Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1428/2024 01.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi gündən xx.xx.2024-cü il təvəllüdlü X1 üçün onun yetkinlik yaşına çatana qədər hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi, onun himayəsində olan və saxlanılan xx.xx.2024-cü il təvəllüdlü X2 3 (üç) yaşı tamam olanadək Cavabdeh onun xeyrinə hər ay 100 (bir yüz) manat məbləğində aliment tutulması, həmçinin mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmış, bu barədə Quba regional "Asan xidmət" mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 159 nömrə ilə nikah qeyd edilmişdir. Cavabdeh ilə onun birgə ailə münasibətindən xx.xx.2024cü il təvəllüdlü X4 adlı uşağı dünyaya gəlmişdir. Onlar xx.xx.2024-cü il tarixədək birgə ailə münasibətində yaşamışlar. xx.xx.2024-cü il tarixdən uşağı ilə birlikdə Goranboy rayonu, Borsunlu kəndində valideynlərinin yanında yaşayır. xx.xx.2024-cü il tarixdən cavabdehin onlarla münasibəti tamamilə kəsmişdir. Səbəb isə başqa qadınla yaşaması olmuşdur. Artıq onların birgə ailə şəraitində yaşamağı mümkün deyildir. Cavabdeh taksi fəaliyyəti və uşaq bağçasında reklam işləri ilə məşğul olur. Həmin vaxtdan da cavabdeh ailə və uşaqla maraqlanmır və uşağın saxlanılmasına maddi köməklik göstərmir. Odur ki, o, mediasiya təşkilatına və məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Odur ki, o, uşağın saxlanılması və uşağa alimentin müəyyən edilməsi üçün məhkəməyə müraciət edir. Ölkə üzrə müəyyən edilən yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdari, eləcə də cavabdehin maddi vəziyyətini nəzərə alaraq, cavabdehdən öz yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay ən azından yaşayış minimumunu təmin edəcək həddə aliment tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İİ seriyalı 474085 nömrəli çıxarışdan görünür ki, Cavabdeh ilə X5 arasında nikah xx.xx.2022-ci il tarixdə Quba “ASAN xidmət” Qeydiyyat mərkəzində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 159 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Məmmədova Əmirova” soyadı verilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İV seriyalı, 990991 nömrəli arayışdan görünür ki, X4 xx.xx.2024-cü ildə Goranboy şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; 22 iyul 2024-cü il tarixli, 451 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən hal-hazıradək "xxxx" MMC-nin pərəkəndə satış departametində kassit vəzifəsində işləyir; "xxxx" MMC tərəfindən verilmi. xx.xx.2024-cü il tarixli, **********1 nömrəli qəbzdən görünür ki, iddiaçı ilkin meddiasiya sessiyasında iştirak edilməsi üçün 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 84.2.2-ci maddəsinə əsasən maddi cəhətdən köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay 235 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini və gəlirlərini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Odur ki, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan xx.xx.2024cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin uşağın 3 yaşı tamam olanadək iddiaçının xeyrinə cavabdehdən 100 manat məbləğində alimentin tutulması hissəsinə dair qeyd edir ki, iddiaçı cavabdehin həmin məbləğdə zəruri vəsaitə malik olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, tələb bu hissədə qismən təmin olunmalı və tərəflərin birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X4 3 yaşına çatanadək İddiaçı xeyrinə Cavabdeh hər ay 30 (otuz) manat məbləğində aliment tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 45,20 manat (210 manat*12ay=2520 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Məhkəmə iddia tələbinin mediasiya xərcinin tutulması hissəsində qeyd edir ki, hazırki iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmək üçün ödənilmiş 60 manat mediasiya xərcinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən etibarən hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment və uşaq 3 (üç) yaşına çatanadək hər ay 30 (otuz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən etibarən hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment və uşaq 3 (üç) yaşına çatanadək hər ay 30 (otuz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh mediasiya prosesində iştirak etmək üçün ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Cavabdeh dövlət büdcəsinə 45,20 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1428/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1428/2024
01.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver