Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-917/2022 18.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdeh MTK-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativi (MTK) qarşı müqavilənin ləğv edilməsi, müqavilə üzrə alınmış 15.000 manat pulun qaytarılması və zərərin ödənilməsi tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK ilə bağladığı 15 yanvar 2015-ci il tarixli ilkin müqaviləni ləğv edib, kooperativdən onun xeyrinə 15.000 manat məbləğində pulun və 5000 manat zərərin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, 2015-ci ilin yanvarında özünü Cavabdeh MTK-nin sahibi kimi təqdim edən X1 ilə razılaşıb həmin kooperativin Göygöl şəhərində inşa etdirdiyi yeddi mərtəbə yaşayış binasının 2-ci mərtəbəsində 58 kvm sahəli mənzil almışdır. Aralarında bağlanmış 15 yanvar 2015-ci il tarixli ilkin müqavilədə mənzilin qiyməti 17.000 manat, tikintinin müddəti 12 ay göstərilmişdir. Həmin tarixdə o, nağd olaraq koopertivə 15.000 manat ödəmişdir. Razılaşmaya əsasən qalan 2000 manatı mənzil hazır olana yaxın ödəməli idi. Həmin müddətdən 6 il 9 ay ötməsinə baxmayaraq Cavabdeh MTK öhdəliyinə əməl etməmiş, tikintini başa çatdırmamışdır. Cavabdehi uzun müddət gözləməyinin səbəbi Məmmədov Camaləddinin tikintinin tezliklə başa çatdıracağı haqda vədləri, eləcə də gözləmək, ona imkan vermək barədə yalvar-yapışları olmuşdur. Belə vəziyyətə o, aldadılmağını, da ha dəqiq desək, Məmmədov Camaləddinin bir ilə başa çatdıra bilməyəcəyi tikinti üçün müftə pul əldə etmək naminə bilə-bilə onu aldatmasını yəqinləşdirmiş, həm də bu yaxınlarda vəkillərin birindən daşınmaz əmlaka dair bütün müqavilələrin, o cümlədən ilkin müqavilənin də qanuna görə notariatda təsdiqlənməli olması barədə eşidib, Məmmədov Camaləddindən dəfələrlə pulunu geri tələb etmişdir. Lakin o müxtəlif bəhanlərlə pulunu qaytarmayıb, əlində saxlayaraq, ondan özü üçün qazanc əldə etmişdir.Sonda iddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qismən qəbul edərək bildirmişdir ki, MTK iddiaçıdan aldığı 15000 manatı ödəyəcəkdir. Lakin iddia tələbinin 5000 manat maddi zərər hissəsini qəbul etmir. Sonda o, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - 15 yanvar 2015-ci il tarixli ilkin müqavilədən görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında Xanlar şəhəri,R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkənd yolunun sol hissəsindıə yerləşən 7 mərtəbəli yaşayış evinin 1-ci blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 2-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 58 kv.metr olan 1 otaqlı mənzilin bir pay kimi verilməsinə dair razılığa gəlinmişdir. - xx.xx.2015-ci il tarixli, 125 nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən 15.000 AZN pul ilkin ödəniş kimi Cavabdeh MTK-a ödənilmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslıdır. Çünki tərəflər arasında podrat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı sifarişçi kimi təhvil veriləcək mənzilə görə razılaşdırılmış ödənişi edərək öhdəliyini yerinə yetirmiş, lakin cavabdeh podratçı olaraq müqavilədə nəzərdə tutulmuş mənzili təhvil verməyərək öhdəliyini icra etməmişdir. Belə olan halda iddiaçının müqavilədən imtina etmək və cavabdehdən müqavilə üzrə çəkdiyi xərci tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. - 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. - 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Bundan başqa iddiaçı cavabdehdən ona vurulmuş zərərə görə 5000 manat tələb etsə də, həmin zərərin konkret olaraq nədə ifadə olunduğunu göstərməmiş və bu barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 15000 manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 15000 (on beş min) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun 25 (iyirmi beş) manatı Cavabdeh MTK-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-917/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-917/2022
18.05.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver