Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1173/2023 16.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma və mülkiyyət hüququnu pozan hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma və mülkiyyət hüququnu pozan hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək:
1. cavabdehlər Cavabdeh2, Cavabdeh1 onların 3 nəfər yetkinlik yaşına çatmayan uşaqları X1, X2 və X3 ilə birlikdə onun mülkiyyət hüququna məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və 0,08 ha torpaq sahəsindən çıxarılmaları;
2. cavabdehlər Cavabdeh1 və onun arvadı Cavabdeh2 2021-ci ilin noyabr ayından bu günə kimi onun mülkiyyət hüququnu qəsdən pozaraq evinin 4 otaqdan ibarət 124,3 kv.m. sahəsinə və ev əşyalarına qanunsuz sahibləndiklərinə, otaqların giriş qapısını kərpic materialı ilə hördürüb, evin fasadını dəyişərək arxadan qapı açdırıb, əmlakına qəsdən ziyan vurduqlarına, evdən çıxmaq da istəmədiklərinə görə hər ikisinin cinayət məsuliyyətinə cəlb olunması;
3. Cavabdeh1 24 oktyabr 2022-ci il tarixdə İ.Qayıbov küçəsində səhər saat 10:00 radələrində evinin önündə ictimai yer hesab olunan rayon prokurorluğunun yanında qonşuları X5 şahidliyi ilə onu və həyat yoldaşı X4 heç bir səbəb olmadan nalayiq küçə söyüşləri ilə təhqir etdiyinə, həyat yoldaşının üstünə hücum çəkdiyinə və bununla da xuliqanlıq hərəkətlərinə görə də əlavə cinayət məsuliyyətinə cəlb edilməsi;
4. 2021-ci ilin noyabr ayından hal-hazıra kimi ünvan 2 ünvanda 4 otaqdan ibarət, sahəsi 124,3 kv.m. olan evinə beş nəfər ailə üzvü ilə zorakılıqla soxulub yaşadıqlarına, 18 ay ərzində mənzilini əşyaları ilə birlikdə istismar etdiklərinə görə cavabdeh şəxs Cavabdeh1 ailə başçısı kimi hər aya 350 manat hesabı ilə cəmi 18 ay üçün ona 6300 (altı min üç yüz) manat məcburi təzminat ödəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyildir. İddia ərizəsi “cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları” və “6300 manat təzminat” hissələrində geri qaytarılmalı, iddia ərizəsinin “cavabdehlərin cinayət məsuliyyətinə cəlb edilməsi” hissəsində məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddiaçının tələbi 4 hissədən ibarətdir. İddiaçı tələbinin 1-ci hissəsində cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və 0,08 ha torpaq sahəsindən çıxarılmalarını, 4-cü hissəsində isə evində yaşadıqlarına görə Cavabdeh1 6300 manat təzminat ödənilməsini tələb edir. İddia ərizəsində iddia tələbinin həmin hissələri üzrə cavabdehlərə qarşı bir-biri ilə əlaqədar olmayan 2 tələb birləşdirilmişdir. Göründüyü kimi iddia tələbinin 1-ci hissəsi cavabdehlər və onların uşaqlarına qarşı, 4-cü hissəsi isə cavabdehlərin hər ikisinə qarşı deyil, yalnız Cavabdeh1 qarşı yönəlmiş, digər Cavabdeh2 qarşı isə həmin hissədə tələb yönəlməmişdir. Odur ki, iddiaçının cavabdehlərə qarşı olan tələbləri bir-biri ilə əlaqədar deyildir. İddiaçı tərəfindən cavabdehlərə qarşı yönəlmiş tələblərin bir-biri ilə əlaqəsi olmadığı üçün onlara bir icraatda birləşdirilərək baxıla bilməz. Həmin tələblərin hər birinə ayrıca icraatda baxılmalıdır. Həmçinin, iddiaçı tələbinin 2-ci hissəsində cavabdehlərin onun evinə və ev əşyalarına qanunsuz sahibləndiklərinə, evinə müdaxilələr edərək əmlakına qəsdən ziyan vurduqlarına və onların evdən çıxmaq istəmədiklərinə görə hər ikisinin cinayət məsuliyyətinə cəlb olunmasını, 3-cü hissəsində isə Cavabdeh1 ictimai yerdə qonşusunun şahidliyi ilə onu və həyat yoldaşını nalayiq küçə söyüşləri ilə təhqir etdiyinə, həyat yoldaşının üstünə hücum çəkdiyinə və bununla da xuliqanlıq hərəkətlərinə görə əlavə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Yəni, iddiaçı tələbinin həmin hissələrində cavabdehlərin cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Lakin, həmin hissələr üzrə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Əlavə olaraq o da qeyd olunmalıdır ki, iddia ərizəsi ümumilikdə qeyri-müəyyəndir. Belə ki, iddia ərizəsi “evdən çıxarılma və mülkiyyət hüququnu pozan hərəkətlərin qadağan edilməsi” şəklində adlandırılmış, lakin iddiaçı məhkəmədən qeyd edilən 4 tələb barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin 1-ci hissəsi evdən çıxarılma barədə olsa da cavabdehlərə qarşı mülkiyyət hüququnu pozan hərəkətlərin qadağan edilməsi barədə hər hansı bir tələb irəli sürülməmişdir. MPM-in: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir; 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur; 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır; 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlərə əsaslanaraq və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma və mülkiyyət hüququnu pozan hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi “cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları” və “6300 manat təzminat” hissələrində geri qaytarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma və mülkiyyət hüququnu pozan hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddia ərizəsinin “cavabdehlərin cinayət məsuliyyətinə cəlb edilməsi” hissəsində məhkəmənin icraatına qəbul olunmasından imtina edilsin. Cavabdehlər Cavabdeh1 və onun arvadı Cavabdeh2 cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı iddiaçıya Goranboy RPŞ-yə müraciət etmək hüququ izah edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Tural Ələkbərov