Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-981/2022 10.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan 21.04.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin 22.12.2021-ci il tarixdən mediasiyaya müraciət etdiyi vaxtdan və mediasiya xidməti üzrə ödənilmiş 50 manat rüsumun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, o, Cavabdeh ilə 02 may 2019-cu il tarixdə el adəti ilə evlənmiş, 04 may 2019-cu il tarixdə 4 saylı Bakı “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahdan 21.04.2020-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurduqları ilk vaxtlardan münasibətləri normal olsa da, sonradan cavabdeh hər dəfə öz ailəsi ilə arasında narazılıq olanda sonuncunun günahı olmadan onu döyüb, heç bir səbəbi olmadan aralarında narazılıqlar yaratmışdır. Cavadehlə birgə nikahlarından olan uşaqları Nilay anadan olandan “kəllə beyin daxili təzyiq xəstəsi” olmaqla həkim nəzarəti altında hər ay müalicə almalı olduğu halda cavabdeh heç bu barədə düşünmək belə istəməmişdir. O, cavabdehlə birgə Gəncə şəhərində yaşadıqları müddətdə uşağı sonuncunun valideynləri müalicə elətdirmiş, sonradan onlar Bakı şəhərinə cavabdehin valideynlərinin yanına köçmüş, orada uşağın müalicəsi yarımçıq qalmışdır. Onun validenləri uşağın müalicəsi üçün pul göndərəndə də, həmin pulu cavabdeh öz ehtiyacları üçün xərcləmişdir. Cavabdeh həmişə ailəsinə biganə olmuşdur. Onun başqa qadınlarla münasibəti olmuş, o, başqa qadınla sonuncunun birgə şəklini görüb cavabdehə iradını bildirəndə, əvvəl o, dostu olduğunu bildirsə də, sonradan “Yaxşı edirəm, özüm bilərəm” deyərək onu təhqir etmişdir. 2021-ci ilin iyul ayında cavabdeh onu uşağı ilə birgə Gəncə şəhərinə gətirib validenlərinin yanına qoyub, bir müddət sonra gəlib aparacağını desə də, sonradan gəlib aparmadığı üçün onun validenyləri və qohumları onu Bakı şəhərinə aparmış, lakin onun qaynansıgil onları evdən qovmuş və ona aid əşyaları da verməmişdir. Həmin vaxtdan onlar faktiki olaraq ayrı yaşayırlar. Uşağı bu günədək onun valideynləri müalicə etdirirlər. Onun iş yeri və hər hansı gəlirləri olmadığı üçün uşağa valideynlərinin maddi və mənəvi köməyi ilə baxır. Bu səbəbdən də o, məcbur olub 22.12.2021-ci il tarixdə mediasiya şurasına müraciət etmiş, mediator isə arayışı 12.02.2022-ci il tarixdə vermişdir. Bu səbəbdən də, alimentin məhkəməyə müraciət etdiyi andan deyil, mediasiya prosesinin tətbiqi barədə təklifin verildiyi andan hesablanmasını xahiş edir. Sonda o, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə Cavabdeh 04.05.2019-cu il tarixdə 4 saylı “Bakı ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. - doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan 21.04.2020-ci il təvəllüdlü X3 adlı uşaqları vardır. - X1 iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh X1 iştirak etməmiş, İddiaçı X1 iştirak etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı iddia ərizəsində yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay 200 manat məbləğində aliment tutulmasını xahiş etsə də, sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Buna görə də məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini onun normal, yəni qida rassionuna uyğun şəkildə qidalanmağını, fiziki, əqli, sosial cəhətdən sağlam böyüməsini və inkişafını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün sabit pul məbləğində tutulmalı olan alimentin məbləği hər ay 150 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı alimentin 22.12.2021-ci il tarixdə mediasiya müraciət etdiyi vaxtdan hesablanmasını tələb etsə də, o, həmin vaxtdan məhkəməyə müraciət edənədək aliment almaq üçün tədbirlər gördüyünə, lakin cavabdehin aliment verməkdən boyun qaçırdığına dair məhkəməyə sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-ci maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 10.03.2022-ci il tarixdən tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləninin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X1 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X1 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən X1 iştirak etmədiyini, iddiaçının dövlət rüsumunu ödəməkdən azad edildiyini, tələb edilən alimentin 1 illik məcmusunun 2400 manat olduğunu və iddianın qismən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumu üçün ödənilməli olan 44 manatın 38 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından olan 21.04.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulmasının əvvəli 10.03.2022-ci il tarixdən hesablansın. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. İlkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun və Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-981/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-981/2022
10.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver