Məhkəmə qərarları › İş №2(045)-1526/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1526/2024

30.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1526/2024 30.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın saxlanılması üçün sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqiləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, 08 noyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, bacısı X1 Dadaş Cəlil oğlu ilə nikahlarını qeyd etdirmədən el adəti ilə evlənmiş və birgə evlilikdən onların 08 noyabr 2016-cı il təvəllüdlü X8 adında bir övladları anadan olmuşdur. Bir müddət birgə yaşadıqdan sonra aralarında yaranmış narazılığa görə onlar ayrılmışlar. Bacısının iddia ərizəsinə əsasən Goranboy Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsi ilə 08 noyabr 2016-cı il tarixdə anadan olmuş X3 atasının Cavabdeh olması müəyyən edilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdn başlayaraq hər ay Cavabdeh sabit pul məbləğində 80 manat miqdarında aliment tutularaq iddiaçı X2na ödənilməsi qət edilmişdir. X2 11 oktyabr 2023-cü il tarixdə xəstəlikdən vəfat etmişdir. Bacısı vəfat edən gündən bacısının qızı Zeynəb onun himayəsindədir, bacısı qızına o baxır, lakin bu məsələdə maddi cəhətdən çətinlik çəkdiyi üçün Kəlbəcər rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək bacısı qızı üzərində onun qəyyum təyin olunmağına köməklik göstərilməsini xahiş etmişr və ərizəsi əsasında Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının 13 noyabr 2023-cü il tarixli 110 nömrəli sərəncamı ilə o azyaşlı bacısı qızı 08 noyabr 2016-cı il təvəllüdlü X8 üzərində qəyyum təyin edilmişdir. Qəyyumluğa götürdüyü uşaq xəstədir, tez-tez özündən gedir, onu saxlamaqda maddi cəhətdən çox çətinlik çəkir, bacısı ölən aydan sonra isə alimentin ödənilməsi dayandırılıb. X2 11 oktyabr 2023-cü il tarixdə vəfat etdikdən sonra Goranboy rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli 2(045)- 595/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş cavabdehdən hər ay 80 manat alimentin tutulması dayandırılıb, aliment ödənilmir, bu isə hazırda 560 manat aliment pulu təşkil edir, istəyir ki, həmin məbləğ cavabdehdən alınaraq uşağın müalicəsi və saxlanılması üçün ödənilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çxıarıılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 317262 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 08 noyabr 2016-cı ildə Goranboy şəhərində doğulmuş, atası Cavabdeh, anası X5r; Goranboy Rayon Məhkəməsinin 2(045)-595/2019 nömrəli, 30 may 2019-cu il tarixli qanuni qüvvəsini almiş qətnaməsindən görünür ki, 08 noyabr 2016-cı il tarixdə anadan olmuş X3 atasının Cavabdeh olması müəyyən edilmiş, 08 noyabr 2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi müəyyən edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 374404 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə “ dəqiqləşdirilmiş iokalizasiyaların ikincili bədxəssəli yenitörəməsi” səbəbindən ölmüşdür; Kəlbəcər Rayon İcra Hakimiyyətinin Baçısının 110 nömrəli, 13 noyabr 2023-cü il tarixli sərəncamından görünür ki, İddiaçı 08 noyabr 2016-cı il tarixdə anadan olmuş X8 üzərində qəyyum təyin edilmişdir; Məhkəmə iddiaçının izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı X2 ilə Cavabdeh ailə münasibətlərindən 08 noyabr 2016-cı il təvəllüdlü X8 anadan olmuşdur. İddiaçının bacısı vəfat etdikdən sonra İddiaçı 08 noyabr 2016-cı il təvəllüdlü bacısı qızı X6 qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir; 78-ci maddəsinə uyğun olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 79.1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76-78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur; 139.0.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, qəyyumluqda (himayədə) olan uşaqlar onlara düşən pensiya, müavinət, aliment və s. sosial ödənişləri almaq hüquqlara malikdirlər. Göründüyü kimi, valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment qəyyumuna (himayəçisinə) ödənilir. Yuxarıda qeyd olunan maddələrin məzmunundan aydın olur ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağın qəyyumu təyin olunduğundan uşağın atasından uşağın saxlanılması üçün aliment tələb etmək hüququ vardır. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması qanunla nəzərdə tutulmuş hallarda uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir; Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. MPP-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 30 manat (80 manat*12ay=960 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 08 noyabr 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən etibarən hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment, bundan başqa cavabdehdən dövlət büdcəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 08 noyabr 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən etibarən hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh dövlət büdcəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar