Məhkəmə qərarları › İş №2(045)-1202/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1202/2025

24.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1202/2025 24.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Goranboy rayonunun Balakürd kəndində yerləşən evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən X7 oğlu, Cavabdeh isə gəlinidir. Nikahlarını 28 aprel 2012-ci ildə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Hazırda onun mülkiyyətində olan, Goranboy rayonu, Balakürd kəndində yerləşən evdə yaşayırlar. Məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Döxlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş pasportun surətindən görünür ki, Goranboy rayonu, Balakürd kəndində yerləşən, reyestr nömrəsi **********99-10301 olan fərdi yaşayış ev şəxsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bugün o, mülkiyyətində olan evdə rahat yaşaya bilmir. Çünki Cavabdeh ona rahat yaşamağa imkan vermir. Onu əsassız olaraq təhqir edir, istəmirsənsə çıx get deyir”. O, qoca və xəstə bir adamdır, yatıb dincəlmək istəyir bu zaman səs-küy edib onu dincəlməyə qoymur. Onun bu hərəkətlərinə isə oğlu olan Elşən Məmmədov da heç nə demir. Deyir ki, “nə edim öhdəsindən gələ bilmirəm”. Cavabdeh onun rahat yaşamağına maneə olur. O isə bu qoca vaxtında rahat yaşamaq istəyir. O, dəfələrlə cavabdehə evindən çıxıb getməsini xahiş etsə də, cavabdeh evindən könüllü çıxmaq istəmir. Cavabdeh deyir ki, “çıxmıram get nə bilirsən elə, ev mənimdir, səni belə çürüdəcəyəm”. Cavabdehlə onun bir evdə yaşamağı artıq mümkün deyildir. Onun bir yerdə yaşamağı elə bilir ki, faciəyə gətirib çıxara bilər. Çünki Cavabdeh hərəkətləri normal deyildir, ona qarşı çox aqressivdir. İndi tələbi ondan ibarətdir ki, cavabdeh ona məxsus olan evdən çıxarılsın. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, Goranboy rayonunun Balakürd kəndində yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun gəlinidir. X2 ilə cavabdeh arasında nikah 28 aprel 2012-ci ildə bağlanmışdır. Həmin vaxtdan cavabdeh onun evinə gəlin gəlmişdir. Hazırda oğlu ilə cavabdeh arasında rəsmi ailə münasibətlərin olmasına baxmayaraq, onlar birlikdə yaşamılar. Belə ki, cavabdeh ona məxsus fərdi yaşayış evinə istədiyi vaxt gəlib-gedir, evinə maddi ziyan vurur, eyni zamanda oğlunu alimentin verilməsi ilə hədələyir, belə olan halda oğlu məcbur olub cavabdehi evə buraxır. Hazırda o, gəlini Cavabdeh ona məxsus evdən çıxarılmasını istəyir. Bununla bağlı cavabdehə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, sonuncu onun sözlərinə məhəl qoymamış və həmin mübahisəli evə ara-sıra gələrək, ona maneçilik törədir. Bu isə öz növbəsində onun mülkiyyətində olan fərdi yaşayış evində sərbəst hərəkət etmək və istədiyi kimi istifadə etmək hüququnu məhdudlaşdırır. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bu səbəbdən məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh məhkəmə hazırlıq iclasına etiraz ərizəsi ünvanlayaraq, iddianı qəbul etmədiyini, iddiaçının mülkiyyətində olan həyətdə iki evin olduğunu, o evin birində onun ailəsi ilə birlikdə yaşadığını, digərində isə qayınanasının yaşadığını və onun başqa yaşayış yerinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Goranboy rayon Balakürd kənd icra nümayəndəliyi tərəfindən verilmiş 121 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Əliyeva X1 rayonu Balakürd kəndində qeydiyyatdadır və yaşayır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 747131 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə VCavabdeh arasında nikah 28 aprel 2012-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 90 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Əliyeva” soyadı verilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 409340 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 13 aprel 2013-cü ildə Gəncə şəhərində doğulmuş, atası X7, anası Cavabdehdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 515047 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 13 may 2015-ci ildə Goranboy şəhərində doğulmuş, atası X7, anası Cavabdehdır; Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 2/5 hissəsi yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmuş torpaq sahəsi və tam fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir; Goranboy rayon Balakürd kənd icra nümayəndəliyi tərəfindən verilmiş 141 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ailə tərkibi X2, gəlini VCavabdeh, nəvələri X5 və X3r. Qeyd hissəsində göstərilmişdir ki, X4 təsərrüfatı ayrıdır, gəlini VCavabdeh 2012-ci il tarixdə Balakürd kəndinə ərə gəlmiş və həmin vaxtdan Balakürd kəndində bu təsərrüfatda qeydiyyatsız yaşayır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutları və iddia tələbinin dəlillərini digər yanaşı sübutlarla yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlardan görünür ki, Goranboy rayonu Balakürd kəndində yerləşən 112 kv.m fərdi yaşayış evi tam və 0.06 ha torpaq sahəsinin 2/5 hissəsinin hüquqi sahibi İddiaçıdır. Cavabdeh iddiaçının X2 arasında nikah 28 aprel 2012-ci il tarixdə bağlanmış və cavabdeh mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Hazırda tərəflərin arasında faktiki ailə münasibətləri kəsilmiş və iddiaçı cavabdehin ona məxsus fərdi yaşayış evindən çıxarılmasını istəyir. Cavabdeh də iddianı qəbul etməyərək etiraz etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, tərəflər arasında münasibət 2009-cu ilin 01 oktyabr tarixindən sonra yarandığından həmin münasiətlər də Azərbaycan Respublikasə Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Hazırkı işdə isə belə hallar mövcud deyildir. Məhkəmə qeyd edir ki, Goranboy rayonu Balakürd kəndində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətində olduğundan o, həmin yaşayış sahəsinə dair sahiblik, istifadə və sərəncam hüquqlarına malikdir. Lakin, Cavabdeh həmin evdə olduğu və yaşadığı halda iddiaçı mülkiyyət hüququnu tam şəkildə həyata keçirə bilmir. Eyni zamanda cavabdeh etiraz ərizəsində özü də qeyd edir ki, o, ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus evdə yox, həyətdə yerləşən başqa bir evdə yaşayır, onların sadəcə iddiaçıya məxsus evdə pasport qeydiyyatları vardır. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrı təsərrüfat idarə etdikləri üçün cavabdehin iddiaçıya məxsus evdə yaşaması formal xarakter daşıyır və ona görə də, iddiaçı ona məxsus fərdi yaşayış evindən cavabdehin çıxmasını tələb etməkdə haqlıdır. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia təmin edilməli, Cavabdeh İddiaçı **********299 reyestr nömrəsi ilə məxsus olan Goranboy rayonu Balakürd kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı **********299 reyestr nömrəsi ilə məxsus olan Goranboy rayonu Balakürd kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar