Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1263/2024 09.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sağlamlığa və əmlaka dəymiş zərərin əvəzinin ödənilməsi, mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərin əvəzinə 5000 (beş min) manat, mənəvi zərərin əvəzinə 10000 (on min) manat, cəmi 15000 (on beş min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, İ və İİ Qarabağ müharibəsinin iştirakçısı və müharibə veteranıdır. Ona məxsus olan “VAZ-2106” markalı **- BG-*** dövlət nömrə nişanlı avtomobili ilə xx.xx.2024-cü il tarixdə saat 16:40 radələrində Goranboy rayonu Dəliməmmədli şəhərində mərkəzi dairənin yaxınlığında yolun sağ kənarında dayanmışdır. Avtomobildən düşüb sol qabaq qapının qarşısında söykənib dayanmışdır. Həmin vaxt Dəliməmmədli şəhərində mərkəzi dairədən düzünə hərəkət edən, adını sonradan bildiyi Cavabdeh idarə etdiyi “VAZ-21074” markalı **-HA-*** dövlət nömrə nişanlı avomobili ilə sağa və sol hərəkət zolağına manevrlər edərək sürüşə-sürüşə üzərinə gəlmiş, bu zaman o avtomobilin sol yan tərəfindən sağ tərəfiə hoppanaraq təhlükədən yayınmaq istəsə də “VAZ- 21074” markalı **-HA-*** dövlət nömrə nişanlı avtomobil onun yolun sağ hissəsində saxladığı “VAZ-2106” markalı 22- BG-094 dövlət nömrə nişanlı avtomobilin sol yan hissəsindən və ayaq nahiyəsindən vuraraq yuxarı qaldırıb avtomobilin qarşı hissəsinə atmış və nəticədə avtoqəza hadisəsi baş vermişdir. Dərhal bu haqda DİN-nin “102” xidmətinə məlumat vermişdir. Daha sonra polis əməkdaşları və TTY xidməti gəlmiş Goranboy Mərkəzi xəstəxanasına aparılmışdır. Qeyd edir ki, hadisə zaman “VAZ-21074” markalı **-HA-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh yox, onun qardaşı X1 vəziyətində idarə etmişdir. Bunu şahidlər də görmüşlər. Lakin, müstənitq Cavabdeh olduğunu qeyd etmişdir. Hadisə nəticəsində onun sağlamlığına ciddi ziyan dəymiş, avtomaşını isə yararsız hala düşmüşdür. Lakin, arayışda onun “VAZ-2106” markalı **-BG-*** dövlət nişanlı avtomobilinə 2151 (iki min yüz əlli bir) manat maddi ziyan dəyməsi qeyd olunmuşdur, buna baxmayaraq avtomaşını tam yararsızdır. Həmin avtomobillə o ailəsini dolandırırdı, xx.xx.2024-cü il tarixdən Goranboy RPŞ-nin duracağındadır, ailənin dolanışığı məhdudlaşmışdır. Hazırda müalicəsini davam etdirsə də nəticə yoxdur, maddi imkansızlıqdan dərman preparatlarını ala bilmir. Cavabdeh, onun valideynləri və yaxınları hadisədən sonra onlara gəlmiş, onun sağlamlığına, avtomaşını dəymiş zərəri ödəməyi vəd etdilər, bildirdilər ki, ancaq şikayət etmə. Sonradan vədlərinə əməl etməyib ona dedilər ki, “bizim maddi imkanımız yoxdur, ver məhkəməyə”. Bu günədək ona dəymiş maddi və mənəvi zərər ödənilmir, bilərəkdən ödəməkdən qərəzli boyun qaçırırlar. Cavabdeh ona vurduğu zərəri tam ödəməlidir. Bundan başqa cavabdeh ona mənəvi zərərdə vurmuşdur. Onun təqsiri ucbatından bir aydır ki, ailəsinin çörək pulusundan məhrum olmuş, dərman preparatlarına vaxtaşırı pul xərcləyir, bunu isə borc edir, cavabdehin isə ona heç bir maddi kömək göstərməməsi, üzrxahlıq etməməsi ona çox pis təsir edir, güclü ruhi sıxıntılar və ağrılar keçirir. Onunm sağlamlığına ziyan vurulmaqla yanaşı, həmçinin ona mənəvi ziyan da dəymişdir. Tələbi ondan ibarətdir ki, cavabdeh ona vurduğu maddi ziyana görə 5000 (beş min) manat, mənəvi ziyana görə 10.000 (on min) manat pul ödəsin. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, ona dəymiş maddi ziyanı təsdiq edəcək hər hansı rəsmi sənədi və sübutu yoxdur. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bu səbəbdən məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin baçlanmasının rədd edilməsi barədə” 01 mart 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikasın İXM-nin 327.1-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Goranboy RPŞ-nin DYPB-nə göndərilmişdir; “Cinayət işinin baçlanmasının rədd edilməsi barədə” 20 aprel 2024-cü il tarixli qərarından görünür ki, X6, X7 və İddiaçı ərizələri əsasında toplanmış HK-1-645, 652 və 676 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmişdir; Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İcimai birliyi tərəfindən verilmi. MV seriyalı 013818 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır; “CD” diskə baxış keçirilməsindən görünür ki, Cavabdeh idarə etdiyi “VAZ-21074” markalı, **-HA-*** dövlət nömrə nişanlı avomobillə yolun kənarında dayanmış İddiaçı və onun avtomaşınını vuraraq, sonuncunun avtomaşınını zədələmiş, həmçinin sonuncu özü də zərbənin təsirindən kənara atılmışdır; Fotoşəkillərdən İddiaçı xəsarət aldığı görünür. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixində Goranboy rayonu, Dəliməmmədli şəhərində Cavabdeh idarə etdiyi “VAZ-21074” markalı, **-HA-*** dövlət nömrə nişanlı avomobillə yolun kənarında dayanmış İddiaçı və avtomaşınını vuraraq əmlakına və sağlamlığına dərəcəsi müəyyən olunmayan xəsarət yetirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibi olduğundan qərarın surəti tədbir görülməsi üçün Goranboy RPŞ-nin DYPB-nə göndərilmişdir. Hazırda İddiaçı Cavabdeh maddi zərərin əvəzinə 5000 (beş min) manat, mənəvi zərərin əvəzinə 10000 (on min) manat, cəmi 15000 (on beş min) manat pul tələb edir. İddiaçının iddia tələbi aşağıdakılardan ibarətdir: - Cavabdeh 5000 manat məbləğində maddi ziyanın tutulması; - vurulmuş mənəvi ziyana görə 10000 manatın tutulması. Məhkəmə, ümumilikdə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPM-in 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə, yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona dəymiş zərərin, o cümlədən həmin zərərin həcmini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində onun sağlamlığına və avtomobilinə 5000 manat məbləğində ziyanın dəyməsini sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan zərərin nədən ibarət olmasını (avtonəqliyyat vasitəsinin hansı hissələrinə ziyan dəyməsini, dəyişdirilmiş ehtiyat hissələrinin dəyəri barədə qüsur aktı, çəkilmiş xərclərə dair sübutlar və s.), göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, yəni xx.xx.2024-cü il tarixdə cavabdehin idarə etdiyi “VAZ-21074” markalı, **-HA-*** dövlət nömrə nişanlı avtomobil onun avtomobilinin sol yan hissəsindən vuraraq zədələməsi nəticəsində 5000 manat məbləğində zərərə məruz qaldığını qeyd etsə də bu dəlillər açıqaşkar əsassız olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iddia tələbinin 10000 manat mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır; Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri– inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames və X2rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X3 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə cavabdeh tərəfin əməllərində mülki hüquq pozuntusu, delikt nəticəsində, iddiaçı şəxsin mənəvi sarsıntı keçirməsi ilə bağlı əlaqə aşkar edildiyindən, Cavabdeh mənəvi ziyana görə 1000 (bir min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulmasını ağlabatan və əsaslı hesab edir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, MPM-in 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, 9.1.20-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, iddiaçı müharibə veteranı olduğu üçün dövlət rüsumu ödəməkdən azad edildiyindən hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli və Cavabdeh dövlət büdcəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət büdcəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1263/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1263/2024
09.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver