Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1149/2025 15.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Bayramova Aytac Məhərrəm qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat alimentin tutularaq azyaşlı uşağı 31 iyul 2024-cü il təvəllüd X1 üçün və ərizə məhkəməyə daxil olduğu tarixdən başlayaraq uşağın 3 yaşı tamam olanadək ona hər ay 100 manat məbləğində sabit pul məbləğində alimentin tutulub verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 14 oktyabr 2023-cü ildə ailə qurub evlənmişdirlər.Bu barədə olan nikahları 24 sentyabr 2023-cü il tarixdə 2 saylı Gəncə Regional ASAN xidmət mərkəzinin Qeydiyyat şöbbəsində rəsmi qeyd edilmişdir.Birgə yaşadıqları müddətdə bir uşaqları olmuşdur.X3-31 iyul 2024-cü il təvəllüd.Cavabdehlə münasibətləri yaxşı olsada,valideyinləri ilə,xüsusi olaraq anası ilə münasibətləri ilk gündüən pis olmuşdur. Belə ki,elə ilk gündən ona deyirdi ki,mən oğluma başqa birisini alacaqdım.Evdə nə iş görürdüsə xoşuna gəlmirdi,çay süzürdü içmirdi,yemək pişirirdi yemirdi.Bir sözlə ilk gündən onu əsassız olara incidirdi.O da bu barədə cavabdehə bildirdikdə heç nə demirdi.Bunun nəticəsi olaraq hətta bir dəfə o Nikahın ləğvi barədə iddia ilə məhkəməyədə müraciət etmək isdəmişdi,lakin,mediatorda barışıblar.Səbr edib gözləyirdi ki,bəlkə hər şey düzələ.Lakin,münasibətləri daha da pisləşdi.Bir neçə vaxt olar ki,aralarında baş verən münaqişədən sonra cavabdeh onu uşağı ilə birlikdə anası evinə qonaq kimi gətirdi ki,sonra gəlib aparacaq.Lakin,sonra gəlmədi.Bu günə kimi uşağı ilə birlikdə anasının yanında yaşayır.Ayrılıb anası evinə gələndən cavabdeh bir dəfədə olsun ki,uşağı ilə maraqlanmamışdır.Uşağı nə yeyir,nə içir,harada yaşayır,bu heç onun vecinə də deyil. Bu vaxt ərzində uşağı onun himayəsində qalmış,onun bütün maddi və mənəvi təlabatını təkbaşına ödəyir.Cavabdeh isə bir ata kimi uşağın necə yaşaması və dolanması ilə maraqlanmamış,bir ata kimi uşağın saxlanması vəzifəsini yadından çıxarmışdır.Belə olan halda o da məcburdur ki,cavabdehdən uşağa və uşaq 3 yaşına çatana kimi onun üçün aliment tələb edə. Bu xərcləri ödəmək cavabdeh üçün elə də çətin olmaz.Çünki Goranboy rayonu,Quşçular kəndində İƏDÜ-nümayəndəlikdə müavin vəzifəsində işləyir.Eyni zamanda torpaq sahələri var,əkin əkirlər,mal-heyvan saxlayırlar,ayda yaxşı qazanırlar.Hesab edir ki,uşağının diqqətəlayiq mənafeyini nəzərə alaraq,eləcədə qanunvericiliyin tələblərinə uyğun olaraq,cavabdeh uşağın saxlanması xərclərini ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, 180 manat aliment və 3 yaşına qədər də 40 manat ödəməyə maddi imkanı çatır. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 2 saylı Gəncə ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 576941 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2023-cü il tarixdə 2 saylı Gəncə ASAN xidmət mərkəzində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 803 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Velyeva” soyadı verilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 999067 nömrəli arayışdan görünür ki, X3 xx.xx.2024-cü ildə Gəncə şəhəri Nizami rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2024-cü il təvəllüdlü X3 anadan olmuşdur. Tərəflər ayrı yaşayır və uşaq iddiaçının yanında qalır. Hazırda iddiaçı cavabdehin uşağın saxlanılmasında ona maddi yardım göstərmədiyini əsas gətirərək, hər ay uşağın saxlanması üçün 246 manat aliment və uşaq 3 yaşına çatanadək özünə 100 manat miqdarında maddi yardım ödənilməsini tələb edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək hər ay cəmi 220 manat məbləğində aliment ödəyə biləcəyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulur; 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 84.2 və 84.2.2-ci maddəsinə əsasən maddi cəhətdən köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur; 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 8.4-1-ci bəndinin izahına görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları alimentin təyin edilməsi ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay 246 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini və gəlirlərini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Odur ki, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan tərəflərin birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,475 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin xx.xx.2024-cü il təvəllüdlü X2 3 yaşına çatanadək iddiaçının xeyrinə hər ay 100 manat məbləğində aliment tutulması hissəsinə dair qeyd edir ki, tələb bu hissədə də yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla qismən təmin olunmalı və uşaq 3 yaşına çatanadək İddiaçı xeyrinə Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,1 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasnın Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün Cavabdeh dövlət büdcəsinə 47,60 manat (230*12ay=2760 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,475 misli həddində sabit pul məbləğində aliment və uşaq 3 (üç) yaşına çatanadək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,1 misli həddində sabit pul məbləğində aliment (maddi yardım) tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,475 misli həddində sabit pul məbləğində aliment və uşaq 3 (üç) yaşına çatanadək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,1 misli həddində sabit pul məbləğində aliment (maddi yardım) tutulsun. Cavabdeh dövlət büdcəsinə 47,60 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1149/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1149/2025
15.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver