lakin konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarı) İstənilən halda məhkəmələr bu kimi məsələlərə baxarkən müqavilə azadlığı, azad sahibkarlıq fəaliyyəti, sosial dövlət və s. kimi müxtəlif konstitusiya dəyərləri arasında balansı gözləməli, işlə əlaqədar hər hansı qərarı qəbul etməmişdən əvvəl onun iqtisadi və sosial nəticələrini qabaqcadan görməlidirlər. Qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). İpoteka müqaviləsinin bağlanması zamanı sərəncam hüququnun həyata keçirilməsi “İpoteka haqqında” Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən ümumi birgə mülkiyyətdə olan əşyanın ipoteka ilə yüklü edilməsi zamanı bütün mülkiyyətçilərin hüquqlarının və qanuni maraqlarının qorunması məqsədilə həmin mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığının olması tələb edilir. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir (Mülki Məcəllənin 222.2-ci maddəsi). İş materiallarına əlavə edilmiş hazırki iş üzrə iddiaçı tərəfindən imzalanaraq, notariat qaydasında təsdiqlənmiş ərizələrdən müəyyən edilir ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahələrini Cavabdeh4 ASC-yə ipotekaya qoyulmasına razılıq vermiş, ipotekaya qoyulmuş əmlaklara tutma yönəldilməsinə dair öhdəlik götürmüşdür. Ona görə də məhkəmə ipoteka müqavilələrinin yuxarıda qeyd edilən əsasla etibarsızlığı üçün hüquqi əsaslar müəyyən etmədi. İş materiallarından göründüyü kimi İddiaçı 24 iyun 2015-ci ildə mübahisəli qeyriyaşayış sahəsinin Cavabdeh4 ASC-yə ipotekaya qoyulmasına razılıq vermiş, həmin andan ipoteka müqaviləsinin bağlanmasından məlumatlı olmuşdur. İddiaçı həmin ərizənin məzmununu mübahisələndirməmişdir. Bu da o deməkdir ki, iddiaçı sərbəst şəkildə notarial qaydada qeyri-yaşayış sahəsinin ipotekaya qoyulmasına dair razılıq vermişdir. Onun iddiası isə ondan ibarətdir ki, qeyri-yaşayış sahəsi ipotekaya qoyularkən notarius və cavabdehlər tərəfindən hüquqları ona aydın izah olunmamışdır. “İpoteka haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən iddiaçının notariat qaydasında təsdiq olunmuş razılığının olması ipoteka müqaviləsi bağlanarkən ikinci dəfə ondan razılığın alınması halını aradan qaldırır. Bu əsasla məhkəmə iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmir. İş materiallarında olan 24 iyun 2015-ci il tarixli 109.CL.010413.00001/j nömrəli ipoteka müqaviləsinə 23.09.2015-ci il tarixli əlavədən görünür ki,iddiaçı mübahisəli qeyriyaşayış sahəsini Cavabdeh4 ASC-yə ipotekaya qoyulmasına razılıq vermiş, həmin andan ipoteka müqaviləsinin bağlanmasından məlumatlı olmuşdur. İddiaçı həmin ərizənin məzmununu mübahisələndirməmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli 2(044)-9/2020 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və “xxxx” MMC-dən müştərək qaydada 01.04.2013-cü il tarixli 109.LN.2105.010413.00001 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 223783.48 ABŞ dolları, faiz borcu üzrə 25700.60 ABŞ dolları, cərimə 1000 ABŞ dolları, cəmi 250484.08 ABŞ dolları, qarantiyanın təqdim edilməsi üzrə GF/33 saylı 24 iyun 2015-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 173199.40 manat, faiz borcu üzrə 4948.75 manat, cəmi 178148.15 manat, 23.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə tarixə 180000 ABŞ dolları, faiz borcu 17545.52 ABŞ dolları, cəmi 197545.52 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu, sənədlərin notarial qaydada təsdiqi üçün 14 manat məbləğində pul ləğv prosesində olan Cavabdeh4 ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması,tutma öhdəliyin təmini kimi ipoteka qoyulmuş Cavabdeh2 məxsus ünvan 5 ünvanda yerləşən binanın 1-ci mərtəbəsində 124.8 kv.m ümumi, 103.3 kv.m əsas, 21.5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə, Cavabdeh2 məxsus Gəncə şəhəri. Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanda yerləşən binanın 1-ci girişinin zirzəmisində 73.8 kv.m ümumi, 8.1 kv.m əsas, 65.7 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanda yerləşən binada 46 kv.m ümumi, 19.1 kv.m əsas, 26.9 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, ilkin satış qiyməti 33000 manat qiymətləndirilmiş Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanda yerləşən binanın 1-ci girişinin zirzəmisində 73.8 kv.m ümumi, 8.1 kv.m əsas, 65.7 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsi, ilkin satış qiyməti 92000 manat qiymətləndirilmiş İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanda yerləşən binada 46 kv.m ümumi, 19.1 kv.m əsas, 26.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi və ilkin satış qiyməti 125000 manat qiymətləndirilmiş Cavabdeh2 məxsus ünvan 5 ünvanda yerləşən binanın 1-ci mərtəbəsində 124.8 kv.m ümumi, 103.3 kv.m əsas, 21.5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi açıq hərracda satılsın və satışdan əldə olunmuş pul vəsaiti ləğv prosesində olan Cavabdeh4 ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanda yerləşən binanın 1-ci girişinin zirzəmisində 73.8 kv.m ümumi, 8.1 kv.m əsas, 65.7 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi,İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti, 90 ünvanda yerləşən binada 46 kv.m ümumi, 19.1 kv.m əsas, 26.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi və Cavabdeh2 məxsus ünvan 5 ünvanda yerləşən binanın 1-ci mərtəbəsində 124.8 kv.m ümumi, 103.3 kv.m əsas, 21.5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və satıldıqdan sonra, həmin əmlaklar boşaldılıb iddiaçı ləğv prosesində olan Cavabdeh4 ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli 2(044)-9/2020 saylı qətnaməsi ilə tərəflər arasında olan mübahisəyə qiymət verilmiş və həmin işə baxılarkən də ipoteka müqavilələrinin etibarsızlığı mübahisələndirilməmişdir. Beləliklə, iddiaçı tərəfindən ipoteka müqavilələrini imzalayarkən onun aldadıldığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin(bundan sonra MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu onun özlərinə aid edilməlidir. MPM-in 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, ləğv prosesində olan Cavabdeh4 ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fonduna və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı «ipoteka müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-880/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-880/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver