Məhkəmə qərarları › İş №2(045)-1329/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1329/2024

28.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1329/2024 28.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oğlu iddia ərizəsi ilə və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 100 (bir yüz) manat, iki uşaq üçün 200 (iki yüz) manat alimentin tutularaq azyaşlı uşaqları 11 avqust 2020-ci il təvəllüdlü X4 və 19 noyabr 2021-ci il təvəllüdlü X1 üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 08 iyul 2019-cu ildə ailə qurmuş, lakin cavabdehin səhlənkarlığı ucbatından bu günə kimi nikahı rəsmi qeyd edilməmişdir. Birgə yaşadığı müddətdə 11 avqust 2020-ci il təvəllüdlü X3 və 19 noyabr 2021-ci il təvəllüdlü X5 adlı iki uşağı olmuşdur. Cavabdehlə ailə münasibətləri onun təqsiri ucbatından pozulmuşdur. Belə ki, əsassız olaraq onu demək olar ki, hər gün döyürdü, söyürdü, təhqir edirdi. Bir müddət səbr edirdi ki, bəlkə cavabdeh bu xasiyyətini dəyişə, onu döyüb-söyməyə. Lakin, cavabdehdə heç nə dəyişmədi. Ona qarşı hərəkətləri bir azda aqresiv olmağa başlayırdı. Ona görə də 2023-cü ilin noyabr ayında uşaqları da götürüb atası evinə getmiş və uşaqları ilə birlikdə orada yaşayır. Fikri qətidir, cavabdehlə də barışmaq fikiri yoxdur. Uşaqlarının sağlam böyüməsi, təhsil almaları üçün də bacardığı qədərdə çalışır. İstəyir ki, bir ata kimi cavabdehdə uşaqları qarşısında öhdəliyi olduğunu anlasın. Ona görə də istəyir ki, hər ay cavadehdən sabit pul məbləğində hər uşaq üçün yaşayış minimumu həddində, yəni 235 (iki yüz otuz beş) manat, iki uşaq üçün 470 (dörd yüz yetmiş) manat aliment tutularaq uşaqlarına verilsin. Hesab edir ki, uşaqlarının diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqların saxlanması xərclərini ödəməlidir. Ona görə də cavbdehdən hər ay sabit pul məbləğində uşaqları üçün cəmi 470 (dörd yüz yetmiş) manat alimentin alınaraq ona verilməsini istəyir. Lakin, cavabdeh könüllü aliment vermək istəmir. “Mediasiya haqqında”AR-nın xx.xx.2019-cu il tarixli Qanununa əsasən məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmişdir. Bu barədə ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışı məhkəməyə təqdim edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, o, tələb olunan məbləğdə alimentin ödənilməsinə razıdır. Odur ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 397363 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci ildə İddiaçı doğulmuş X6 atası hesab edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 420870 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci ildə İddiaçı doğulmuş X7 atası hesab edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 511557 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2020-ci ildə Goranboy şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 657541 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2021-ci ildə Goranboy şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 11 avqust 2020-ci il təvəllüdlü X4 və 19 noyabr 2021-ci il təvəllüdlü X2 atasıdır. İddiaçı uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tələb edir. Cavabdeh alimenti könüllü olaraq hər ay hər uşaq üçün 100 (bir yüz) manat miqdarında ödəməyə razıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 44 (qırx dörd) manat (200 manat*12ay=2400 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasnın Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş 11 avqust 2020-ci il təvəllüdlü X4 və 19 noyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş 11 avqust 2020-ci il təvəllüdlü X4 və 19 noyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh dövlət büdcəsinə 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar