Məhkəmə qərarları › İş №2(045)-124/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-124/2024

18.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-124/2024 18.01.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki işə Goranboy Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyət hüququ üzrə ona məxsus Goranboy rayonunun Faxralı kəndində yerləşən evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, Goranboy rayonunun Faxralı kəndində yerləşən 77,8 kv. metr sahəsi olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Goranboy rayon məhkəməsinin 01 iyul 2010-cu il tarixli 2(045)298/2010 saylı qətnaməsinə əsasən Cavabdeh 3500 manat pul kompensasiyası verilməsi yolu ilə Goranboy rayonunun Faxralı kəndində yerləşən evdən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Lakin dəfələrlə kompensasiyanı ödəmək istəsə də cavabdeh məhkəmənin qətnaməsini heçə saymış, kompensasiya məbləğini götürməmiş, evdən çıxmamışdır. Cavabdeh kompensasiyanı götürmədiyindən həmin 3500 manat kompensasiya məbləği icranın depozit hesabına onun tərəfindən köçürülmüşdür. Lakin cavabdehin Goranboy rayonunun Faxralı kəndində yerləşən evdən istifadə hüququna xitam verilməsinə baxmayaraq qanunsuz olaraq onun mülkiyyətində olan evdə yaşamaqla onu evə buraxmır, o isə hazırda mülkiyyətindən tam məhrum olmuşdur. Buna görə də Goranboy rayonunun Faxralı kəndində yerləşən 77,8 kv. metr sahəsi olan fərdi yaşayış evindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin iddiaya dair öz etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Goranboy rayon məhkəməsinin 01 iyul 2010-cu il tarixli 2(045)298/2010 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 3500 manat pul kompensasiyası ödənilməsi yolu ilə Goranboy rayonunun Faxralı kəndində yerləşən evdən istifadə hüququna xitam verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmalakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Goranboy rayonunun Faxralı kəndində 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına tam mülkiyyət hüququ üzrə xx.xx.2009cu ildə qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2023-cü il tarixli 11611 nömrəli qəbzdən görünür ki, 3500 manat kompensasiya məbləği olan pul Goranboy rayon İcra və Probasiya şöbəsinin hesabına ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2023-cü il tarixli 467 nömrəli qəbzdən görünür ki, İddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş mediasiya sessiyasının davam etdirilə bilməməsi barədə Goranboy rayonu 1 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırda mübahisəyə səbəb olmuş Goranboy rayonunun Faxralı kəndində 0,12 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına tam mülkiyyət hüququ üzrə xx.xx.2009-cu ildə qeydiyyata alınmışdır. Goranboy rayon məhkəməsinin 01 iyul 2010-cu il tarixli 2(045)298/2010 saylı qətnaməsinə əsasən Cavabdeh 3500 manat pul kompensasiya ödənilməsi yolu ilə Goranboy rayonunun Faxralı kəndində yerləşən evdən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Cavabdeh kompensasiya məbləğini qəbul etməkdən imtina etmişdir. xx.xx.2023-cü il tarixdə 3500 manat pul kompensasiyası Goranboy rayon İcra və Probasiya şöbəsinin hesabına ödənilmişdir. Lakin cavabdeh İddiaçı mülkiyyətində olan Goranboy rayonunun Faxralı kəndində 0,12 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxmamış və iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırmışdır. İşin göstərilən halları işdə iştirak edən iddiaçının izahatı izahatı və iş materiallarında olan sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29cu maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan Hüquqları haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanuni əsası olduğundan iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Goranboy rayonunun Faxralı kəndində 0,12 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci olmaqla ödənilmiş dövlət rüsumunu cavabdehdən tələb etmədiyindən onun tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Goranboy rayonunun Faxralı kəndində 0,12 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar