Məhkəmə qərarları › İş №2(045)-1222/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1222/2025

12.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1222/2025 12.08.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Bayramova Aytac Məhərrəm qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay sabit pul məbləğində azyaşlı uşaqları xx.xx.2017-ci ildə anadan olmuş X4 və xx.xx.2023-cü ildə anadan olmuş X1 üçün, cəmi 492 (dörd yüz doxsan iki) manat miqdarında alimentin və ərizə məhkəməyə daxil olduğu tarixdən başlayaraq uşağın 3 yaşı tamam olanadək ona hər ay 100 manat məbləğində alimentin tutulub verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 25 mart 2018-ci ildə ailə qurmuşdurlar. Bu barədə olan nikahıları bir qədər gec, yəni 23 iyul 2019cu il tarixdə Goranboy rayon Qeydiyyat şöbbəsində rəsmi qeyd etdirmişlər.Birgə yaşadıqları müddətdə iki uşaqları olmuşdur. X6-24 sentyabr 2019-cu il təvəllüdlü və X5-22 yanvar 2023-cü il təvəllüdlü.Cavabdehlə münasibətləri yaxşı olmamışdır. Elə ilk gündən ailəsinə, uşaqlarına baxmırdı. Onu tez-tez əsassız olaraq döyürdü. Bir neçə il səbr edib gözlədi ki,bəlkə düzələ. Lakin, cavabdehdə heç nə dəyişmədi. 02 fevral 2025-ci ildə yenə də, əsassız olaraq onu döydü. O da valideyinlərinə bu barədə bildirdi. Onlar da gəlib onu uşaqları ilə birlikdə öz evlərinə gətirdilər. Həmin vaxtdan da atası evində yaşayır. Bugünə kimi cavabdeh bir dəfə də olsun ki, ailəsi, uşaqları ilə maraqlanmamışdır. Uşaqları nə yeyir, nə içir, harada yaşayırlar, bu heç onun vecinə də deyil. Bu vaxt ərzində uşaları onun himayəsində qalmış, onların bütün maddi və mənəvi təlabatını təkbaşına ödəyir. Cavabdeh isə bir ata kimi uşaqların necə yaşaması və dolanması ilə maraqlanmamış, bir ata kimi uşaqların saxlanması vəzifəsini yadından çıxarmışdır. Belə olan halda o da məcburdur ki, cavabdehdən uşaqlarına və qızı Turanə 3 yaşna çatana kimi özü üçün aliment tələb edə. Bu xərcləri ödəmək cavabdeh üçün elə də çətin olmaz. Çünki Goranboy rayonunda mebel sexində işləyir, Rusiya Federasiyasına gedib-gəlir, ayda yaxşı qazanır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X7 iddia tələbini qismən qəbul edərək bildirdi ki, iki uşağa görə ümumilikdə 200 manat ödəməyə imakı çatır. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 330093 nömrəli çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2019-cu il tarixdə Goranboy rayon Qeydiyyat Şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 155 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Aslanova” soyadı verilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 828329 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü ildə Goranboy şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 360455 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu ildə Gəncə şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X5 anadan olmuşdur. Tərəflər ayrı yaşayır və uşaqlar iddiaçının yanında qalır. Hazırda iddiaçı cavabdehin ona uşaqların saxlanılmasında maddi yardım göstərmədiyini əsas gətirərək, hər ay uşaqların saxlanması üçün hər uşaq üçün 246 manat aliment və xx.xx.2023-cü il təvəllüdlü X5 3 yaşına çatanadək özünə 100 manat miqdarında maddi yardım ödənilməsini tələb edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək hər ay cəmi 200 manat məbləğində aliment ödəyə biləcəyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulur; 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 84.2 və 84.2.2-ci maddəsinə əsasən maddi cəhətdən köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur; 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 8.4-1-ci bəndinin izahına görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları alimentin təyin edilməsi ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 246 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini və gəlirlərini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Odur ki, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,425 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına çatanadək iddiaçının xeyrinə hər ay 100 manat məbləğində aliment tutulması hissəsinə dair qeyd edir ki, tələb bu hissədə də yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla qismən təmin olunmalı və uşaq 3 yaşına çatanadək İddiaçı xeyrinə Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasnın Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün Cavabdeh dövlət büdcəsinə 64,40 manat (370*12 ay = 4440 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,425 misli həddində sabit pul məbləğində aliment və xx.xx.2023-cü il təvəllüdlü X5 3 (üç) yaşına çatanadək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,075 misli həddində sabit pul məbləğində aliment (maddi yardım) tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,425 misli həddində sabit pul məbləğində aliment və xx.xx.2023-cü il təvəllüdlü X5 3 (üç) yaşına çatanadək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,075 misli həddində sabit pul məbləğində aliment (maddi yardım) tutulsun. Cavabdeh dövlət büdcəsinə 64,40 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar