Məhkəmə qərarları › İş №2(045)-1280/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1280/2024

09.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1280/2024 09.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy Rayon Məhkəməsinin 2(045)-536/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq, ondan cavabdehin xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının azaldılması, cavabdehin xeyrinə ondan xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 180 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-536/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq, ondan cavabdehin xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 300 manat olmaqla, cəmi 600 manat aliment tutulur. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edirdi, 2000 manat məbləğində yüksək əmək haqqı alırdı. xx.xx.2022-ci il tarixdən xəstəliklə əlaqədar olaraq o hərbi xidmətdən tərxis olunmuşdur. Hal-hazırda onun aylıq pensiyası 1428,21 manat təşkil edir. Digər gəlir və iş yeri yoxdur. Onun maddi vəziyyəti, aylıq gəliri o qədər dəyişib ki, o əvvəlki miqdarda təyin olunmuş aliment ödəyəndə, özünün müayinə, müalicələrinin aparılmasına, bahalı dərmanlarının alınmasına, digər xərclərini, ehtiyaclarını təmin edə bilmir. Onun üçün də o, hər ay hər uşağa 180 manat sabit pul məbləğində aliment ödəyə bilir. Ailə Məcəlləsinin 7- 1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunduğundan ilkin olaraq mediasiya sessiyası keçmiş, İMS-də iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞG/MT/032-2024-00495 saylı arayış iddia ərizəsinə əlavə edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 957208 nömrəli çıxarışdan görünür ki, İddiaçı ilə X5 arasında nikah Sabunçu rayon Qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 537 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Məmmədova” soyadı verilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 671150 nömrəli arayışdan surətindən görünür ki, X6 xx.xx.2015-ci ildə Gəncə şəhər, Kəpəz rayonunda doğulmuş, atası İddiaçı, anası Cavabdehdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 392082 nömrəli arayışdan surətindən görünür ki, X7 xx.xx.2019-cü ildə Gəncə şəhər, Kəpəz rayonunda doğulmuş, atası İddiaçı, anası Cavabdehdır; Goranboy rayon Məhkəməsinin 2(045)-536/2021 nömrəli icra vərəqəsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşaq üçün sabit pul məbləğində 300 manat olmaqla, cəmi 600 manat aliment tutularaq Cavabdeh verilməsi müəyyən edilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filalı tərəfindən verilmiş 6154 nömrəli, 12 iyun 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı 1428,21 manat məbləğində pensiya ödənilir; Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikahda olmaları, onların bu nikahdan iki övladının doğulması, tərəflərin ailə münasibətləri baş tutmadığından, aralarındakı nikahın pozulması, uşaqların cavabdehin yanında saxlanılmasını və uşaqların saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-536/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı işləmədiyini, aylıq sabit qazancının olmadığını bildirərək, müəyyən edilmiş alimentin məbləğinin azaldılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 8.7ci maddəsində qeyd edilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi aliment təyin edilməsinə dair qətnamələrdən fərqli olaraq, alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) barədə qətnamələrin ümumi qaydada icra edilməsi, yəni qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli olması müəyyən edilmişdir. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq qeyd edir ki, iddiaçıdan birgə nikahdan doğulmuş uşaqlarının saxlanılması üçün tutulan aliment iddiaçının aylıq vəzifə maaşı və uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu nəzərə alınaraq, hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində tutulmuşdur. Lakin, hazırda iddiaçı işləmədiyi, sabit qazancı azaldığı üçün alimentin hər ay hər uşaq üçün 300 manat tutulması mümkün deyildir. Bu isə öz növbəsində məhkəmə qətnaməsinin icrasını mümkünsüz edir və uşaqların mənafeyinə ziddir. Bu halda məhkəmə hesab edir ki, ilk növbədə üzərinə aliment ödəmək öhdəliyi qoyulmuş şəxsin mövcud vəziyyətinə aydınlıq gətirilməlidir. Ailə Məcəlləsinin müddəaları təyin olunmuş alimentin miqdarının tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilmə imkanını təsbit edir. İş üzrə aliment məbləğinin azaldıla bilməsi imkanı da qanunvericilikdə qeyd olunmuş bu hallara müvafiq yaranır. İlk növbədə diqqət yetirilməli faktor kimi iddiaçının maddi vəziyyət çıxış edir ki, o, özündə əldə edilən gəlirlərin tələbatların ödənilməsi üçün nə dərəcədə yetərli olması məsələsini ehtiva edir. Bu vəziyyətdə tərəflərin faktiki və potensial gəlir mənbəyinə fikir vermək lazımdır. Həmin halı mövcud iş üzrə tətbiq etsək, müşahidə etmək olar ki, İddiaçı işləməməsi, xəstəliyinə görə müalicəsinə vəsait sərf etməsi ona alimentin ödənilməsi ilə əlaqədar maddi çətinliklər əmələ gətirir. Məhkəmə yuxarıda qeyd edilənləri, 2024-cü il üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu, valideynin uşaqları saxlamaq vəzifəsini rəhbər tutaraq hesab edir ki, alimentin məbləği azaldılmalı, hər ay hər uşağa 250 manat olmaqla, ümumilikdə 500 manat məbləğində aliment İddiaçı tutularaq, Cavabdeh ödənilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 2(045)-536/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 2(045)-536/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar