Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1300/2024 23.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı və nümayəndəsi vəkil X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ yaşayış evinə köçürülmə və yaşayış evinə hüququn tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra dəqiqləşdirmə barədə ərizə ilə müraciət edərək, onun və azyaşlı uşaqları 07 sentyabr 2008-ci il təvəllüdlü X7 və 12 noyabr 2012-ci il təvəllüdlü X8 ilə birlikdə cavabdehin istifadəsində olan Goranboy rayonu, Düzqışlaq kəndində yerləşən 53 yaşayış evinə evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2007-cı ilin dekabr ayında ailə qurmuşdur. Bu barədə olan nikahı 12 dekabr 2007-ci il tarixdə Goranboy rayon Ağamalıoğlu kənd ərazi icra Nümayəndəliyində rəsmi qeyd etdirmişdir. Birgə yaşadığı müddətdə iki uşağı olmuşdur. X7 - 07 sentyabr 2008-ci il təvəllüdlü və X8 - 12 noyabr 2012-ci il təvəllüdlü. Cavabdehlə evliliyin ilk günündən münasibətləri yaxşı olmamışdır. Xasiyyəti uyğun gəlmirdi, bu səbəbdən də aralarında tez-tez narazılıqlar olurdu. Bu illəri də bir təhər uşaqlarının xatirinə dözərək yaşamışdır. Cavabdeh ona heç vaxt hörmət etməyibdir. O bilir ki, onun həyatında başqa birisi var. Bu günlərdə “Nikahın ləğvi barədə” məhkəmədə iddia da qaldıracaqdır, iş mediatorun icraatındadır. Cavabdehdən bir aydan artıq olar ki, ayrılmışdır. Uşaqları ilə birlikdə atası evində yaşayır. Həmin evdə ona, uşaqlarına rahatlıq yoxdur, çünki ev çox kiçikdir, evdə atası, anası və qardaşı da yaşayır. O, gəlin kimi cavabdehin razılığı ilə onlara məxsus Goranboy rayonunun Düzqışlaq kəndində yerləşən evə köçürülmüşdür. Bütün cehiz əşyaları da hazırda həmin evin otaqlarındadır. Hesab edir ki, həmin evdə onun və azyaşlı uşaqlarının yaşayış sahəsindən istifadə hüquqları əmələ gəlmişdir. Çünki onların başqa yerdə yaşayış sahəsi yoxdur. İndi istəyir ki, o, azyaşlı uşaqları ilə birlikdə gəlin gəldiyi evə köçürülsün və orada yaşasın. O, elə bilir ki, buna onların hüququ var. O hesab edir ki, azyaşlı uşaqları ilə birlikdə cavabdehə məxsus evə, gəlin gəldiyi otağa köçürülməlidir və onların həmin evdə hüququ tanınmalıdır. Cavabdeh onu və uşaqları könüllü olaraq evə buraxmır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, mübahisəli yaşayış sahəsini uşaqları ilə birlikdə 2024-cü ilin iyun ayında tərk etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X5 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı onun arvadıdır. Aralarında ailə münasibətləri tamamilə kəsilmiş və sonuncu birgə nikahdan doğulmuş uşaqları ilə birlikdə atası evində qalmaq qərarına gəlmişdir. Bundan başqa sözügedən mübahisəli mənzil onun yox, anası X1 mülkiyyətinə verilmiş və onun hazırda həmin evə hər hansı bir hüququ yoxdur. İddiaçının atasına məxsus iki mənzili olduğu üçün həmin iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçının onun uşaqları ilə birlikdə yaşamağa yeri vardır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Ağamlıoğlu kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 366331 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 12 dekabr 2007-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 nömrə ilə qeyd edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 993853 nömrəli arayışdan görünür ki, X8 xx.xx.2012-ci il tarixdə Göygöl rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 190982 nömrəli arayışdan görünür ki, X7 xx.xx.2008-ci il tarixdə Gəncə şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Ağamlıoğlu kənd icra nümayəndəliyi tərəfindən verilmiş 282 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı 2007-ci il tarixdən Goranby rayonu Düzqışlaq kəndində qeydiyyatdadır; Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən verilmiş A seriyalı 149713 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Goranboy rayonu, Ağamalıoğlu kəndində yerləşən 2477.06 kv.m olan fərdi yaşayış evinin X3 tikdirilməsi üçün torpaq sahəsinin qaiməsi verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, tərəflər 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyati qurmuşlar, bu nikahdan 07 sentyabr 2008-ci il təvəllüdlü X7 və 12 noyabr 2012-ci il təvəllüdlü X8 adlı iki övladı doğulmuşdur. İddiaçı 2007-ci il tarixdə Cavabdeh istifadəsində və sahibliyində olan Goranboy rayonu, Ağamalıoğlu (Düzqışlaq) kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçüb və etibarlı ailə münasibətlərində yaşamışlar. Sonradan tərəflər arasında münasibətlər kəskinləşmiş və iddiaçı birgə təsərrüfatda idarə etdiyi mübahisəli evi tərk etməyə məcbur qalmışdır. Hazırda İddiaçı uşaqları ilə birlikdə həmin evə köçərək yaşamasını istəyir. Cavabdeh isə İddiaçı və birgə nikahdan doğulmuş uşaqlarının sözügedən mübahisəli evə köçürülməsinə etiraz edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında qeyd edilir ki, 2001-ci il sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələrə baxılarkən 2009-cu il oktyabr 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 2000-ci il 01 sentyabr tarixdən sonra 2009-cu ilin oktyabrın 01-dək yaranmışdır. Buna görə məhkəmə hesab edir ki, bu mübahisə Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 228-ci maddəsinin müddəaları ilə tənzimlənəcəkdir. Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinin İ hissəsində göstərilir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Mülki Məcəllənin: 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər; 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır; Yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanuni əsas olduğundan iddia tələbi təmin edilməli, iddiaçı Axundova X4 rayonu, Ağamalıoğlu (Düzqışlaq) kəndində yerləşən mübahisəli yaşayış sahəsində 2007-ci ildən etibarən 2024-cü ilin iyun ayına kimi cavabdeh (əri) Cavabdeh ilə birgə fasiləsiz olaraq yaşamış və birgə təsərrüfat idarə etmişlər. Hazırda İddiaçı və uşaqları 07 sentyabr 2008-ci il təvəllüdlü X7 və 12 noyabr 2012-ci il təvəllüdlü X6 mübahisəli yaşayış sahəsindən öz iradəsindən asılı olmayan səbəbdən istifadə edə bilməmələri onların həmin sahədə yaşamaq hüququnun itirilməsinə səbəb ola bilməz. Odur ki, İddiaçı uşaqları 07 sentyabr 2008-ci il təvəllüdlü X7 və 12 noyabr 2012-ci il təvəllüdlü X8 ilə birlikdə mübahisəli fərdi yaşayış evində digər ailə üzvləri ilə bərabər yaşamaq ixtiyarına malikdir və onlar qeyd edilən yaşayış sahəsindən hər hansı bir maneə olmadan istifadə etməli, onların normal yaşayış yeri və layiqli həyat şəraiti təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verǝrǝk hesab edir ki, iddia təmin edilməli, İddiaçı uşaqları 07 sentyabr 2008-ci il təvəllüdlü X7 və 12 noyabr 2012-ci il təvəllüdlü X8 ilə birlikdə Cavabdeh istifadəsində olan Goranboy rayonu, Düzqışlaq kəndində yerləşən 53 nömrəli yaşayış evinə köçürülməlidir. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı uşaqları 07 sentyabr 2008-ci il təvəllüdlü X7 və 12 noyabr 2012-ci il təvəllüdlü X8 ilə birlikdə Cavabdeh istifadəsində olan Goranboy rayonu, Düzqışlaq kəndində yerləşən 53 nömrəli yaşayış evinə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1300/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1300/2024
23.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver