Məhkəmə qərarları › İş №2(045)-1398/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1398/2025

29.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1398/2025 29.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X30 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış evinə köçürülmə və yaşayış evinə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Həsənova X12 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və daha sonra dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, Goranboy rayonun Səfikürd kəndində yerləşən gəlin köçdüyü evə (mərhum X8 məxsus ev) köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X13 ilə 1991-ci ildə rəsmi qaydada ailə quraraq cavabdehin yaşadığı Goranboy rayonun Səfikürd kəndindəki evinə gəlin köçmüşdür. Onların bir uşaqları olmuşdur. Həyat yoldaşı Həsənov Lütvü 01 fevral 2025-ci ildə rəhmətə getmişdir. Beləliklə, 33 il o, cavabdehə məxsus evdə onların gəlini olmuş, evə aid ümumi təsərrüfatı birlikdə idarə etmişlər. Hal-hazırda da cehiz əşyaları həmin evdədir. Cavabdehlər onu qorxudaraq evdən çıxarmışlar, onun isə digər yerdə yaşamağa nə mənzili, nə də ki evi yoxdur. Hazırda hesab edir ki, həmin yaşadığı evdə onun istifadə hüququnun verilməsi zərurəti yaranmışdır və o məhkəməyə müraciət etməzdən əvvəl Goranboy 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir və bu barədə arayışı təqdim edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, Cavabdeh1 və Cavabdeh2 onun ərinin bacılarıdır. O, 1991-ci il tarixdə ailə qurmuş və ərinin yaşadığı mübahisəli evə gəlin köçmüş və özü ilə el adətinə uyğun olaraq cehiz əşyaları gətirmişdir. Təxminən 33 ilə yaxındır kı, o həmin evdə yaşamışdır. xx.xx.2025-ci il tarixdə əri X13 ölmüşdür. Ərinin ölümündən sonra baldızları ona hədə-qorxu gələrək evdən çıxarmışlar, onun isə başqa yaşayış yeri yoxdur. Əlavə olaraq qeyd edir ki, cavabdehlər sözügedən mübahisəli mənzildə qalmamışlar. Bundan başqa bildirir ki, onun oğlu 2016-cı ildə ailə qurmuş və gəlində həmin evə gəlin köçərək mübahisəli evdə yaşamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı onun qardaşı arvadıdır. İddiaçı 1991-ci ildə qardaşı ilə ailə həyatı qurmuş və həmin evə gəlin gəlmişdir. Lakin, iddiaçı həmin evdə cəmi bir-iki gün qalmış və qardaşı ilə birlikdə Rusiya Federasiyasının Moskva şəhərinə getmişlər. Hazırda mübahisəli evdə o bacısı ilə birlikdə yaşayır. Atası vəfat etməmişdən əvvəl mübahisəli evə onlara vəsiyyət etmiş, lakin maddi imkanı olmadığı üçün sənədləşmə işlərini aparmamışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, qardaşı oğlu Lütvü Həsənzadə ailə qurduqdan sonra həmin evdə müvəqqəti yaşamış, lakin sonradan Naftalan şəhərinə köçmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdeh X11 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı onun qardaşı arvadıdır. 1991-ci il tarixdə qardaşı ilə iddiaçı rəsmi nikaha daxil olmuş və mübahisəli evə gəlin köçmüşdür. Bir müddət yaşamış və daha sonra Təranə qardaşı ilə birlikdə Rusiya Federasiyasının Moskva şəhərində getmişdir. İddiaçının onun atasından qalmış evdə yaşamaq hüququ yoxdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, qardaşı oğlu Lütvü Həsənzadə ailə qurduqdan sonra həmin evdə müvəqqəti yaşamış, lakin sonradan Naftalan şəhərinə köçmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X14 ifadəsində bildirdi ki, o Naftalan şəhərində anadan olmuşdur. Təhsilini də orada alıb. Mübahisəli fərdi yaşayış evində ata, ana, nənə və babası ilə birgə yaşamışdır. Bir müddət həmin evdə yaşadıqdan sonra ailəsi ilə birlikdə Rusiya Federasiyasına köçmüş və təxminən üç ilə yaxın valideynləri ilə birlikdə orada yaşamışlar. 2016-cı ildə ailə həyatı qurmuş və gəlini Goranboy rayonunun Safıkürd kəndindəki evə gətirmiş, təxminən üç il yaşadıqdan sonra aralarında mübahisələr yaranmış və o evdən çıxmışdır. Lakin, valideynləri həmin evdə yaşamağa davam ediblər. Hal-hazırda isə o, kirayədə Naftalan şəhərində yaşayır. Məhkəmə, iddiaçının və cavabdehlərin izahatlarını, şahid ifadəsini dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə anadan olmuşdur; Azərbaycan Respublikası Naftalan şəhər İHB-nın 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 aprel 2025-ci il tarixli, 281 saylı Arayışdan görünür ki, Həsənova X9 şəhəri İ.Həsənzadə küçəsi ev 9, mənzil 11 ünvanında daimi pasport qeydiyyatındadır; Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş V-7Q seriyalı, 339865 nömrəli çıxarışdan görünür ki, X13 ilə X1 rayonu Səfikürd İN 16 may 1991-ci il tarixdə 20 nömrəli aktı ilə nikah nikah bağlamışlar. bağlamışlar. Nikah bağlandıqdan sonra kişiyə Həsənov, qadına Həsənova soyadı verilmişdir; “Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞG/MT/032/2025-000105 nömrəli arayışdan görünür ki, “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir; Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 473152 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 01 fevral 2025-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləei kitabında 2025-ci ilin 02 ayının 07 günündə 84 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: Kardiogen şok; XVİ-ЖГ seriyalı, 446242 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 11 dekabr 1992-ci il tarixdə Naftalan şəhərində doğulmuşdur. X2, anası X4r; AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx xxxxx 1968-ci il tarixdə Mirbəşir rayonunda doğulmuşdur. X5, anası X17r; Azərbaycan Respublikası Goranboy RİHB-nın Səfikürd Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2025-ci il tarixli, № 413 saylı Arayışdan görünür ki, Cavabdeh1 həqiqətən Goranboy rayonun Səfikürd kəndində qeydiyyatdadır. Mərhum atası X6 məxsus Goranboy rayonun Səfikürd kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda gedir. Qeyd: Əsas 04 nömrəli təsərrüfatbaşına kitabın 69-cu səhifəsi; Azərbaycan Respublikası Goranboy RİHB-nın Səfikürd Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 avqust 2025-ci il tarixli, № 5-45-5/2-72/2025 saylı Arayışdan görünür ki, Həsənova X10 rayonu Səfikürd kəndində qeydiyyatda getmir və yaşamır; "xxxx"MMC tərəfindən verilmiş 19 may 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Belə ki, məhkəmə araşdırmasının zamanı müəyyən edildi ki, İddiaçı oğlu ilə X13 (cavabdehlərin qardaşı) 1991-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyati qurmuşlar, bu nikahdan xx.xx.1992-ci il təvəllüdlü X16 adlı uşağı doğulmuşdur. İddiaçı 1991-ci il tarixdə X7 valideyinlərinə məxsus Goranboy rayonu Safikürd kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçüb etibarlı ailə münasibətlərində yaşayaraq birgə təsərrüfatı aparmışlar. Ona məxsus cehiz əşyalar da qeyd edilən yaşayış evinə yerləşdirilmişdir. 01 fevral 2025-ci il tarixdə iddiaçının əri X18 vəfat etmişdir. Bu tarixdən sonra da iddiaçı həmin evdə yaşamağa davam etmişdir. Sonradan iddiaçı cavabdehlər tərəfindən həmin evdən çıxarılmışdır. Eyni zamanda iddiaçının oğlu X13 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyati qurmuş və həmin vaxtdan mübahisəli fərdi yaşayış evində yaşamışdır. Hazırda İddiaçı həmin evə köçərək yaşamasını istəyir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibətləri 2000-ci ilin sentyabr 1-dək yaranmışdır. Buna görə məhkəmə hesab edir ki, bu münasibətlərə 2009-cu ilin oktyabrın 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinin İ hissəsində göstərilir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 2009-cu ilin oktyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 53-cü maddəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrufat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsində birinci və üçüncü hissələrində göstərilmişdir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdirlər. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarından təsbit edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Məhkəmə evə köçürülmə tələbinə dair işlərə baxılarkən ilk növbədə üç halı aydınlaşdırılmalıdır.

1. şəxsin köçmək istədiyi yerdə yaşaması

2. şəxsin yaşadığı yerdən məhrum edilməsi

3. məhrum edilmənin qanuni olub-olmaması. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi Goranboy rayonu Səfikürd kəndində yerləşən fərdi yaşayış evində yaşamış, 01 fevral 2025-ci il tarixdə iddiaçının əri X13 vəfat etdikdən sonra cavabdehlərlə (iddiaçının baldızları) münasibəti pisləşmiş və cavabdehlər iddiaçını evdən çıxarmışlar, sonradan qayıtmaq istəsə də cavabdehlər buna imkan verməmişdir. Ona görə də 3-cü halın mövcud olubolmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Məhkəmə hesab edir ki, cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Bununla yanaşı cavabdehlərin özlərinin həmin evdə yaşamaları və oradan istifadə etmələri də iş üzrə müəyyən edilmir. Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyii evə köçürülməlidir. Mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və iddiaçı tərəfindən yaşayış sahəsi kimi istifadə olunub. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadıqları ehtimal olunarsa o zaman bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçı da cavabdehlərlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə, onun mübahisəli evə köçürülməsi barədə gəlinən qənaət əsaslıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının mübahisəli evi hansı tarixdən tərk etməsi ilə bağlı məhkəmə iclaslarında fərqli fikirlər söylənilmişdir. Lakin işin mübahisəsiz halı odur ki, iddiaçı mübahisəli evdə 2000-ci ilədək yaşamışdır, deməli iddiaçı həmin yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mübahisəli hüquq münasibəti həmin vaxt yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-сi maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət eməlidir; 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, İddiaçı mərhum əri X13 atasından qalmış fərdi yaşayış evində uzun müddət faktiki yaşamış, həmin tikili və onun yerləşdiyi torpaq sahəsi ilə bağlı hüquqi bağlılığın mövcud olması səbəbindən həmin əmlaka dair mülkiyyət hüququnu əldə etmək üçün qanuni gözlənti hüququna malik olmuşdur. Bu hüququn məzmunu ondan ibarətdir ki, yaşayış sahəsi formal olaraq sənədləşdirilməsə belə, mərhum X7 həmin əmlak üzərində gələcəkdə hüququnun rəsmiləşdirilməsi mümkün və qanuni əsaslı idi. Mülki Məcəlləsinin tələblərindən də görünür ki, şəxsin ölüm anında mövcud olan bu cür əmlaka dair hüquqi gözlənti, öz mahiyyəti etibarı ilə miras əmlakının tərkibinə daxil edilməli olan əmlak hüququdur. Belə ki, mirasın açıldığı anda hüququn mövcudluğu, onun faktiki olaraq rəsmiləşdirilib-rəsmişləşdirilməməsindən üstün tutulur. Bu baxımdan mərhumun həmin əmlaka dair qanuni gözlənti hüququ onun ölümü ilə xitama səbəb olmur, əksinə mirasçılara keçən əmlak kompleksinə daxil olur. Buna görə də mübahisəli fərdi yaşayış evinə dair mövcud olan qanuni gözlənti hüququ mirasın açıldığı an mövcud olmuş və bu səbəbdən həmin hüquq miras kütləsinin tərkibinə daxil edilməlidir. Nəticə etibarı ilə, bu hüququn İddiaçı və övladına miras qaydasında keçməsi üçün hüquqi əsasla mövcuddur. Beləliklə, işin faktiki hallarından və təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı Həsənova X10 rayonu Səfikürd kəndində yerləşən mübahisəli fərdi yaşayış evində cavabdehlər Cavabdeh1 Hüseyn qızı və X11 ilə birgə mülkiyyətçi kimi bərabər yaşamış və o, heç vaxt bu hüququnu itirməmişdir. İddiaçı mübahisəli yaşayış evindən öz iradəsindən asılı olmayan səbəbdən istifadə edə bilməməsi onun həmin fərdi yaşayış evində yaşamaq hüququnun itirilməsinə səbəb ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verǝrǝk hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı Həsənova X10 rayonun Səfikürd kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Həsənova X10 rayonu Səfikürd kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar