Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1134/2023 05.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, X1 kаtibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirаkları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və mediasiya şurasına ödənilmiş 50 (əlli) manat rüsumun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2017-ci ildə el adəti ilə toy etmiş, lakin nikahları cavabdehin ucbatından rəsmi qeyd edilməmişdir. Birgə yaşadıqları müddətdə xx.xx.2018-ci il təvəllüdlü X5 adlı bir uşağı olmuşdur. Cavabdeh uşağına Goranboy rayon Qeydiyyat şöbəsində atalıq vermiş və bunun əsasında uşağa doğum haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə ilk vaxtlar mehriban yaşasalar da, sonralar münasibətləri pozulmuşdur. Cavabdeh hal-hazırda ailəsi ilə maraqlanmır, uzun müddətdir ki, onlardan ayrı yaşayır. Özü hal-hazırda heç yerdə işləmir və uşağın saxlanmasında maddi çətinlik çəkir. Lakin, cavabdehin maddi vəziyyəti normaldır, sabit əmək haqqı almasa da, fərdi əməklə məşğuldur və gəliri yaxşıdır. Uşaqları xəstəlikdən əziyyət çəkir, tez-tez həkim nəzarətində qalır və müalicəsi üçün yazılan dərmanları almağa maddi imkanı çatmır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. X5 onun uşağıdır və o, buna dair atalıq vermişdir. Onun aliment ödəməyə imkanı çatmır. Hesab edir ki, uşaq anasında qala bilməz. Belə ki, uşağın anası İddiaçı xəstədir və bu səbəbdən də uşağa baxa bilməz. Həmçinin, onun övladı X5 da ruhi xəstədir. Buna görə də uşağa onun özü də baxmaq istəmir. Əgər uşaq xəstə olmasaydı onu anasından götürüb özü baxardır. Hesab edir ki, X5 uşaq evinə verilməlidir. Xahiş edir ki, X5 uşaq evinə verilsin. İzahatında göstərdiklərinə dair etiraz ərizəsini də məhkəməyə təqdim etmişdir. Yekunda iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 367078 nömrəli arayışdan görünür ki, X5 xx.xx.2018-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 225447 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; xx.xx.2023-cü il tarixli, 31255 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən X2 hesabına 50 manat ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 atasıdır. İddiaçı uşağın saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tələb edir. Cavabdeh iddia tələbini qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay 220 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 40.4 manat (170 manat*12ay=2040 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, həmçinin 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 40.4 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-1134/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1134/2023
05.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver