Məhkəmə qərarları › İş №2(045)-1444/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1444/2023

19.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1444/2023 19.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, X3 kаtibliyi, İddiaçı, Cavabdeh iştirаkları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü Firuzə adlı qızlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin miqdarını dəyişərək hər ay 220 (iki yüz iyirmi) manat olmaqla sabit pul məbləğində tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə faktiki nikah münasibətinə girməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü Firuzə adlı övladları olmuşdur. Bir müddət Cavabdehlə ailə kimi yaşamaqlarına baxmayaraq müəyyən səbəblərdən ayrılmış və bundan sonra o, uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment tələbi ilə bağlı Goranboy Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2(045)-1272/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi çıxarılaraq uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında alimentin onun xeyrinə verilməsi qət edilmişdir. Həyat yoldaşı artıq heç bir rəsmi əmək haqqı almır. Ödədiyi alimentlə bu günün tələbinə uyğun uşağı saxlamaqda çətinlik yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, əvvəllər uşağın saxlanılması üçün aliment onun gəlirinin ¼ hissəsi həcmində müəyyən edilmişdir. Hal-hazırda işləmir və sabit gəliri yoxdur. İş yerinin olmamasına dair müvafiq sənədi də məhkəməyə təqdim etmişdir. Buna baxmayaraq hər ay 150 manat məbləğində aliment ödəyə bilər. Göstərilənləri nəzərə alaraq iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Naftalan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 206618 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 18 may 2019-cu ildə Goranboy şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 404173 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur; Goranboy Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(045)-1272/2021 nömrəli qətnaməsindən görünür ki, 18 may 2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 23 iyul 2021-ci il tarixdən başlayaraq, Cavabdeh qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment, həmçinin xx.xx.2019-cu il təvəllüdlü X1 03 yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 50 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 haqqında arayışından görünür ki, Cavabdeh işləmir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X4 doğulmuşdur. Yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment müəyyən edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh iddianı qismən qəbul edir və hər ay 150 manat sabit pul məbləğində alimentin müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına uyğun olaraq Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir ki, bunlardan biri də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mümkün olmaması, çətinlik törətməsi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulmasıdır. Bu əsas mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni, qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Məhkəmə nəzərə alır ki, iddiaçının tələbi uşağın saxlanılması üçün sabit pul məbləğində alimentin tutulmasıdır. Hazırda cavabdehin rəsmi iş yeri olmadığına görə uşağın saxlanılması üçün müəyyən edilmiş cavabdehin qazancının (gəlirlərinin) müəyyən hissəsi miqdarında alimentin tutulması mümkün deyil və bu hal iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Bu səbəbdən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla, iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay 220 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 18 may 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi gündən, Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 18 may 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi gündən, Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar