Məhkəmə qərarları › İş №2(045)-152/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-152/2024

06.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-152/2024 06.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh adına tam mülkiyyət hüququ üzrə Dövlət reyestrində qeydə alınmış Goranboy şəhəri, V.Bayramov küçəsi 48 saylı ünvanda yerləşən fərdi yaşayış evinə onun köçürülməyinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 140.7 kv.m. yaşayış sahəsi 105.7 kv.m və 0.26 ha torpaq sahəsi üzərində yerləşən 48 saylı fərdi yaşayış evi anası Cavabdeh adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrindəki həmin qeyd düzgün hesab edilə bilməz. Çünki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak - həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi mərhum atası X1 ilə anası - Cavabdeh birgə yaşadıqları ünvan olmuşdur, o cümlədən həmin mülk, mərhum babası , yəni atası İlyasın atası Əhədə məxsus olmuşdur. Onun valideynləri həmin ünvanda, birgə nikah dövründə fərdi yaşayış evi inşa etdirmişlər. ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin Cavabdeh adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınması tamamilə başqa məhkəmə mübahisəsinin predmetidir. Hazırda, təxirəsalınmaz olaraq onun Goranboy şəhəri 48 ünvanında yerləşən yaşayış evinə köçürülməyi təmin edildiyindən o, ilk öncə hazırkı iddia tələbini irəli sürür. O, Cavabdeh mülkiyyəti kimi dövlət reyestrində qeydə alınmış ünvan 2 ünvanında doğulub - böyüyüb boya başa çatmışdır. Həmin ünvan onun əsas və daimi yaşayış yeri olmuşdur. İşi ilə əlaqədar adətən Bakı şəhərində olur. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563.1- ci maddəsinə əsasən (yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması səbəbilə) barəsində inzibati tənbeh tətbiq edilmişdir.Hazırda, onun ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən başqa yaşayış yeri yoxdur. Odur ki, həmin ünvana yaşayış sahəsinə köçərək orada yaşamaq istəyir. Lakin Cavabdeh buna razılıq vermir. Odur ki, o, məhkəməyə müraciət etməli olmuşdur. Valideynləri İsgəndərova (Sadıqova) Leyla Alı qızı ilə X1 arasında bağlanmış rəsmi nikah Goranboy Rayon Məhkəməsinin 17 aprel 1991-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Goranboy Rayon Məhkəməsinin 08 iyul 1991-ci il tarixli qətnaməsinə əsasən valideynləri İsgəndərova (Sadıqova) Leyla Alı qızı ilə X1 arasında əmlak bölgüsü müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun çıxış edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, Verilmiş suala cavab olaraq bildirdi ki, o 2008-ci ilə qədər daimi olaraq həmin ünvanda yaşamış, lakin qardaşı tərəfindən dəfələrlə şərləndiyi üçün evi tərk etmək məcburiyyətində qalmışdır. Həmin tarixdən o, Bakı şəhərində kirayələrdə müvəqqəti yaşamış, ara-sıra ata evinə gəlib-getmək istəsə də, qardaşı və anası tərəfindən buna imkan verilməmişdir. Lakin hazırda Bakı şəhərində işi və daimi yaşayış yeri olmadığı üçün öz ata evinə, yəni mübahisəli evə köçüb yaşamaq istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, İddiaçı daim yaşayış yeri ünvan 5 ünvanda qalmaq üçün cəhdlər göstərmiş, lakin cavabdeh tərəf hər dəfəsində bir bəhanə və ya mübahisə salaraq sonuncunu oradan qovmuşdur. Bununla bağlı iddiaçı dəfələrlə hüquq-mühafizə orqanlarına müraciətlər ünvanlamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, oğlu İddiaçı onun yaşadığı evə gələməsinə maneə törətməsinin səbəbi sonuncunun onunla və orada yaşayan qardaşı ilə yola getməməsidir. Yəni ki, İddiaçı dəfələrlə həmin ünvanda yaşamaq üçün şərait yaradılmış, lakin buna baxmayaraq, sonuncu hər dəfəsində evi və evdə olan əşyaları yandırmışdır. Onlar İddiaçıla bir evdə yaşamasına qorxurlar, çünki hər zaman evi yandıra bilər. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Xalq Məhkəməsi tərəfindən verilmiş 2-17 nömrəli, 07 aprel 1991-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 ilə cavabdeh X1 arasında 5 may 1969-cu ildə Qasım İsmayılov rayonu VVAQ şöbəsində qeyd edilmiş nikah ləğv edilmişdir; Daşınmaz Əmlakın Dövlət Kadastrı və X3 şəxsi 7 saylı Bərdə ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-221-3-46/2-4142/2023 nömrəli məktubundan görünür ki, Goranboy şəhəri, V. Bayramov küçəsində yerləşən ümumi sahəsi 140.7 kv.metr, yaşayış sahəsi 105.7 kv.metr və 0.26 ha torpaq sahəsi üzərində yerləşən 48 saylı fərdi yaşayış evi Cavabdeh adına xx.xx.2023-cü il tarixli, **********4 qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; İnzibati tənbeh vermə haqqında EPQ nömrəli ******* nömrəli qərarın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (Vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə) törətmiş və barəsində 30 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Məhkəmə, tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı 1979-cu il tarixdə ailəsinə məxsus olan Goranboy şəhəri, V.Bayramov küçəsi 48 saylı evdə anadan olmuş, həmin evə istifadə hüququ yaranmış və hazırda pasport qeydiyyatındadır. Həmin ev iddiaçının anasına, yəni cavabdehə məxsus olmaqla, iddiaçı həmin evdə cavabdehin ailə üzvü kimi 2008-ci il tarixədək yaşamış, daha sonra ailə daxili münaqişələrə görə evi tərk etmək məcburiyyətində qalmışdır. Hazırda başqa yaşayış yeri olmadığı üçün iddiaçı sözügedən mübahisəli evə köçüb yaşamaq istəyir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibətləri 2000-ci ilin sentyabr 1-dək yaranmışdır. Buna görə məhkəmə hesab edir ki, bu münasibətlərə 2009-cu ilin oktyabrın 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinin İ hissəsində göstərilir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 2009-cu ilin oktyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 53-cü maddəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrufat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsində birinci və üçüncü hissələrində göstərilmişdir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdirlər. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarından təsbit edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Qanunvericiliyin sadalanan normalarından və işin müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı ünvan 6 ünvanda yaşaması üçün hər hansı qeyd-şərt göstərilməmiş, fasiləsiz olaraq orada uzun müddət yaşamaqla, mübahisəli fərdi yaşayış evindən istifadə hüququ əldə etmişdir. Eyni zamanda iddiaçı mülkiyyətçinin, yəni Cavabdeh oğludur və mülkiyyətçinin ailə üzvü kimi evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. Buna görə də, İddiaçı Goranboy şəhəri, V.Bayramov küçəsi 48 saylı ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı Cavabdeh məxsus olan Goranboy şəhəri, V.Bayramov küçəsi 48 saylı ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh məxsus olan Goranboy şəhəri, V.Bayramov küçəsi 48 saylı ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar