Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1135/2024 16.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat alimentin tutularaq azyaşlı uşağı 08 avqust 2019cu il təvəllüdlü X1 üçün ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Eariz oğlu ilə 2018-cı ildə ailə qurmuş, bu barədə olan nikah cavabdehin təqsiri ucbatından rəsmi qeyd edilməmişdir. Birgə yaşadığı müddətdə bir uşağı olmuşdur. X3-08 avqust 2019-cu il təvəllüdlü. Cavabdehlə elə ilk gündən münasibətləri pis olmuşdur. Belə ki, əsassız olaraq onu təhqir edirdi, döyürdü. Dəfələrlə işinə Polis şöbəsində, məhkəmədə baxılmışdır. Baxmayaraq ki, 2020-ci ildən ayrılmışdır, cavabdeh bu gündə onu təhdid edir, döyməklə, öldürməklə hədələyir. 2020-ci ildən bu günə kimi cavabdeh bir dəfə də olsun ki, uşağı ilə maraqlanmamışdır. Halbuki, uşaq xəstədir, hər ay onun müalicəsi üçün xeyli vəsait lazımdır. O, bir ana kimi uşağın gələcəyi üçün, onun sağlam böyüməsi üçün hər şey edir. Lakin, cavabdeh bir ata kimi üzərinə düşən məsuliyyəti başa düşmür. Bu neçə ildə bir dəfədə olsun ki, ailəsi, uşaqları ilə maraqlanmamışdır. Onlar harada yaşayır, uşaqları nə yeyir, necə yaşayır, bu hec onun vecinə də deyil. İstəyir ki, bir ata kimi cavabdehdə uşağı qarşısında öhdəliyi olduğunu anlasın. Ona görə də hər ay cavadehdən sabit pul məbləğində uşağı üçün yaşayış minimumu həddində, yəni 235 (iki yüz otuz beş) manat aliment tutularaq ona verilsin. Hesab edir ki, uşağının diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşağının saxlanması xərclərini ödəməlidir. Cavabdehlə arasında yetkinlik yaşına çatmayan uşağına görə aliment ödənilməsi barədə saziş yoxdur. Ona görə də cavbdehdən hər ay sabit pul məbləğində bir uşaq üçün 235(iki yüz otuz beş) manat alimentin alınaraq ona verilməsini istəyir. Lakin, cavabdeh könüllü aliment vermək istəmir. “Mediasiya haqqında”AR-nın xx.xx.2019-cu il tarixli Qanununa əsasən məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmişəm. Bu barədə ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayışı məhkəməyə təqdim edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, dörd ildir ki, cavabdehlə ayrı yaşayır. Bu müddət ərzində cavabdeh uşağı ilə maraqlanmamış , halbuki uşağı xəstədir və hər ay müalicəyə ehtiyacı var. O, müəllimə işləyir və aylıq 170 manat maaş alır. Bu da uşağın xərclərini ödəmir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İ seriyalı 365574 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İV seriyalı, 317212 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 08 avqust 2019-cu ildə Gəncə şəhər, Kəpəz rayonunda doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 08 avqust 2019-cu il təvəllüdlü X2 atasıdır. İddiaçı uşağın saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay 235 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini və gəlirlərini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. İddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan 08 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 44 manat (200 manat*12ay=2400 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş 08 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən etibarən hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş 08 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən etibarən hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh dövlət büdcəsinə 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1135/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1135/2024
16.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver